İlham Əliyev və Nikol Paşinyan Əbu-Dabidə sülh razılaşması imzalaya bilərmi? 5 suala cavabda

Şəklin mənbəyi, Getty Images
- Müəllif, Könül Xəlilova
- Vəzifə, BBC News Azərbaycanca
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan iyulun 10-da Əbu-Dabidə görüşəcək. Bu görüş niyə önəmlidir və nələr gözlənilir?
1. Sülh razılaşması imzalana bilərmi?
Çox güman ki, bu görüşdə yox. Əbu-Dabi hər iki lider üçün neytral şəhərdir. Amma belə bir sülh razılaşması imzalanacaqsa, bu niyə Nobel Sülh mükafatına namizəd olmaq istəyən Donald Trump-ın iştirakı ilə olmasın?
Nə Əliyev, nə də Paşinyan hazırkı ABŞ Prezidentinin bu iştahına "yox" deməz və belə sülh olacaqsa, ona vasitəçiliyi, yəqin ki, Trump etmək istəyər. Azərbaycan və Rusiya arasında son gərginlikdən belə görünür ki, "sülh göyərçini" olmaq imkanı Rusiya Prezidenti Vladimir Putinin əlindən çıxıb. Azərbaycan və Ermənistan arasında 44 günlük müharibəni sonlandıran atəşkəs razılaşmasını cənab Əliyevə və cənab Paşinyana imzalatdırsa da, artıq hər iki ölkə rəhbərliyi onun çaldığı sazın musiqisinə rəqs etmək istəmirmiş kimi görünür.
Bu arada ABŞ Dövlət katibi Marko Rubio deyib ki, Azərbaycan və Ermənistan arasında tezliklə sülh razılaşmasının imzalanacağına ümid edir.
Amma hər halda belə bir razılaşmanın Əbu-Dabi görüşündə imzalanacağına ümidlər azdır.
2. Bəs o zaman?
O zaman Əliyev və Paşinyan sülh razılaşmasını imzalamağa bu görüşdə daha da yaxın ola bilərlər. Bu ilin martında sülh razılaşmasının layihəsi üzərində razılığa gəlinəndən bəri onlar ilk dəfə təkbətək görüşəcəklər.
Görüşdə sülh razılaşmasının yekun variantının əldə ediləcəyinə ümidlər böyükdür.

Şəklin mənbəyi, Getty Images
3. Hansı məsələlər razılaşdırılmamış qalır?
Azərbaycan istəyir ki, Ermənistan Konstitusiyasından Azərbaycana ərazi iddiaları qaldırılsın. Bunun üçün isə Ermənistanda referendum keçirilməlidir və Ermənistanın belə bir referendumu yaxın zamanda keçirəcəyi mümkün görünmür. Bu görüşdə aydın olacaq ki, Nikol Paşinyan hökuməti bu məsələni necə həll etməyi düşünür.
4. Zəngəzur koridoru necə olacaq?
Bu yaxınlarda belə iddialar səslənib ki, ABŞ şirkətlərindən biri bu koridora nəzarəti öz üzərinə götürə bilər. Bundan əvvəl isə belə nəzarətə Rusiya sahib olmaq istəyirdi. Ermənistan və İran Zəngəzur koridoruna Azərbaycanın nəzarət etməsinə qəti şəkildə qarşı çıxır. Belə halda və sülh razılaşmasını irəli aparmaq üçün rəsmi Bakı ABŞ şirkəti təklifinə pis baxmaya bilər.
5. Bəs sərhədlər?
Azərbaycan özünə aid dörd kəndin Ermənistanda qaldığını deyir. Bunlar Naxçıvan ərazisindəki Yuxarı Əskipara, Sofulu, Bərxudarlı və Kərki kəndləridir. Ermənistan isə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın onun ərazilərinə girdiyini və geri çəkilməli olduğunu deyir. Sülh razılaşması imzalanarsa, hər iki ölkə bir-birinin sərhədlərini və suverenliyi tanımaq öhdəliyini üzərinə götürəcəklər.





