Böyük 20-lər sammiti başlayıb. O, nədir?

Braziliya G20 Boyük 20-lik

Şəklin mənbəyi, Getty Images

Bu həftə Braziliyada G20 sammiti başlayıb.

Sammit BMT-nin Bakıda COP29 iqlim konfrasının davam etdiyi bir vaxtda keçirilir və liderlər də dayanıqlı inkişaf və təmiz enerjiyə keçidin müzakirəsi üçün toplaşıblar.

Bu sammit həm də rəhbərliyi dövründə ölkəsini Paris razılaşmasından çıxarmış ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trump-ın iki ay sonra vəzifəsinə başlayacağı, ABŞ-ın Ukraynaya öz uzaqmənzilli raketləri ilə Rusiyanı vurmağa icazə verdiyi bir vaxta təsadüf edir.

Keçən il olduğu kimi, bu il də Rusiya Prezidenti Vladimir Putin bazar ertəsi günü başlamış sammitdə iştirak etmir. Onun üzərində Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarı var. Putin bundan əvvəl deyib ki, sammitin işini “pozmamaq” üçün ona qatılmayacaq.

Rusiya nümayəndə heyətinə yenidən xarici işlər naziri Sergey Lavrov başçılıq edir.

Braziliya G20 Boyük 20-lik

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Böyük 20-liyin ailə fotosu

G20 nədir?

G hərfi ingiliscədə Great - yəni Böyük sözünün baş hərfidir. Odur ki, biz G-20-ni Azərbaycan dilində Böyük İyirmilər şəklində deyirik.

Böyük sözü 20 ölkənin birlikdə təşkil etdiyi qeyri-rəsmi qrupa doğrudan da yaraşır.

Bu ölkələr dünya sənayesinin 80 faizini, ümummilli məhsulun 85 faizini, dünya ticarətinin 75 faizini və dünya əhalisinin isə 66 faizini təmsil edirlər.

Maliyyə nazirlərinin və mərkəzi milli bank direktorlarının 20-lər qrupu 1999-cu ildə qlobal iqtisadiyyat problemlərini çözmək məqsədi ilə sənayecə inkişaf etmiş 19 ölkəni və Avropa İttifaqını bir araya gətirərək yaradılıb.

Braziliya G20 Boyük 20-lik

Şəklin mənbəyi, Getty Images

Böyük 20-lərin mandatı

G-20 qrupu qeyri-rəsmi qrup olduğundan icbari qərarlar qəbul etmir, lakin bununla belə inkişaf etmiş ölkələri inkişaf etməkdə olan ölkələrlə bağlamaqla dünya iqtisadiyyatına əvəzsiz töhfə verir.

Yaranma səbəbləri

G-20 1990-cı illərdə dünyanı bürüyən maliyyə böhranına cavab olaraq yaradılıb.

Bu həmin vaxtlar idi ki, sənayecə inkişaf etmiş ölkələr dünyanın inkişaf etməkdə olan ölkələrinin qlobal iqtisadiyyat məsələlərinin müzakirəsində iştirakının çox cüzi olduğunu başa düşdülər.

Bu məqsədlə G-20-dən əvvəl G-7 qrupu yaradılmışdı.

1998-ci ildə isə Vaşinqtonda, hətta G-22-nin görüşü oldu.

Bu görüşdən məqsəd, necə deyərlər, qeyri G-7 ölkələrini qlobal maliyyə-iqtisadi problemlərinin həllinə cəlb etmək məqsədi güdürdü.

Sonralar G-22, hətta G-33 qruplarının məsləhətləşmələri bu üsulun qlobal problemləri həll etməkdə faydasını göstərdi.

G-20 formatında mütəmadi forumlar keçirmək təşəbbüsü 1999-cu ildə təsisatlandı.

Braziliya G20 Boyük 20-lik

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, 18 noyabr 2024. Rio de Janeiro. Britaniyanın Baş naziri Sir Keir Starmer və Kanadanın Baş naziri Justin Trudeau iki tərəfli görüşdə

Üzvlər

Böyük iyirmilər 19 ölkənin maliyyə nazirlərinin və mərkəzi bank direktorlarının məşvərət orqanıdır. Bu orqana Argentina, Avstraliya, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Yaponiya, Meksika, Rusiya, Səudiyyə ərəbistanı, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Türkiyə, Birləşmiş Krallıq, Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı daxildir.

Avropa İttifaqı forumlarda Avropanın növbəli sədri və Avropa Bankının rəhbəri tərəfindən təmsil olunur.

Braziliya G20 Boyük 20-lik

Şəklin mənbəyi, Getty Images

Qlobal maliyyə problemlərini qlobal maliyyə təsisatlarının iştirakı olmadan müzakirə etmək qeyri-mümkün olduğundan forumlarda bir qayda olaraq, Beynəlxalq Valyuta Fondunun rəhbəri, habelə Dünya Bankının başçısı da iştirak edirlər.

Nailiyyətlər

Tarixçəsinin qısalığına baxmayaraq, G-20 indiyədək qlobal miqyasda bir çox mühüm uğurlar qazanıb.

Maliyyə sistemində pozuntuların, terrorçu təşkilatların maliyyələşdirilməsinin qarşısının alınması kimi sahələri misal gətirmək olar.

Bundan əlavə Böyük 20-lər özlərinin maliyyə və idarəetmə sistemi ilə nümunə rolunu oynayırlar.

Trump, Putin

Şəklin mənbəyi, Getty İmages

Şəklin alt yazısı, Arxiv. 2018-ci il. ABŞ prezidenti Donald Trump rusiyalı həmkarı Vladimir Putinlə görüşünü ləğv edib

Qrup həmçinin vergilər, gömrük rüsumları sahəsində beynəlxalq baxımdan standartlaşdırılmış qaydaların yaradılmasında mühüm rola malikdirlər.

Struktur

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatından, BVF-dən və Dünya bankından fərqli olaraq G-20-nin də G-7-də olduğu kimi daimi personalı yoxdur.

Burada yalnız rotasiya olunan sədrlik var.

Sədarət müvəqqəti katiblik yaradır.

Burada rus sözü Troyka ilə ifadə olunan struktur da var. Bu, keçmiş, indiki və gələcək sədrdən ibarət üçlükdür.

Üçlük il ərzində ev sahibi olan ölkədə tədbirlərin təşkilinə rəhbərlik edir.