Britaniyada Leyboristlər Partiyası böyük fərqlə qələbə qazandı

Şəklin mənbəyi, PA Media
Britaniyada keçirilmiş erkən parlament seçkilərində, Leyboristlər Partiyası böyük fərqlə qələbə qazanıb.
Səslər hələ hesablansa da, ilkin nəticələrə görə, partiyanın lideri Keir Starmer ölkənin yeni baş naziri olacaq.
Bu, Böyük Britaniyada mühafizəkarların 14 illik hakimiyyətinin başa çatması deməkdir.
Mühafizəkarlar Partiyasının lideri Rişi Sunak xələfini təbrik edib.
Ötən axşam seçicilərinə müraciət edən Starmer deyib ki, "dəyişiklik indi başlayır".
Leyboristlər 650 yerlik İcmalar Palatasında 400-dən çox yeri qazanıb, Mühafizəkarlar isə cəmi 108 yerlə kifayətlənib.
Liberal-Demokratlar da böyük nailiyyət qazanıb, lakin SNP yer itirib.
Yeni İcmalar Palatasında həmçinin rekord sayda qadın deputat olacaq.
Ekzitpol nəticələrinə görə Leyboristlərin parlamentdə 410 yer qazanacağı gözlənilir, Mühafizəkarlar Partiyasının isə 131 deputat yeri əldə edəcəyi gözlənilir.
İyulun 4-də Böyük Britaniyada milyonlarla seçici erkən parlament seçkilərində iştirak edib.
Bakı vaxtilə saat 10:00-da başlayan səsvermə prosesi Bakı vaxtilə saat 19:00-da başa çatıb.

Şəklin mənbəyi, Getty Images
Böyük Britaniyanın Baş naziri və 2010-cu ildən hakimiyyətdə olan Mühafizəkarlar Partiyasının lideri Rişi Sunak mayın 22-də növbədənkənar seçkilərin keçirilməsinə qərar verib.
Britaniya qanunvericiliyinə görə, ən çox yerə sahib olan partiyanın lideri Baş nazir seçilir və kral tərəfindən ona hökuməti formalaşdırmaq tapşırılır. İkinci yeri tutan partiyanın lideri ana müxalifət lideri olur.
Əgər heç bir partiya İcmalar Palatasında səs çoxluğu qazanmazsa, ən çox səs toplayan partiya koalisiya hökuməti və ya azlıq hökuməti yarada bilər.
Namizədlərin əksəriyyəti siyasi partiyanı təmsil etsə də, bəziləri müstəqil namizəd kimi iştirak edir.
Britaniyada sonuncu ümumi seçki 2019-cu il dekabrın 12-də keçirilib.
O vaxt Boris Johnson-un rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası seçkilərdə qalib gəlib və partiya 43,6 faiz səs alaraq 365 mandat qazanıb.
Baş nazirliyə namizədlər kimlərdir?

Şəklin mənbəyi, PA and Reuters
Mühafizəkarlar Partiyasının 44 yaşlı lideri Rishi Sunak Böyük Britaniyada Hindistan əsilli ilk Baş nazir oldu.
Sunak əvvəllər Boris Johnson-un yaratdığı hökumətdə maliyyə naziri vəzifəsində çalışıb, Johnson-la fikir ayrılıqlarından sonra istefa verib və 2022-ci ilin oktyabrında lider və baş nazir seçilib.
Leyboristlər Partiyasının 61 yaşlı lideri Keir Starmer2019-cu ildə partiyasının seçkilərdəki məğlubiyyətindən sonra 2020-ci ilin aprelində lider seçilib. Starmer əvvəllər Tac Prokurorluğu Xidmətinin sədri vəzifəsində çalışıb.









