Qadın sahibkar Bakıda etiraz edib: "İstəmirik ki, bağlanaq"

Şəklin mənbəyi, Rəbiyyə Məmmədova/Facebook
Bakıdakı Sapla tikiş sexinin rəhbəri Rəbiyyə Məmmədova aprelin 15-də İqtisadiyyat Nazirliyinin qarşısında yenidən etiraz edib.
"Bu günədək müraciət etdiyim qurumların laqeydliyi məni məcbur etdi ki, İqtisadiyyat Nazirliyinin qarşısında intihara cəhd edim", - o, BBC-yə deyib.
Rəbiyyə Məmmədova bir müddətdir ki, 15 min manat həcmində güzəştli kredit almaq istəyir. Bunun üçün o, İqtisadiyyat Nazirliyinə, Sahibkarlığın İnkişafı Fondu və digər qurumlara kiçik sahibkar kimi müraciət edib. O deyir ki, amma indiyədək müsbət cavab ala bilməyib.
Rəbiyyə Məmmədova hesab edir ki, dövlət qurumları müxtəlif bəhanələrlə ona imtina cavabı verirlər.
"Bizə bildirilən odur ki, sənəddə texniki səhv var, Bakı yerinə Gəncə yazılıb. Bu da bəhanədi, sadəcə olaraq".
İqtisadiyyat Nazirliyindən BBC-yə deyilib ki, rəhbər şəxslər onu qəbul edərək Məmmədovaya sənədlərindəki çatışmazlıqları izah ediblər, bildiriblər ki, sənədlərindəki uyğunsuzluq aradan qaldırılmalıdır və sonra məsələyə yenidən baxıla bilər.
Rəbiyyə Məmmədova deyir ki, maddi ehtiyacı olan qadınları işlə təmin edən "Sapla" sosial sahibkarlıq layihəsidir və 20 qadın onun kursundan yararlanır.
Ancaq Rəbiyyə Məmmədova təəsüflə deyir ki, dəstək gəlməsə, qadınların ümid yeri olan bu layihəni saxlaya bilməyəcək.
"Sapla"nın bağlanmasını istəmirik", - o əlavə edib.
Videoya Youtube kanalımızda baxın.







