Prezident İlham Əliyev: "Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək"

Şəklin mənbəyi, President.az
Azərbaycan Prezidenti İlham Əliyev cərşənbə günü xalqa müraciətində deyib ki, sentyabrın 19-da günorta saatlarında Qarabağda başlamış “antiterror tədbirləri” nəticəsində Azərbaycan öz suverenliyini bərpa edib və "qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma" prosesi başlayıb.
O, say açıqlamasa da, əməliyyatlar zamanı Azərbaycan ordusunun itki verdiyini, yaralılar olduğunu deyib.
Daha ətraflı YouTube kanalımızdan baxın.
Sentyabrın 19-da səhər saatlarında dördü polis əməkdaşı, ikisi yol təsərrüfatı işçisi olmaqla mina partlayışında 6 nəfərin həlak olmasından sonra Azərbaycan Qarabağda, rus sülhməramlılarının məsuliyyət zonasında "antiterror əməliyyatı"na başladığını, bu gün günorta saatlarında separatçı qüvvələrin qarşı tərəfin silahı təhvil verməyə razılaşmasından sonra əməliyyatı dayandırdığını elan etmişdi.
Qarabağdakı əməliyyata görə, rəsmi Yerevan Bakını ittiham etsə də, Ermənisanın Azərbaycanla hərbi qarşıdurmaya getməyəcəyini bildirdi.
Bakı sentyabrın 21-də Yevlaxda Qarabağ ermənilərinin nümayəndələri ilə görüşəcəyini açıqlayıb.
Karnegi fondunun Qafqaz üzrə təhlilçisi Tomas de Vaal BBC-yə atəşkəsin şərtlərinin və qarşıdan gələn danışıqların Azərbaycanın şərtlərinə çox uyğun olduğunu və etnik ermənilərin müdafiəsiz qaldığını bildirib.
Qarabağda "antiterror əməliyyatları" başlayana qədər Qarabağ erməniləri ərzaq və digər zəruri vasitələrlə bağlı çatışmazlıqla üzləşdiklərini bildirirdilər.
Sentyabrın 18-də Beynəlxalq Qızıl Xaç Komitəsi uzun müddətdən sonra Xankəndiyə həm Laçın, həm də Ağdam yolu ilə eyni vaxtda humanitar yardım aparmışdı.
Azərbaycan bir aydan çox idi ki, Ermənistanın göndərdiyi humanitar yardımı Laçın sərhəd-buraxılış məntəqəsindən keçidinə icazə verməmiş, təxminən iyirmi gündür ki, Qarabağ erməniləri Azərbaycanın göndərdiyi 40 tonluq un yardımı aparan TIR-lara Xankəndiyə giriş icazəsi verməmişdi.
"Erməni əhali yaxşılığa doğru dönüşü görəcək"

Şəklin mənbəyi, RUSIYA MN
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
İlham Əliyev çıxışında deyib ki, Qarabağ erməniləri üçün müxtəlif sosial proqramlar icra etməyə hazırdılar.
O, işğaldan azad edilmiş bölgələrdə yenidənqurma işlərinə toxunub və deyib ki, eyni şəraiti Xankəndidə, Ağdərədə, Xocavənddə, Əsgəranda, kəndlərdə yaradacaqlar:
“Ona görə bizim təklifimiz budur və bu gün dönüş nöqtəsi idi. Xunta, qansoran zəlilər artıq tamamilə ifşa olundu və təslim oldu. Onlar ağ bayraq qaldırdılar!”
Ermənistana görə, Qarabağda 120 min, Azərbaycana görə, 50 min erməni yaşayır.
Qarabağda əməliyyat başlayandan sonra Xankəndidə yaşayan jurnalist Marut Vanyan BBC-yə deyib ki, çərşənbə axşamı bir çox ailə gecəni zirzəmilərdə keçirib: "Yatmamışam və yemək yeməmişəm. İndi sakitlikdir, amma qəribə hissdir. Hazırda qan axıdılmasını dayandırmağa və sonra nə edəcəyimizi anlamağa ehtiyacımız var".
Xalqa müraciətində İlham Əliyev bildirib ki, Qarabağda yaşayan erməni əhalisinin "tezliklə yaxşılığa doğru dönüşü görəcəyinə əmindir".
Qarabağ ermənilərinin Azərbaycan vətəndaşı olduğunu bir neçə dəfə dediyini xatırladan İlham Əliyev hesab edir ki, bu gün "Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans" yaradılıb. "O şansı əldən verməsinlər", -İlham Əliyev deyib.
"...biz buna hazırıq və Azərbaycan xalqı bilir, əminəm, erməni xalqı da bilir ki, mənim sözüm sözdür. Biz bunu təklif edirik və ümid edirəm ki, bizim təklifimiz qəbul ediləcək. Çünki bu, məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa və gələcək inkişafa əsaslanan və gələcək inkişafa hesablanan təklifdir", - Azərbaycan Prezidenti çıxışında vurğulayıb.
O qeyd edib ki, "erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri" Qarabağ ermənilərini "girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi".
"Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdur, onların beyinlərini zəhərləmişdir", o deyib.
Prezident qeyd edib ki, Ermənistan da Qarabağı Azərbaycan ərazisi kimi tanıyandan sonra “Qarabağda 30 il at oynadan kriminal rejimin hansı statusu ola bilər?! Hansı dövlət atributları ola bilər?! Hansı seçkilər ola bilər?!”
İlham Əliyev bildirib k, sentyabrın 9-da Qarabağda “saxta seçkilər” keçirilib, “prezident” seçilən şəxs də “dərhal bəyan etdi ki, onlar statusun dalınca qaçacaqlar”.
O, separatçı qurumu revanşizimdə ittiham edib və deyib ki, Azərbaycanın bütün addımları legitimdir, hüquqidir, ədalətlidir və bütün addımlara görə onar həm məsuliyyət daşıyırlar, həm də “qürur hissi keçirirlər”.
“Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin dağıdılmasında, qəbirlərin qazılmasında biz erməni xalqını günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik və biz onları məsuliyyətə cəlb edirik və edəcəyik”, - İlham Əliyev deyib.

Şəklin mənbəyi, ARTSAKH İctimai TV
“Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur”, - deyə Prezident İlham Əliyev əlavə edib.
Qarabağdakı separatçı qurum əməliyyatlar zamanı azı 32 adamın həlak olduğunu, arasında mülki şəxslərin də olduğu 200 adamın yaralandığını bildirib.
Qarabağda yaşayan sakinlər bildiriblər ki, əməliyyatlar zamanı mülki infrastruktura zərər dəyib.
Rusiya Müdafiə Nazirliyi iki min insanın Qarabağdan təxliyə etdiyini deyib.
Rəsmi Bakı əməliyyalar zamanı yalnız hərbi infrastukturun hədəfə alındığını deyib.

İlham Əliyev də çıxışında deyib ki, Qarabağda "antiterror tədbirlər" “yüksək peşəkarlıqla, dəqiqliklə elə aparılıb ki, mülki əhali zərbə altına düşməyib, mülki infrastruktura zərər vurulmayıb”.
O əlavə edib ki, bölgədə yeni vəziyyət yaranıb: “Çünki kriminal xunta rejimi təslim olandan sonra artıq bu gərginlik mənbəyi, bu zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər”.
“Ermənistan siyasi səriştə göstərib”
İlham Əliyev deyib ki, Ermənistan “bu dövr ərzində - dünən, bu gün - deyə bilərəm ki, gözlənilmədən siyasi səriştə göstərib və bunu qiymətləndirirlər.
“Bunu önəmli amil kimi görürük və hesab edirəm ki, dünən və bu gün baş vermiş hadisələr, eyni zamanda, Azərbaycanla Ermənistan arasında gedən sülh prosesinə də müsbət təsir göstərəcək”, o deyib.
O bildirib ki, antiterror tədbirlərinin nəticələri imkan verəcək ki, sülh danışıqları üçün Ermənistanın tərəfindən yaradılan maneə aradan qalxsın.
Əliyev Ermənistanın ərazi bütövlüyünü tanıdıqlarını xatırladıb.
“Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın”, - o deyib.







