Trampın Qrenlandiya hədəsi: NATO və Aİ üçün ağrılı suallar

- Müəllif, Katya Adler
- Vəzifə, BBC
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Yanvarın əvvəlində Avropa liderlərindən ibarət, "Könüllülər Koalisiyası" adlandırılan qrup Parisdə ABŞ Prezidenti Donald Trampın nümayəndələri ilə görüşdü.
Məqsəd Ukrayna üçün davamlı sülh sazişi istiqamətində daha bir addım atmaq idi.
Ukrayna prezidenti Volodimir Zelenski müharibəni Rusiya ilə bitirmək planının "90 faizinin hazır olduğunu" bildirdiyi bir vaxtda, həmin otaqda olan heç kim amerikalıları prosesdən uzaqlaşdırmaq riskini almaq istəmirdi.
Amma Parisdəki o möhtəşəm və parlaq görüşdə nəhəng, Qrenlandiya formasında bir "fil" var idi: hamının görüb, amma açıq demədiyi problem.
Qrenlandiya dünyanın ən böyük adasıdır: Almaniyadan altı dəfə böyükdür. Arktikada yerləşir, lakin Danimarkanın muxtar ərazisidir.
Donald Tramp isə israrla bildirir ki, o bu adanı istəyir; ABŞ-ın milli təhlükəsizliyi üçün ona ehtiyac olduğunu deyir.
Danimarkanın Baş naziri Mette Frederiksen də Paris görüşündə iştirak edirdi. O, toplantıya qatılan bir çox lider üçün Aİ daxilində mühüm müttəfiqdir; eyni zamanda Böyük Britaniya üçün əsas NATO müttəfiqidir.
Bu ölkələrin heç biri Donald Trampı qıcıqlandırmaq istəmir.
Lakin Vaşinqtonda və Kopenhagendə siyasi gərginliyin artdığı bir vaxtda, Böyük Britaniya, Fransa və Almaniya da daxil olmaqla altı böyük Avropa dövləti Ukrayna ilə bağlı danışıqlar çərçivəsində birgə bəyanat yaydı.
Bəyanatda bildirildi ki, Arktikadakı təhlükəsizlik NATO müttəfiqləri, o cümlədən ABŞ ilə birlikdə, kollektiv şəkildə təmin olunmalıdır və Danimarka və Qrenlandiya ilə bağlı məsələlərə yalnız Danimarka və Qrenlandiyanın özü qərar verməlidir.
Amma bu, Trampın ambisiyalarını cilovlamaq üçün həqiqətən kifayət idimi?

Şəklin mənbəyi, Getty Images
Cavab bir neçə saat ərzində gəldi: Xeyr.
Ağ Ev Qrenlandiyanın əldə olunması ilə bağlı özünün "bir sıra variantları müzakirə etdiyini" bildirən bəyanatını yaydı: bu variantların hamısı birtərəflidir və adanın satın alınması da onlara daxildir.
Avropa liderləri üçün xüsusilə narahatedici olan məqam isə Ağ Evin mətbuat katibi Karolin Levitt tərəfindən səsləndirilən açıqlama idi.
Bəyanatda deyilir ki, "ABŞ ordusundan istifadə etmək baş komandanın ixtiyarında olan variantlardan biridir".
Bu, Trampın Qrenlandiyanı ələ keçirmək niyyətini ilk dəfə dilə gətirməsi deyil. Lakin xüsusən də onun prezidentliyinin ilk dövründə Avropada bir çoxları - qapalı qapılar arxasında - bu ideyanı lağa qoyurdu.
Amma Tramp administrasiyasının həftəsonu Venesuelaya etdiyi mübahisəli hərbi müdaxilədən sonra artıq heç kim gülmür.
Avropa tapdalanmaq riski ilə üz-üzədir
Danimarkanın Baş naziri Prezident Trampın Qrenlandiya ilə bağlı niyyətlərinin ciddi qəbul edilməli olduğunu bildirdi və Ukrayna üzrə görüşdən çıxan liderlər həqiqətən də dərin narahatlıq içində idilər.
Buradakı ironiyanı nəzərə alın. NATO və Aİ daxil olmaqla, bir çox Avropa ölkələrinin və digər liderlərinin əsas məqsədi Tramp administrasiyasını Avropa ölkəsi olan Ukraynanın gələcək suverenliyinin, kənar bir gücün - Rusiyanın - aqressiv ərazi iddialarına qarşı qorunmasına cəlb etməkdir.
Bu isə ABŞ-ın az əvvəl Venesuelaya hərbi müdaxilə edərək suveren bir ölkənin prezidentini həbsə alması və eyni zamanda başqa bir Avropa ölkəsinin - Danimarkanın suverenliyini açıq şəkildə təhdid etməsi fonunda baş verir.

Şəklin mənbəyi, XNY/Star Max/GC Images
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Məsələni daha da kəskinləşdirən məqam isə budur ki, Danimarka və ABŞ hər ikisi transatlantik alyans olan NATO-nun üzvüdür.
Kopenhagenin mövqeyinə görə, bu iki ölkə son dərəcə yaxın müttəfiqlərdir. Ya da idi.
Danimarka bildirir ki, əgər Tramp administrasiyası Qrenlandiyanı birtərəfli qaydada ələ keçirməyə cəhd etsə, bu, Avropanın İkinci Dünya müharibəsinin sonundan bəri təhlükəsizliyini təmin etdiyi transatlantik müdafiə alyansının sonu olacaq.
Bəziləri qeyd edə bilər ki, Tramp heç vaxt NATO-nun böyük tərəfdarı olmayıb. Yumşaq desək.
Kopenhagen Tramp administrasiyası ilə Qrenlandiya məsələsində dialoq qurmağa çalışıb.
İkitərəfli sazişə əsasən, ABŞ-ın Qrenlandiyada artıq hərbi bazası var - bu baza Soyuq müharibənin əvvəlində yaradılıb.
Soyuq müharibənin ən gərgin dövründə burada təxminən 10 min amerikalı hərbçi xidmət edirdi, indi isə onların sayı təxminən 200 nəfərə endirilib.
ABŞ uzun müddət Arktika təhlükəsizliyinə lazımi diqqət yetirməməkdə ittiham olunurdu — ta indiyədək.
Öz növbəsində, Danimarka bu yaxınlarda Qrenlandiyanın müdafiəsi üçün gəmilər, dronlar və təyyarələr də daxil olmaqla, 4 milyard dollar investisiya ayıracağını bəyan edib.
Lakin Tramp administrasiyası danimarkalılarla danışmağa heç bir maraq göstərməyib.
Bazar günü Prezident Tramp Qrenlandiya barədə israrla dedi:
"Qrenlandiya hazırda o qədər strateji əhəmiyyət daşıyır ki, hər tərəfi rus və Çin gəmiləri ilə doludur. Bizə Qrenlandiya milli təhlükəsizlik baxımından lazımdır və Danimarka bunu təmin edə bilməyəcək".
Danimarka bu son iddianı qəti şəkildə təkzib edir.
Adının açıqlanmaması şərti ilə mənə danışan bir Aİ rəsmisi dedi:
"Bu vəziyyət bir daha göstərdi ki, Trampa qarşı Avropanın fundamental zəifliyi var".
Trampın həftəsonu Qrenlandiya ilə bağlı açıqlamalarından sonra Danimarkanın Skandinaviya qonşuları dərhal sözlə onun müdafiəsinə qalxsalar da, Avropanın "böyük üçlüyü" - London, Paris və Berlin - əvvəlcə dərin sükut nümayiş etdirdi.
Nəhayət, Böyük Britaniyanın Baş naziri ser Keyr Starmer bazar ertəsi bildirdi ki, adanın gələcəyinə yalnız Danimarka və Qrenlandiya qərar verə bilər. Almaniya kansleri Fridrix Merts də keçmişdə oxşar mövqe səsləndirib.
Emmanuel Makron dekabr ayında Kopenhagenə dəstək jesti olaraq Qrenlandiyaya səfər etmişdi. Bu gün isə birgə bəyanat yayımlandı.
Lakin kommunikedə ABŞ-a ünvanlanan birbaşa tənqid nəzərəçarpacaq dərəcədə yox idi.

Şəklin mənbəyi, NurPhoto via Getty Images
Avropa Xarici Əlaqələr Şurasının (ECFR) nümayəndəsi Kamil Qrand mənə bildirdi ki, "Əgər Aİ-yə üzv olan 27 ölkənin hamısı və NATO müttəfiqi Böyük Britaniya Danimarkanın suverenliyini dəstəkləyən vahid bir bəyanatla çıxış etsəydi, bu, Vaşinqtona çox güclü bir mesaj olardı".
Qrand 2016–2022-ci illərdə NATO-da müdafiə investisiyaları üzrə baş katibin müavini vəzifəsində çalışıb.
Lakin Danimarkanın Avropadakı müttəfiqlərindən yalnız altısı bu bəyanatı birlikdə imzaladı.
Və məsələnin mahiyyəti də məhz bundadır. Trampın açıq və sərt üslubu - bəzilərinin "zorakı taktika" adlandırdığı davranışları - Avropa liderlərini son dərəcə ehtiyatlı və narahat vəziyyətə salıb.
Onlar, adətən, Trampı açıq şəkildə qarşılarına almaqdansa, ikitərəfli münasibətləri qorumaq naminə ABŞ Prezidentini "idarə etməyə" çalışıblar; çünki onunla üz-üzə gəlmək və bunun mümkün nəticələri ilə qarşılaşmaq riskindən çəkinirlər.
Hazırda yaşadığımız "Böyük Güclər Siyasəti" dövründə - ABŞ və Çin, eləcə də Rusiya və Hindistan kimi ölkələrin dominant olduğu bir dünyada - Avropa ən yaxşı halda kənarda dayanmış kimi görünür və tapdalanmaq riski ilə üz-üzədir.
Aİ Trampa necə güzəştə getdi
Aİ siyasətini işıqlandırdığım bütün illər ərzində bu blok qlobal səhnədə daha fəal rol oynamaq niyyətini dəfələrlə bəyan edib. Lakin söhbət Trampdan gedəndə, Aİ açıq şəkildə zəif görünür.
Ötən ilin sonunda Aİ, Aİ ərazisində dondurulmuş Rusiya dövlət aktivləri hesabına Ukraynaya maliyyə dəstəyi vermək vədini yerinə yetirə bilmədi.
Pullar başqa yollarla tapıldı, lakin tənqidçilərin fikrincə, blok həm Moskvaya, həm də Aİ-ni dəfələrlə zəif adlandıran Tramp administrasiyasına güclü bir mesaj vermək fürsətini açıq şəkildə əldən verdi.
Və Aİ-nin beynəlxalq səviyyədə uzun illərdir özünü güclü göstərdiyi yeganə sahədə - ticarət sahəsində belə o, bir daha Trampa güzəştə getməyi seçdi.
Keçən il Tramp Aİ mallarına 15 faiz gömrük rüsumu tətbiq edəndə, mənbələrin bildirdiyinə görə, Aİ qürurunu udaraq cavab tədbirləri görməyəcəyinə söz verdi.
Səbəb isə Avropanın təhlükəsizlik və müdafiə baxımından güvəndiyi ABŞ dəstəyini itirmək qorxusu idi.

Şəklin mənbəyi, EPA Shutterstock
İndi isə söhbət Qrenlandiya və Danimarkadan gedir - burada Aİ ölkələri Tramp administrasiyasına münasibətdə dərindən parçalanıblar və buna görə də Kopenhageni müdafiə etmək üçün nə dərəcədə riskə gedəcəkləri məsələsində də fikir ayrılığı yaşayırlar.
Nəticə etibarilə, Trampın yenidən prezident seçilməsinədək ABŞ-ın NATO-dakı səfiri olmuş Culian Smit mənə bildirdi ki, bu vəziyyət həm "Aİ-ni parçalamaq riski daşıyır", həm də NATO üçün ekzistensial dilemma yaradır.
"Avropa Prezident Trampı və onun komandasını Qrenlandiyanı "əldə etmək" barədə danışanda ciddi qəbul etməlidir," - deyə Culian Smit vurğuladı.
"Bu, sadəcə təmkinə çağırmaqdan daha artığını tələb edir. Avropanın aparıcı gücləri fövqəladə ssenarilər üzrə planlaşdırmaya başlamaq istəyə bilərlər; ABŞ-ın yüksək vəzifəli rəsmilərinin iştirak edəcəyi qarşıdakı Münhen Təhlükəsizlik Konfransı və Davos kimi beynəlxalq toplantılardan ən səmərəli şəkildə necə istifadə edə biləcəklərini düşünməlidirlər; həmçinin yeni müdafiə paktları kimi cəsarətli və innovativ ideyaları nəzərdən keçirməlidirlər".
NATO müqavilələri bir müttəfiqə edilən hücumun xarici ölkə tərəfindən, yoxsa başqa bir NATO üzvü tərəfindən həyata keçirilməsi arasında fərq qoymur.
Lakin alyans daxilində belə bir anlayış var ki, NATO-nun "hamı bir nəfər üçün, bir nəfər hamı üçün" prinsipi kimi tanınan 5-ci maddəsi bir NATO ölkəsinin digər NATO ölkəsinə hücumu halında tətbiq edilmir.
Məsələn, NATO üzvləri olan Türkiyə və Yunanıstan arasında Kipr məsələsi üzərindən yaşanan gərginliyi götürək.
Ən ağır zorakılıq 1974-cü ildə Türkiyənin adaya müdaxiləsi zamanı baş vermişdi.
NATO bu prosesə müdaxilə etmədi, lakin alyansın ən güclü üzvü olan ABŞ vasitəçilik edərək vəziyyətin idarə olunmasına kömək etdi.

Şəklin mənbəyi, Reuters
Coğrafiyaya qayıdaraq desək, Danimarka NATO-nun daha kiçik müttəfiqlərindən biridir- baxmayaraq ki, çox fəal üzvdür. ABŞ isə NATO-nun ən böyük və ən güclü üzvüdür. Açıq fərqlə.
Hazırda Avropada dərin kök salmış narahatlıq açıq-aydın hiss olunur.
Avropanın aparıcı dövlətləri NATO-nu Arktika təhlükəsizliyinin müzakirə olunduğu əsas platforma kimi vurğulayan və adaların gələcəyinə yalnız Danimarka ilə Qrenlandiyanın qərar verə biləcəyini israrla bildirən birgə bəyanat yaymış ola bilərlər.
Lakin Böyük Britaniya, Fransa, Almaniya və digərləri bu suverenliyə zəmanət vermək üçün real olaraq nə qədər irəli gedərdilər?
"Qrenlandiyanın gələcəyinə görə heç kim ABŞ-la hərbi qarşıdurmaya girməyəcək," - deyə Ağ Evin özünəinamlı tonda danışan aparat rəhbərinin müavini Stiven Miller CNN-ə verdiyi müsahibədə bildirib.
ECFR-dən Kamiy Qrand mənə dedi ki, Qrenlandiya ətrafında yaranan gərginlik — onun sözlərinə görə, bir daha - "avropalıların təhlükəsizlik baxımından ABŞ-dan asılılığını azaltmalı və vahid səslə danışmalı olduqlarını" göstərir.
Keçən yay Tramp İspaniya istisna olmaqla bütün NATO müttəfiqlərini öz müdafiə xərclərini kəskin şəkildə artırmaq öhdəliyi götürməyə razı salmışdı.
Lakin Avropa hələ də bir çox sahədə, o cümlədən kəşfiyyat məlumatlarının toplanması, komandanlıq və idarəetmə, eləcə də hava imkanları baxımından ABŞ-dan ciddi şəkildə asılıdır. Vaşinqton da bunun fərqindədir.
NATO daxilindəki mənbələr bildirirlər ki, hazırda, hətta qapalı iclaslarda belə, alyansın Avropa üzvləri Vaşinqtonun Qrenlandiyaya hərbi yolla müdaxilə edə biləcəyi ssenarini təsəvvür etməyə belə çətinliklə cəsarət edirlər.
Amma bəlkə də buna məcbur qalacaqlar.







