Paris 2024 Olimpiya Oyunları: Azərbaycan 30-cu yerdə

Şəklin mənbəyi, Getty Images
Paris 2024 Yay Olimpiya Oyunları avqustun 11-də başa çatıb.
Azərbaycan bu oyunlarda 2 qızıl, 2 gümüş, 3 bürünc medal qazanaraq 30-cu yerdə qərarlaşıb.
Ölkəyə qızıl medalları cüdo yarışlarının iştirakçıları gətirib: Hidayət Heydərovla (73 kiloqram) Zelim Kotsoyev (100 kiloqram) qızıl medal qazanıblar.
Hər ikisi Olimpiya çempionu olduqdan sonra Prezident İlham Əliyevlə birinci vitse-prezident Mehriban Əliyeva onlara zəng edib, təbrik ediblər.
Videoya YouTube kanalımızda baxın.

Şəklin mənbəyi, Getty Images
İyulun 26-dan başlayan Paris Olimpiadasında birinciliyi ən çox qızıl medal qazanan ABŞ edib.
Oyunlarda 200-dən çox ölkədən atletlər 329 medal uğrunda mübarizə aparıblar. Onlar 32 idman növü üzrə yarışıblar.
Paris 2024-də Azərbaycanın qonşuları Türkiyə və Ermənistan qızıl medal qazana bilməyərək 64 və 66-cı yerlərdə qərarlaşıb, 7 medalından 3-ü qızıl olan Gürcüstan isə Oyunları 24-cü yerdə başa vurub.

Şəklin mənbəyi, Getty Images
Azərbaycan Paris-2024 Yay Olimpiya Oyunlarında idmanın 15 növü üzrə 48 idmançı ilə təmsil olunub.
Paris-2024 Yay Olimpiya Oyunları Fransa və Azərbaycan arasında münsibətlərin gərgin olduğu vaxtda baş verib.
Fransanın Azərbaycanı tənqidləri arasında Olimpiya oyunları ərəfəsində Parisi gözdən salmaq kampaniyasında iştirak etməsinə dair iddialar da var idi.
2023-cü ilin noyabrında Fransa Azərbaycanı dezinformasiya yaymaqda ittiham edib.
Fransa Azərbaycanı Yeni Kaledoniyada ara qarışdırmaqda da ittiham edib.
Ancaq Azərbaycan Prezidenti İlham Əliyev bu ilin iyulunda Şuşada keçirilmiş ikinci Media forumda Fransanın ittihamlarını təkzib edib.






