Türkiyə: Keçmiş ingilis hərbçisi "yıxılaraq ölüb"

Şəklin mənbəyi, James Le Mesurier/Twitter
Suriyanın "Ağ Dəbilqələr" kimi tanınan könüllülər qrupunun qurulmasına yardım etmiş keçmiş ingilis hərbçisi hündürlükdən yıxılaraq həyatını itirib, Türkiyə məhkəmə tibb ekspertləri belə nəticəyə gəlib.
James Le Mesurier 2019-cu ilin noyabrın 11-də İstanbulun Beyoğlu bölgəsindəki mənzilinin pəncərəsinın altında, küçədə ölü tapılıb.
Ölüm sonrası müayinənin ardınca bildirilib ki, ölümün səbəbi "hündürlükdən düşmə ilə əlaqəli ümumi bədən travmasıdır", bazar ertəsi dövlət televiziyası TRT-də deyilib.
"Başqa şəxsə aid heç bir DNT nümunəsi tapılmayıb", televiziya bildirib.
Özəl NTV xəbər kanalı bildirib ki, toksikoloji hesabat 48 yaşlı Le Mesurier-nin yuxu həbi qəbul etdiyini göstərib.

Şəklin mənbəyi, Getty Images
Ötən həftə Anadolu dövlət xəbər agentliyi yazıb ki, həyat yoldaşı Emma Winberg polisə Le Mesurier-nin ölümündən bir neçə gün əvvəl intihar barədə düşündüyünü və "stres pozğunluğu" üçün dərman qəbul etməyə başladığını deyib.
"O, Le Mesurier-nin öldüyü gün gecə saatlarında yuxu həbi aldığını söyləyib", agentlik polisə istinadən yazıb.
Cənab Le Mesurier əsasən Suriyanın "Ağ Dəbilqələr" kimi tanınan könüllülər qrupunun banisi hesab olunurdu.

Şəklin mənbəyi, Reuters
Mülki müdafiə qrupu olaraq da tanınan təşkilat Suriyanın Prezidenti Bəşər Əsədə müxalif qüvvələrin nəzarətində olan bölgələrdə hücumlar içində qalan mülkiləri xilas etməyə kömək edir.
Qrup 2016-cı ildə Nobel Sülh Mükafatına namizəd olub.
Lakin Suriya hökuməti və müttəfiqləri Rusiya və İran "Ağ dəbilqələri" terrorçu qruplara kömək etməkdə günahlandırılar. Təşkilat isə bu ittihamları rədd edir.
Ölümündən bir həftə əvvəl Rusiya Xarici İşlər Nazirliyi Le Mesurier-ni İngiltərənin Gizli Kəşfiyyat Xidmətinin keçmiş agenti olmaqda günahlandırıb.
İngiltərənin BMT-dəki səfiri iddianı "qəti şəkildə" təkzib edib.







