Bakı məhkəməsi Ruben Vardanyana 20 il həbs cəzası verdi

Ruben Vardanyan

Şəklin mənbəyi, Azərtac

Oxuma vaxtı: 2 dəq

Fevralın 17-də Bakı Hərbi Məhkəməsində separatçı, özünü ləğv etmiş Dağlıq Qarabağ respublikasının keçmiş dövlət naziri, rusiyalı milyarder Ruben Vardanyana 20 il həbs cəzası verilib.

Vardanyan sülh və bəşəriyyətə qarşı cinayətlərdə, müharibə cinayətlərində, terrorçuluqda və digər ağır cinayətlərdə təqsirli bilinib.

O özünü bu ittihamlarda təqsirli bilmir.

Dövlət ittihamçısı Ruben Vardanyanın ömürlük həbs edilməsini istəmişdi.

Videonun alt yazısı, Ruben Vardanyanın məhkəmədə son sözü

57 yaşlı Ruben Vardanyan Ermənistan əsilli, Rusiyada "Troika Dialoq" adlı investisiya şirkətinin sahibi və "Skolkovo" biznes məktəbinin qurucusu idi.

Onun sərvəti bir milyard dollardan çox qiymətləndirilirdi.

2022-ci ilin payızında Vardanyan Rusiya vətəndaşlığından imtina etdi, Qarabağa köçdü və tanınmamış respublikanın dövlət naziri, yəni hökumət başçısı oldu.

2023-cü ilin sentyabrında Azərbaycan "bir günlük müharibə" nəticəsində Qarabağın bütün ərazisinə tam nəzarəti ələ aldı. 100 mindən çox erməni əhalisi evlərini tərk edərək Ermənistana köçdü.

27 sentyabr 2023-cü ildə Ruben Vardanyan Qarabağdan digər sakinlərlə birlikdə çıxmağa cəhd edərkən Laçın dəhlizində saxlanıldı.

Fevral ayında Bakı Hərbi Məhkəməsi separatçı Dağlıq Qarabağın hərbi və siyasi rəhbərliyindən yeddi nəfəri uzunmüddətli həbs cəzalarına məhkum edib – 20 ildən ömürlük həbsədək. Daha səkkiz təqsirləndiriləninə isə 15 ildən 19 ilədək həbs cəzası verilib.

Azərbaycan Prezidenti İlham Əliyev yaxınlarda bildirib ki, Bakı məhkum edilmiş Qarabağ separatçı liderlərini əfv etməyəcək.

O, Fransa 24 kanalına müsahibəsində onların əməllərini II Dünya Müharibəsi dövründəki nasist liderlərinin hərəkətləri ilə müqayisə edib.