Nikol Paşinyan Zemfira və Ledi Qaqanı dinləyərkən niyə kədərlənir? - BBC onun yeni imicini araşdırıb

Şəklin mənbəyi, t.me/Nikol_Pashinyan_PM
- Müəllif, Qriqor Atanesyan
- Vəzifə, BBC
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Orta yaşlı, saçı tökülmüş bir kişi oturub erməni şansonunu və xalq mahnılarını, Adele-i, Jonh Lennon-u, fransız və rus repini, DDT qrupunu, barokko musiqisini, Vısotskinin roman mahnılarını və Zemfiranı (Rusiyada xarici agent kimi tanınıb) dinləyir.
Bu videolarda o, günəş şüalarında gözlərini qıyır, qalstuk bağlayır, sarı gülü pencəyinin döş cibinə qoyur və ya kompüterdə yazır. Amma ən çox qarşıya baxır - gah təbəssümlə, gah fikrə dalmış, gah da kədərə qərq olmuş halda.
Bu kişi Ermənistanın Baş naziri Nikol Paşinyandır.
2026-cı ilin iyununda ölkədə parlament seçkiləri keçiriləcək və seçki kampaniyası ərəfəsində siyasətçi öz ictimai obrazını dəyişməyə başlayıb.
İndi opponentlərinə qarşı sərt çıxışlara əlavə olaraq, musiqi dinlədiyi səssiz videolar da yayımlanır.
"Pis zamanlar bitir. Artıq kədərlənməyi və qorxmağı dayandırmaq, irəliyə baxmaq və həyata sevinmək olar", - politoloq, vaxtilə Paşinyanın hakim blokundan deputat olmuş Mikael Zolyan Ermənistan liderinin yeni üslubunu belə şərh edir.
Amerikan üslublu PR strategiyası, yoxsa sadəcə ilham?

Şəklin mənbəyi, t.me/Nikol_Pashinyan_PM
Musiqili videolar Paşinyanın izləyicilərinə "sabahınız xeyir" demək və onlara sevgisini ifadə etmək üsuludur. Ən azı, o, bunu belə izah edir - videoların altındakı yazılarda və əlləri ilə "ürək" işarəsi göstərərək.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Post-sovet gəncliyi arasında sensasiyaya çevrilən video isə onun Zemfiranın 'PMML' mahnısına qulaq asarkən kədərləndiyini əks etdirən kadrıar oldu.
Bu video oktyabrda yayımlandı və o vaxtdan bəri İnstaqramda 16 milyondan çox baxış toplayıb.
Minlərlə istifadəçi TikTok-da öz parodiyalarını paylaşdı, bizneslər isə bu memi reklam üçün istifadə etdi.
Əgər Paşinyanın adi videoları orta hesabla 100 min baxış yığırsa, musiqili videoların izlənmə sayı milyonlarladır.
Paşinyanın İnstaqram səhifəsinə Ermənistanla əlaqəsi olmayan insanlar da abunə olublar.
Qazaxıstanlı müğənni Aua Rai-nin mahnısı altında çəkilmiş, Astanaya səfəri zamanı hazırlanan video yerli mediada demək olar ki, səfərin gündəmindən daha çox işıqlandırıldı.
Rusiyaya səfərləri də Paşinyanın son dərəcə eklektik musiqi zövqünü nümayiş etdirmək üçün fürsət oldu.
Məsələn, Moskvadan o, izləyicilərini Lubyankadakı FSB binasının görüntüsü və "Laskovıy May" qrupunun "Belıye Rozi" mahnısı ilə salamladı.
Bir neçə gün əvvəl isə o, Sankt-Peterburqa uçduqdan sonra Uma2rman qrupunun "Dojdiss" mahnısını dinləyirdi.
Amma bu videoların ideyası kimə məxsusdur və musiqini kim seçir?
Noyabrda rusiyalı marketoloq Yeqor Bolkonski bir peşəkar konfransda amerikalı PR mütəxəssisinin məruzəsinə toxunub.
İddialara görə, Paşinyanın bu qeyri-adi videolarının arxasında dünyanın ən böyük PR agentliklərindən biri olan Nyu-York şirkəti Edelman dayanır.
Bu hekayə Ermənistan mediasında sürətlə yayıldı və bir çoxları Edelman-ın Baş nazirə məsləhət veridyinə əmindir.
Lakin Edelman bu versiyanı qəti şəkildə rədd edir.
Şirkət Ermənistanın Baş naziri ilə işləmir və onun sosial şəbəkələri ilə əlaqəsi yoxdur, - BBC-nin sorğusuna cavab olaraq nümayəndə bildirib.

Şəklin mənbəyi, t.me/Nikol_Pashinyan_PM
"Mən bilmirəm, bu şirkət Ermənistan hökuməti ilə işləyirmi. Mən yalnız spikerin sözlərinə və ekranda görünən bəzi slaydlara əsaslanıram", - Yeqor Bolkonski BBC-nin sualına cavab verib.
Amerikalı şirkətin iştirakına dair versiyanı Ermənistanın Baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan da təkzib edib.
Onun sözlərinə görə, musiqi ilə video çəkmək ideyası Paşinyanın özünə məxsusdur və musiqini də şəxsən o seçir.
"Baş nazirin sosial şəbəkələrdə strategiyasının hazırlanmasında heç bir PR şirkəti və məsləhətçi iştirak etmir. Bütün müvafiq işlər Baş nazirin ofisinin media komandası tərəfindən həyata keçirilir", - Bağdasaryan əlavə edib.
İnqilabçından dövlət adamına
2018-ci ildə hakimiyyətə gələn Paşinyan Ermənistan sakinlərinin və diasporadakı soydaşlarının düşüncələrini ələ aldı, ölkənin son yüz ildə ən populyar liderinə çevrildi.
Lakin iki il sonra Ermənistan İkinci Qarabağ müharibəsində məğlub oldu, 2023-cü ilin sentyabrında isə Azərbaycan bütün regionu öz nəzarətinə qaytardıqdan sonra, demək olar ki, bütün Qarabağ erməniləri qaçdı.

Şəklin mənbəyi, AFP via Getty Images
Yerevanda və ölkədə bir çoxlarına elə gəlirdi ki, Ermənistan çıxılmaz vəziyyətə düşüb və bundan sonra yalnız daha pis olacaq.
Amma bu yay diplomatik irəliləyiş baş verdi: Azərbaycanla gərginlik azaldı və sülh müqaviləsinin mətni təsdiqləndi.
Bir neçə illik nəticəsiz cəhdlərdən və partiyasının yerli seçkilərdə məğlubiyyətlərindən sonra Paşinyanın elan etdiyi "sülh gündəliyi" bəhrə verməyə başladı.
İndi onun vəzifəsi seçiciləri optimizmə yoluxdurmaqdır. Sosial şəbəkələr bunun üçün əsas platformadır və bu sahədə onun unikal təcrübəsi var.
2018-ci ildə onu hakimiyyətə gətirən etirazlar Facebook vasitəsilə təşkil olunurdu. Paşinyanın çıxışlarının onlayn yayımını yüz minlərlə insan izləyirdi.
Hətta televiziya aparıcılarının və məmurların rəsmi ədəbi dilindən fərqli olaraq, onun danışıq dilindən istifadə etməsi tamaşaçıları cəlb edirdi.
Hakimiyyət dəyişikliyindən dərhal sonra bir çoxları zarafat edirdi ki, Ermənistan indi Facebook vasitəsilə idarə olunur, - deyə Yerevandakı Regional Demokratiya və Təhlükəsizlik Mərkəzinin direktoru Tiqran Qriqoryan xatırlayır.
"Bu, heyrətamiz bir tendensiya idi: məmurlar, o cümlədən Baş nazir, iş kabinetlərindən canlı yayımlar edirdilər. Baş nazir öz iqamətgahını göstərirdi', - Qriqoryan deyir.
Amma İkinci Qarabağ müharibəsindən sonra hakimiyyət daha qapalı oldu: zaman sosial şəbəkələrdə viral kontent üçün əlverişli deyildi.
"Müharibədən sonra [Paşinyan] özünü daha təmkinli aparmağa çalışırdı. Onun həyat yoldaşı sosial şəbəkələri daha sərbəst üslubda idarə etməyə davam edirdi və buna görə çoxları onu tənqid edirdi. Guya o, hansı dövrdə yaşadığımızı, müharibə olduğunu, çoxlu qurbanlar verildiyini nəzərə almırdı. Düşünürəm ki, buna görə Paşinyan daha təmkinli olmağa çalışırdı", - Mikael Zolyan deyir.
Amma Paşinyan üçün matəm dövrü bitdi və seçki kampaniyası başladı. Hakim partiya media resurslarını və sosial şəbəkələri siyasi mübarizə üçün ustalıqla istifadə edir, - Tiqran Qriqoryan bildirir.
Onun sözlərinə görə, Paşinyanın ətrafında "bütün bir siyasi bloqer infrastrukturu" formalaşıb ki, bu da ona informasiya məkanında gündəmi diktə etmək imkanı verir.

Şəklin mənbəyi, AFP via Getty Images
"Hakim partiyanın bütün əsas üzvləri sosial şəbəkələrdə, xüsusilə gənclərin istifadə etdiyi platformalarda çox aktivdirlər", - Qriqoryan İnstaqram və TikTok-u nəzərdə tutaraq deyir.
Politoloq qeyd edir ki, sorğulara görə, Paşinyanı və onun hökumətini ən az dəstəkləyən məhz gənclərdir və indi hakimiyyət onlarla daha fəal işləməyə çalışır.
Bəs musiqili videolar Ermənistan Baş nazirinin reytinqini artırmağa kömək edibmi?
Qriqoryan bildirir ki, hələlik Paşinyanın videoları daha çox postsovet məkanındakı gənclərdə entuziazma səbəb olur.
Ermənistanda isə ona münasibəti dəyişmək daha çətindir, - deyə Mikael Zolyan da razılaşır, çünki Paşinyanın hakimiyyətdə olduğu yeddi il ərzində əksəriyyət artıq ona münasibətini müəyyənləşdirib.
"İnsanlar üç böyük qrupa bölünüb. Bir qrup onu dəstəkləyir - kimisi tam, kimisi müəyyən şərtlərlə, kimisi isə "ən az ziyanlı" kimi. Digər qrup onu nifrətlə qarşılayır. Onun etdiyi hər şey onlarda dərin nifrət doğurur. Və təbii ki, bütün bu videolar onları daha da qıcıqlandırır. Amma üçüncü bir qrup da var: ya siyasətdən uzaqlaşıb, ya heç vaxt maraqlanmayıb, ya da hər şeydən bezib. Ola bilsin ki, bu qrupda Paşinyan yeni izləyicilər qazanıb, heç olmasa onların diqqətini çəkə bilib", - Zolyan deyir.







