İsrail-Həmas müharibəsi: Bu gün Rəfah keçidindən 500 nəfərin keçəcəyi gözlənilir

Şəklin mənbəyi, Reuters
Bu gün 500-dək şəxsin Rəfah keçidi vasitəsilə Qəzzanı tərk etməsinə icazə veriləcək.
İsrail-Həmas müharibəsi başlayandan bəri çərşənbə günü ilk dəfə Rəfah keçidi açılıb və 400 nəfər şəxs artıq bölgəni tərk edib.
Onlardan 335 nəfəri xarici pasport sahibi və 76 nəfəri yaralı qəzzalılar olub.
BBC-nin müxbiri Rüşdi Əbu Alouf "Newshour"-a bildirib ki, Misir tərəfindən hazırlanmış və keçməsinə icazə olan şəxslərin adı bu gün keçiddə asılacaq.
Onun sözlərinə görə, dünən (çərşənbə günü) 400-dən çox insan Qəzzanı xaotik, lakin idarə oluna bilən şəkildə tərk edə bilib.
Dünən Rəfah keçidinə gedən bəzi şəxslər, adları siyahıda olmasa Misirə buraxılmayacaqlarından xəbərsiz olublar. Bölgədə vətəndaşı olan ölkələrinin Misir hökumətinə öz vətəndaşlarının adları olan siyahı verdikləri bildirilir.
Döyüşlərin davam etdiyi və xəstəxanalarda yerlərin olmadığı vaxtda yaralıların yardım ala bilməsi üçün bunun "çox vacib məqam" olduğu bildirilir.
Bu arada, ABŞ Prezidenti Joe Biden HƏMAS-ın əlindəki girovların azad edilməsinə və bölgəyə yardım göndərilməsinə imkan vermək üçün İsrail və HƏMAS arasında döyüşlərdə "humanitar fasilə"yə çağırış edib.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
İsrail ordusu Cəbəliyə hava zərbələri nəticəsində iki Həmas döyüşçünün öldürüldüyünü, quru əməliyyatlarında ölən İsrail əsgərlərinin sayının isə 17-yə yüksəldiyini bildirir.
BBC-nin Yaxın Şərq müxbiri Yolande Knell Qüdsdən (Yerusəlim) xəbər verib ki, İsrailin hərbi sözçüsü "havadan və dənizdən geri çəkilməklə qoşunların Qəzzanın şimalında Həmas-ın müdafiə xəttini yardığını" deyib.
İsrailli komandir həmçinin İsrail qüvvələrinin "Qəzzanın qapısının ağzında" olduğunu bildirib, Yolande Knell bildirib.
"Fələstinin Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, gecə ərzində şəhərdə, o cümlədən əl-Qüds xəstəxanasının yaxınlığında güclü partlayış və mərmi səsləri eşidilib.
İsrail səlahiyyətliləri əvvəllər xəstəxananı təcili təxliyə etmək barədə xəbərdarlıq etmişdi. Lakin BMT rəsmiləri xəstələrin həyatını təhlükəyə atmadan bunun mümkün olmadığını bildiriblər", - Kell yazıb.
Bu arada, HƏMAS-ın nəzarətində olan bölgənin Səhiyyə Nazirliyi bildirib ki, İsrailin bombardmanı başladıqdan bəri aralarında 3500-dən çox uşağın olduğu 8700 nəfər öldürülüb. Dünən bu rəqəm 8500 civarında idi. İsrailin cümə axşamı gününə olan məlumatına görə, 17 hərbçisi həlak olub, bununla da hərbi canli itkilərin sayı 340-ı ötüb. İsrail hökumətinin açıqlamalarına görə, HƏMAS-ın oktyabrın 7-dən - İsrailə hücumundan bəri 1400 nəfər öldürülüb, 239 nəfər əsir götürülüb.

Şəklin mənbəyi, Getty Images
Telefon və internet xidmətləri bir həftədə 2 dəfə tamamilə kəsilib
Qəzzada bir həftə ərzində ikinci dəfə telefon və internet xidmətləri "tamamilə kəsilib", Fələstin telekommunikasiya şirkəti Paltel açıqlayıb.
Hazırda bölgədə olan BBC müxbiri Rushdi Abualouf xəbər verir ki, ərazidə internet və telefon xətləri kəsilib, yalnız İsrailə məxsus bəzi telekommunikasiya şirkətlərinin ötürücü qüllələri olduğu üçün İsrail və ya digər beynəlxalq xətt sahibləri bölgədən kənardakılarla əlaqə saxlaya bilir.
İsrail Müdafiə Qüvvələri çərşənbə axşamı günü Qəzzanın şimalındakı Cəbəliyyəni vurduqlarını, HƏMAS-ı hədəf aldığını təsdiqləyib. Həmasın nəzarətində olan bölgənin Səhiyyə Nazirliyi açıqlayıb ki, hücumda azı 50 nəfər ölüb.
Bəzi yaralıların tibbi yardım alması üçün Misirə gedən Rəfah keçidinin yenidən açıla biləcəyi barədə "önəmli məlumatların" olduğu deyilir.
İsrail də Qəzzanı havadan vurur və deyir ki, müharibə başlayandan bəri 11 mindən çox hədəf vurulub.
Oktyabrın 7-də HƏMAS-ın 1400 nəfərin ölümü ilə nəticələnən və 239 nəfərin girov götürüldüyü hücumlarından sonra İsrail Qəzzanı bombalayır.
Qurumun yaydığı son bəyanata görə həlak olanlar arasında 2100 nəfərdən çoxunu qadınlar, 480 nəfərini isə yaşlılar təşkil edir.
Ümumdünya Səhiyyə Təşkilatı həyəcan təbili çalaraq elektrik enerjisi olmadığına və tibbi təchizatın qıtlığına görə Qəzzadakı xəstəxanaların fəaliyyət göstərə bilmədiyini deyib.
Bölgəyə yanacaq təminatı da dayandırıldığı üçün xəstəxanaları işıqla təmin edən elektrik enerjisi ötürücülərini istifadəsi, eləcə də sığınacaqları, çörək bişirmə zavodlarını, su təmizləmə və su vuran stansiyaları işlətmək mümkün deyil.

Şəklin mənbəyi, Getty Images
Əl-Qüds Xəstəxanasında “qorxu və təlaş”
Fələstinin Qızıl Aypara Cəmiyyəti açıqlayıb ki, Əl-Qüds Xəstəxanasının ətrafı İsrail qüvvələri tərəfindən ciddi şəkildə bombalanır.
“Əl-Qüds Xəstəxanasının yerləşdiyi Tal-Alhva bölgəsi davamlı şəkildə artilleriya və hava hücumlarının hədəfindədir. Bombalanma zamanı xəstəxana binası silkələndiyi üçün məcburi köçkünlər, eləcə də xəstəxana işçiləri qorxu və təlaş içərisindədirlər”, - yardım cəmiyyəti X (keçmiş Twitter) sosial şəbəkəsində yazıb.
İsrail Qəzza şəhərindəki bu hospitalın evakuasiyasını təklif etdikdən sonra xəstəxana ətrafında bombalanmanın artdığı müşahidə olunur.
Beynəlxalq xeyriyyə cəmiyyəti olan ActionAid bildirib ki, Əl-Qüds Xəstəxanasındakı təcili tibbi yardım maşınlarının yanacağı bitib və yaxınlıqdakı bütün yollar bombalandığı üçün həkimləri hadisə yerinə aparmaq və ya xəstələri xəstəxanaya gətirmək mümkün deyil.
“Ərazinin davamlı olaraq bombalanması nəticəsində yollar dağılıb və yardım məmulatlarını xəstəxanalara çatdırmaq qeyri-mümkündür. Biz bir daha atəşkəs çağırışı edirik ki, heç olmazsa xəstəxanalar və insanların həyatı üçün vacib olan avtomobillər işləyə bilsinlər”, - ActionAid cəmiyyətinin kommunikasiya üzrə koordinatoru Riham Cəfəri deyib.
“Hər 10 dəqiqədə bir uşaq öldürülür”

Şəklin mənbəyi, Getty Images
“Save The Children” (Uşaqları Qoruyaq – red.) xeyriyyə təşkilatının Fələstin üzrə nümayəndəsi Jason Lee bildirib ki, Qəzzada hər 10 dəqiqədə bir uşaq öldürülür.
BBC-yə danışan təşkilat rəsmisi əlavə edib ki, indiyədək qeydə alınan 20 min yaralının hər üç nəfərindən biri uşaqdır.
Lee qeyd edib ki, xəstəxanalarda və qaçqın sığınacaqlarında sıxlığın artması, eləcə də gigiyenik vasitələrin çatışmaması səbəbindən yoluxucu xəstəliklər artır. O, ən çox qripin yayılma ehtimalından qorxduğunu deyib.
Jason Lee əlavə edib ki, xəstəxanalarda anastezik (tibbi cərahiyyə əməliyyatı zamanı keyidici dərman – red.) çatışmadığı üçün həkimlər yaralıları onsuz əməliyyat edirlər.
“Vaxtından əvvəl doğulmuş və inkubatorlarda saxlanan 130 körpənin həyatı da risk altındadır”, - Jason Lee bildirib.
O, Qəzzaya göndərilən yardımları “dəryada damla” adlandırıb və əlavə edib ki, xəstəxanalarda artıq yara bandları da tükənmək üzrədir.
BMT agentliyi İsraili qəzzalıları məcburi köçkün salmaqda ittham edir

Şəklin mənbəyi, Reuters
BMT-nin Fələstinli Qaçqınlar üzrə Agentliyinin (UNRWA) Ali komissarı Philippe Lazzarini deyib ki, Qəzzada baş verən insan faciəsi “dözülməzdir” və orada təhlükəsiz ərazi yoxdur.
BMT rəsmisi İsrailin bombardmanlarını, evakuasiya təkliflərini və ərazini mühasirəyə almasını “məcburi köç” və “kütləvi cəzalandırma” kimi təsvir edib.
Onun sözlərinə görə, Qəzzada 3 həftə ərzində öldürülən uşaqların sayı, 2019-cu ildən bəri dünyadakı bütün münaqişə zonalarında öldürülən uşaqların ümumi sayını ötüb.
Lazzarini qeyd edib ki, müharibənin başladığı 7 oktyabr tarixindən indiyədək UNRWA-nın 64 işçisi həlak olub. BMT Təhlükəsizlik Şurasına müraciəti zamanı danışarkən Lazzarini deyib ki, işçilərdən sonuncusu iki saat əvvəl həyat yoldaşı və 8 uşağı ilə birlikdə öldürülüb.
O həmçinin əlavə edib ki, dünya ölkələrinin Qəzza sakinlərini Həmasla eyniləşdirməsi “böyük təhlükədir və bu addım bütün əhalinin dehumanizasiya edilməsi deməkdir”.
“Həmasın səbəb olduğu dağıntılar İsrailə Beynəlxalq Humanitar Qanundan irəli gələn öhdəlikləri pozmağa əsas vermir”, - Lazzarini vurğulayıb.
BMT Təhlükəsizlik Şurasını böhran vəziyyətini dəyişməyə çağıran Lazzarini əlavə edib ki, fələstinlilərin və israillilərin bugünü və gələcəyi “dərhal əldə edilməli olan humanitar atəşkəsdən asılıdır”.
İsrail: "İndi müharibə etmək vaxtıdır"
İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin atəşkəslə bağlı mövqeyini açıqlayıb.
“ABŞ Pearl Harbour hücumunundan və ya 9 Sentyabr terror hücumunundan sonra atəşkəs təklifləri ilə razılaşmadığı kimi, İsrail də Həmasın 7 oktyabr tarixində reallaşdırdığı dəhşətli hücumlardan sonra hər hansı atəşkəsə getməyəcək”, - Netanyahu bildirib.
İsrailin hökumət rəhbəri atəşkəs razılaşmasını İsrailin Həmasa və terrorizmə təslim olması kimi qiymətləndirib.
“Bibliyada “sülh vaxtı və müharibə vaxtı” kimi ifadələr var. İndi müharibə vaxtıdır. Müharibə bizim ümumi gələcəyimizdir. Bu gün biz barbarlıq və sivilizasiya arasında xətt çəkirik”, - Baş nazir əlavə edib.









