Azərbaycana velosipeddə gələn britaniyalı səyyah - Luke-ün məqsədi nədir?

    • Müəllif, İlkin Həsənov & Səadət Akifqızı
    • Vəzifə, BBC News Azərbaycanca, Bakı

Video açılmırsa YouTube-dan izləyin.

29 yaşlı Luke Grenfell-Shaw üç ilə əvvəl xərçəng xəstəliyinə tutulub və o vaxtdan velosipedlə dünya səhayətinə çıxmağı qarşısına məqsəd qoyub. İndi səyahətinin Azərbaycandan keçən hissəsində - Bakıda dayanıb. O iki nəfərlik velisopedlə səyahət edir ki, yolda insanlar da ona qoşulsun və çox adam bu xeyirxah işdə iştirak etsin.

Luke deyir ki, ona xərçəng diaqnozu qoyulduqdan sonra növbəti ilə çıxa bilməyəcəyini düşünüb, amma anlayıb ki, velosipedlə səyahət etmək arzusunu reallaşdıra bilər. Bunun üçün də xərçəng xəstələrinə yardım üçün xeyriyyə səfərinə çıxıb. Məqsədi 300 min funt sterlinq və ya yarım milyon ABŞ dolları toplamaq və bu məbləğin xərçəngdən əziyyət çəkənlər üçün xərclənməsidir.

O deyir ki, xəstəliyindən sonra qərara gəlib ki, arzularını reallaşdırmq üçün elə indidən başlasın. İnanır ki, xərçənglə yaşamaq olar və bu xəstəlik arzuların reallaşdırılmasına mane ola bilməz. Luke Bristol to Beijing kampaniyası ilə xəstəliyə qalib gəlmək və başqalarına kömək etmək istəyir.

"Mən indi gələcəkdə yaşamıram. Məncə, indi etdiyin şeyi sevmək vacibdir. Ona görə ki, biz çox tez-tez deyirik ki, mənim həyatım gələcəkdə yaxşı olacaq, mən gələcəkdə xoşbəxt olacağam, işim gələcəkdə yaxşı olacaq. O gələcək mövcud deyil, siz indi olduğunuz andasınız. Mən çalışıram ki, məni indi xoşbəxt və razı salan işlər görüm", - Luke Grenfell-Shaw deyib.

Luke deyir ki, o, hazırda podkastlar hazırlamağı, yazmağı, səyahəti haqqında hekayələrini danışmağı sevir. O hesab edir ki, gələcəkdə də elə bu işləri görməyə davam edəcək.

O, Azərbaycanda ilk dəfədir ki, olur və Azərbaycanın böyük hissəsindən keçdiyinə görə özünü bəxtəvər hesab edir.

Luke Qazax, Gəncə, Şəki, Qəbələ, İsmayıllı, Şamaxı, Quba və Qobustandan keçib Bakıya gəlib.

"Mənimlə həmişə qalacaq şeylərdən biri inanılmaz xoş qarşılanmaq olacaq. Biz Qazax şəhərini tərk edəndə hər kəsə əl edirdik və insanlar bizə salam, salam deyirdilər və bizi çaya dəvət edirdilər. Həqiqətən inanılmaz açıq dəvəti hiss etdim, təcrübə etdim və hesab edirəm ki, bu Azərbaycan mədəniyyətinin xüsusi hissəsidir", - Luke Grenfell-Shaw bildirib.

O, səyahəti müddətində 16 ölkədə olub və pandemiyanın səfərini daha da çətinləşdirdiyini deyir. Səyyah deyir ki, Rusiya və Macarıstanda sərhədlər bağlı olub və o, keçə bilməyib, bunula yanaşı, yüz dəfələrlə marşrutunu dəyişməyə məcbur qalıb. Rumuniyadan keçərkən koronovirusa da yoluxub və günlərlə özünü təcrid şəraitində də qalıb.

Luke deyir ki, əslində bütün sərhədlər onun kimi keçənlər üçün bağlıdır, amma o, dövlətlərdən xüsusi icazə alaraq sərhədləri keçə bilir.

Onun cavab gözlədiyi Qazağıstan və Özbəkistan da ona icazə verdikdən sonra Bakıdan səfərinə davam edəcək.

Luke Grenfell-Shaw
Şəklin alt yazısı, Azərbaycana velosipeddə gələn britaniyalı səyyah Luke Grenfell-Shaw