İsrail-Həmas münaqişəsi: "Qəzzada həyat tükənmək üzrədir", - BMT xəbərdarlıq edir

Şəklin mənbəyi, Getty Images
Bazar ertəsi BMT bir daha xəbərdarlıq edib ki, gözlənildiyi kimi, yaxın 24 saat ərzində Qəzzanın bütün xəstəxanalarında yanacaq ehtiyatı bitərsə, "minlərlə xəstənin həyatı risk altında qalacaq”.
“Qəzzada insanların vəziyyəti pisləşir, su, qida, elektrik və dərman çatışmazlığı var”, - qurum bildirir.
Oktyabrın 7-də Həmas döyüşçüləri Israilin Qəzzaya yaxın ərazilərində mülki əhaliyə və əsgərlərə hücum etməsi nəticəsində 1400-dən çox insan həlak olub, 200-ə yaxın adam girov götürülüb, İsrail rəsmiləri bildiriblər.
İsrailin Qəzzanı bombalaması nəticəsində isə artıq 2750-dən çox insan həyatını itirib, 1000 nəfər dağıntılar altında itkin düşüb, 10 000 -ə yaxın insan yaralanıb, Fələstin rəsmiləri bildiriblər.
Bazar ertəsi Fələstin Səhiyyə Nazirliyi bildirib ki, bu gün İordan çayının qərb sahilində 58 nəfər ölüb, 1250-dən çox insan yaralanıb.
Fələstin Jurnalistləri Birliyinin məlumatına görə, onlardan 11-i fələstinli jurnalist olub.
Bazar günü səhər saatlarında İsrail hərbçilərinin Həmas döyüşçülərinə qarşı planlaşdırdıqları qurudan hücum üçün Qəzza yaxınlığında toplaşmağa davam etdikləri bildirilmişdi.
Ötən cümə İsrail Qəzzanın şimalında yaşayan 1,1 milyon fələstinlini cənuba köçməyə çağırıb.
Bu çağırışdan sonra Qəzzadan çıxan yüz minlərlə insan cənubdakı Xan Yunis şəhərinin əhali sayını bir gecədə iki dəfə artırıb.
BMT Yaxın Şərqin "uçurumun astanasında olduğunu" deyir və İsraildən “humanitar yardımın ölkəyə buraxılmasını” xahiş edir.
Həmasın İsrailə hücumu zamanı "7 azərbaycanlı həlak olub", -Azərbaycan XİN
Oktyabrın 7-də Həmasın həyata keçirdiyi hücum zamanı İsraillə yanaşı, başqa ölkələrin də 148 vətəndaşı öldürülüb, İsrail Xarici İşlər Nazirliyinin bazar günü yaydığı məlumatda deyilir.
Qurumun açıqlamasına görə, öldürülənlərdən üçü Azərbaycan vətəndaşıdır, bir Azərbaycan vətəndaşı isə itkin düşüb.
Azərbaycan Xarici İşlər Nazirliyindən BBC Azərbaycancancaya bildiriblər ki, Həmas-ın hücumu zamanı həlak olanlar arasında 7 azərbaycanlı olub.
Qurum bildirir ki, onlardan üçü İsrail vətəndaşı, ikisi həm Azərbaycan, həm İsrail vətəndaşı olub.
“Digər iki şəxsin isə vətəndaşlığı dəqiqləşdirilir”, - Azərbaycan XİN-in mətbuat xidmətindən BBC-yə bildirilib.
Azərbaycan XİN onu da əlavə edib ki, Həmasın oktyabrın 7-dəki hücumu zamanı girov və ya itkin düşmüş azərbaycanlıların olması barədə onlarda hər hansı bir məlumat yoxdur.
İsrail 200-ə yaxın şəxsin girov götürüldüyünü deyib.
Misir Rəfah keçidinin yenidən açılması üçün təhlükəsizlik zəmanəti istəyir

Şəklin mənbəyi, Reuters
Lyse Doucet
BBC News
Hazırda Qəzzada və dünyada bir çoxunun gözü Qəzzadan Misirə gedən həyati əhəmiyyətli Rəfah keçidinin yenidən açılmasının mümkünlüyünə dikilib.
Lakin Qəzzanın cənubunda müvəqqəti atəşkəs barədə yayılan xəbərlər İsrail Baş nazirinin ofisi tərəfindən qısa müddətdə təkzib edildi.
BBC News-un Qahirədəki mənbələri müvəqqəti atəşkəs haqqında prinsipial razılaşma olduğunu xəbər verir. Lakin buna baxmayaraq, görünür, hələ də həllini tapmayan məsələlər var.
Misir açıq şəkildə bəyan edib ki, işçilərinin təhlükəsizliyinə zəmanət verilməyincə, keçidi açmayacaq.
İsrail Qəzzaya gedən bütün yük maşınlarının silah daşımadığından əmin olmaq üçün yoxlama aparmaq istəyir.
Rəfah keçidi nədir?

Şəklin mənbəyi, Reuters
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Misirin Rəfah keçid-sərhədi Qəzzanın İsrail tərəfindən nəzarət olunmayan yeganə yoludur.
İndi İsrailin Qəzzadan bütün digər çıxışları blokadaya almasından sonra bu, mümkün yeganə çıxış yoludur, amma bunu da Misir bağlayıb.
Rəfah sərhəd- keçid məntəqəsinin müvəqqəti olaraq yenidən açıla biləcəyi xəbərləri yayılandan sonra Qəzzanı tərk etmək istəyən izdiham sərhədin önündə toplaşıb.
Qəzza-Misir keçidinin yenidən açılması təcili ehtiyac tələbatlarının bölgəyə girməsinə və bəzi əcnəbilərin Qəzzanı tərk etməsinə imkan verəcək.
Lakin hazırda keçid bağlı olaraq qalır.
Həmas və Misir arasında münasibətlər pisləşdiyi üçün Misir keçidin açılmasını sərt şəkildə məhdudlaşdırıb.
Keçid Qəzzanın cənubunda, Misirin Sina yarımadası ilə sərhəddə, seyrək məskunlaşma olan səhra bölgəsində yerləşir. Sərhədin hər iki tərəfindəki şəhərlər Rəfah kimi tanınır.
2014-cü ilin iyul və avqust aylarında İsrail və Fələstin arasındakı döyüşlər zamanı bu keçid yalnız yaralılar, xəstələr və əcnəbilər üçün arabir açılmışdı.
Joe Biden: “Həmas tamamilə məhv edilməlidir”

Şəklin mənbəyi, Getty Images
Bazar günü ABŞ Prezidenti Joe Biden yerli CBS kanalına müsahibəsində “Fələstinin radikal Həmas qruplaşmasının tamamilə məhv edilməli olduğunu” deyib.
Jurnalistin “buna inanırsınızmı” sualına isə o: "Bəli, inanıram", - cavabını verib.
Joe Biden bildirib ki, Həmas [...] bütün Fələstin xalqını təmsil etmir və İsailin Qəzzanı "işğal etməsi böyük səhv olardı", amma "ekstremistləri tutmaq lazımdır”.
Biden, həmçinin İsrailin müharibə qaydalarına əməl edəcəyinə əmin olduğunu bildirib və əlavə edib ki, Fələstin dövlətinin yaradılması yollarını axtarmaq lazımdır.
İsrail ordusu Qəzzaya "havadan, dənizdən və qurudan" hücum etməyə hazırlaşdığını deyir

Şəklin mənbəyi, Getty Images
İsrail ordusu Qəzzaya qurudan, havadan və dənizdən hücum planlaşdırır, lakin vaxt və konkret məlumat vermir.
Bazar günü İsrail ordusu verdiyi yazılı açıqlamada bölmələrinin "bölgədə əməliyyatlarını genişləndirməyə hazırlaşdığını" açıqlayıb.
Açıqlamada İsrail ordusunun ehtiyatda olan yüz minlərlə əsgərin köməyi ilə “hərtərəfli hücuma hazırlaşdığı” qeyd edilib.
Hücumun dəqiq vaxtı göstərilməyib. İsrailin Qəzzaya qurudan hücumu gözlənilirdi və İsrail Qəzza sakinlərini bölgənin cənubuna qaçmağa çağırmışdı.
İsrail ordusu hücumda “hava, dəniz və quru qüvvələrindən” istifadə ediləcəyini bildirərkən, “Lazımi hərbi texnikasının müvafiq yerlərə göndərildiyini” bildirilib.
Həmçinin bildirilib ki, “İsrail ordusunun birlikləri və əsgərləri strateji olaraq, ölkənin hər yerində yerləşdirilib”.
İsrailin Baş naziri: "Növbəti mərhələ başlayır"

Şəklin mənbəyi, X / netanyahu
Şənbə günü axşam İsrailin Baş naziri Benjamin Netanyahu İsrail ordusunun əsgərləri ilə söhbət etdiyini göstərən videonu X sosial şəbəkəsində paylaşıb.
Paylaşdığı postda o, bunları yazıb: "Qəzza ilə cəbhə xəttindəki əsgərlərlə. Biz hazırıq".
Onun ofisindən yayılmış başqa bir bəyanatda Netanyahu Qəzza zolağındakı İsrail piyadalarına deyib: "Növbəti mərhələyə hazırsınız? Növbəti mərhələ başlayır".
Qəzzada qaçan konvoyu vuran zərbələrdən sonra ölənlər arasında uşaqlar da var

Şəklin mənbəyi, Getty Images
Diqqət! Bu mətndə sarsıdıcı təsvir var.
Qəzzanın cənubuna qaçan fələstinlilərin maşın karvanına hücumun görüntüləri yayılıb. BBC bu videoların həqiqiliyini dəqiqləşdirib -hücum İsrailin təklif etdiyi iki təxliyyə yolundan birində baş verib.
Videoda azı 12 cəsəd görünür, onların çoxu qadınlar və uşaqlardır, bəzi ölmüş uşaqlar 2-5 yaşlarındadır. Cəsədlərin bəziləri yük maşının arxasına, digərləri isə yola səpələnib. Fələstin hakimiyyəti bu hücum zamanı 70 insanın öldüyünü bildirib və hücumda İsraili günhlandırıb.
Hadisənin baş verdiyi Salah-al-Din küçəsi Qəzzanın şimalından cənubuna fələstinlilərin çıxması üçün İsrailin verdiyi iki yoldan biridir.
İsrail-Həmas müharibəsi: Qəzzada 2,200-dən çox adam öldürülüb, Fələstinin Səhiyyə Nazirliyi

Şəklin mənbəyi, Getty Images
Qəzzada azı 2,215 nəfər öldürülüb, 8,714 nəfər isə yaralanıb, Fələstinin Səhiyyə Nazirliyi bildirib.
Qərb sahilində isə 54 nəfərin öldürüldüyü, 1,100 nəfərinsə yaralandığı bildirilir.
İsrail qəzetləri xəbər verir ki, Həmasın bir həftə əvvəl hücumu zamanı ələ keçirdiyi bəzi israillilərin cəsədləri İsrail ordusu tərəfindən cümə günü Qəzzaya qurudan basqın zamanı tapılıb.
İsrailin Haaretz və Jerusalem Post qızetləri yazır ki, İsrail Müdafiə Qüvvələri qeyri-müəyyən sayda cəsəd tapıb, onları İsrail ərazisinə qaytarıb və itkin düşmüş insanlara aid bəzi əşyalar əldə edib.
“Jerusalem Post” qəzeti yazır ki, İsrail ərazisinə tank əleyhinə raketlər atan Həmas bölməsi “zərərsizləşdirilib”.

İsrailin xəbərdarlığından sonra sakinlər Qəzzadan qaçmağa başlayıb
Cümə günü İsrail ordusunun Qəzzadakı təxminən 1,1 milyon insana "şəhəri tərk etmək" çağırışı etməsindən sonra mülki şəxslər Qəzzanın şimalından avtomobillə, yük maşınlarının arxasına minərək və piyada qaçmağa başlayıb.
BBC News bildirir ki, İsrail rəsmiləri Qəzzadakı sakinlərə ünvanlanan bəyanatda "Siz Qəzza şəhərinə ancaq buna icazə verən başqa bir bəyanat verildikdə qayıda biləcəksiniz" deyib.
Ötən şənbə Həmasın İsrailə qəfil hücumu ilə yenidən alovlanan İsrail-Həmas döyüşləri davam edir.
Döyüşlər nəticəsində İsraildə 1300, Qəzzada isə 2,200-dən çox insan həyatını itirib, minlərlə yaralı var, cümə günü hər iki tərəfin rəsmiləri bildirib.
Həmasın hücumunun ilk günündə Qəzza yaxınlığındakı ərazidə keçirilən festivalda iştirak edənlər arasında öldürülənlər və ya girov götürülənlər olub. İsrailin Qəzzaya yaxın yaşayış məntəqələrində də qətliam baş verib, İsrail rəsmiləri bidiriblər.
BMT-nin cümə gününə olan məlumatına görə, İsrail 1,1 milyon insanın Qəzzanı tərk etməsini istəyib.

Şəklin mənbəyi, Reuters
Qəzzadan insanların çıxarılması “hərbi cinayətdir”
Oslo Sazişində iştirak edən və fələstinlilərlə İsrail arasında danışıqlarda vasitəçi olan keçmiş Norveç diplomatı Jan Egeland BBC Radio 4-ün Bugün proqramına deyib ki, Qəzzanın şimalındakı insanlara İsrailin verdiyi təxliyə əmri məcburi köçürülmədir. Cenevrə Konvensiyasına görə, bu, müharibə cinayəti hesab edilir, o deyib.
Norveç Qaçqınlar Şurasının baş katibi olan Jan Egeland əlavə edib ki, “dağıntılar altında heç kimin çıxara bilməyəcəyi çoxlu uşaq var... on minlərlə dağılmış və ya yaşamaq mümkün olmayan evlər var... minlərlə insan canlarını qurtarmaq üçün qaçıb”.
Cənab Egeland Qəzzadakı böhranın miqyasının Qərb tərəfindən hələ tam olaraq qavranılmadığını deyib.
Egeland deyib ki, Böyük Britaniya, ABŞ və Aİ "haqlı olaraq terrorla mübarizədə İsrailin yanında" olduğunu deyiblər, ancaq "ümid edirəm ki, bununla, bir milyon uşağı qırmaq üçün yaşıl işıq yandırmayıblar".

Şəklin mənbəyi, Getty Images
İsrail ordusu bildirib ki, Həmas üzvləri şəhərin altındakı tunellərdə və mülki əhalinin yaşadığı binaların içərisində gizləniblər.
Onlar mülki əhalini “özlərinin və ailələrinin təhlükəsizliyi üçün” şəhəri boşaltmağa və onlardan canlı qalxan kimi istifadə edən Həmas terrorçularından uzaq durmağa” çağırıb.
"Növbəti günlərdə İsrail ordusu Qəzza şəhərində aktiv fəaliyyətini davam etdirəcək və mülki şəxslərə zərər verməmək üçün geniş səylər göstərəcək", hərbçilər əlavə edib.
BMT bu evakuasiyanın "fəlakətli vəziyyətə" gətirib çıxara biləcəyini və "dağıdıcı humanitar nəticələrə" səbəb ola biləcəyini bildirib və qətiyyətlə əmrin ləğv edilməsini tələb edib.

Şəklin mənbəyi, Getty Images
Cümə axşamı ABŞ dövlət katibi Antony Blinken həmrəylik nümayişi olaraq, İsrailə gəlib.
Fələstin rəsmiləri Blinken-in Fələstin Prezidenti Mahmud Abbasla da görüşəcəyini bildirib.
Fələstin siyasi rəhbərliyi ilə Mahmud Abbasın İordan çayının qərb sahilindəki Fəth partiyası və Qəzza zolağına nəzarət edən Həmas müxalifləri arasında dərin fikir ayrılığı var.
Qəzza zolağı nədir?

İsrailin məlumatına görə, Həmas azı 150 nəfəri girov saxlayır.
BMT Qəzzada didərgin düşənlərin sayının 400 minə yaxın olduğunu açıqlayıb.
Minlərlə yaralının həyatı üçün mübarizə aparıldığı Qəzza xəstəxanalarında enerji tükəndiyi üçün humanitar böhran böyüyür.
Qəzzadakı hədəfləri vurmağa davam etdiyi üçün İran Prezidenti İsraili “soyqırım” törətməkdə ittiham edib.
İbrahim Rəisi onu da deyib ki, İsrailin su, elektrik və yanacağı kəsməklə Qəzzanı blokadaya alması bütün beynəlxalq müqavilələri pozur.
İranın Qəzzada Həmas-ı maliyyələşdirdiyi və təchiz etdiyi məlumdur. Lakin çərşənbə axşamı ölkənin ali dini lideri Ayətullah Əli Xameneyi bildirib ki, həftəsonu İsrailə qarşı edilən ölümcül hücumların arxasında İran yoxdur.
Bununla belə, o, hücumu planlaşdıranların "əlindən öpdüyünü" deyib.
Məşhur İsrail yazıçısı və tarixçisi Harari: İsrail Netanyahunun illərdir ölkəni qütbləşdirən siyasətinin əvəzini ödəyir

İsrailli tarixçi Yuval Noah Harari BBC-yə Həmas hücumunun mümkün nəticələri barədə danışıb.
Harari qeyd edib ki, hücum nəticəsində yaranan zorakılıq səviyyəsi və İsrailin sonrakı qisası nəsillərə təsir edəcək nəticələr verə bilər.
Harari, hücumun kəşfiyyat uğursuzluğu ilə Netanyahunun siyasəti arasında əlaqə olduğunu düşünür.
"Aydındır ki, İsrail xalqı illərlə apardığı pis siyasətin bədəlini ödəyir. Netanyahu Fələstinlə hər hansı sülh təşəbbüsünə məhəl qoymadan milləti qütbləşdirərək siyasi karyera qururdu. O, sistematik olaraq dövlət qurumlarına hücum edirdi. Biz indi bunu dərk edirik. Biz bunun bədəlini ödəyirik. Bu, dünyanın bütün demokratik ölkələri üçün bir dərsdir. Buradan alınan ibrət ondan ibarətdir ki, güclü populist liderlərə öz siyasi karyeraları naminə millətləri parçalamağa icazə verilə bilməz", - məşhur yazıçı deyib.
Harari uzun illər ən çox satılan kitablar arasında yer alan “Heyvanlardan Tanrılara, Sapiens: İnsan növlərinin qısa tarixi” kitabının müəllifidir.

"Demək olar ki, Qəzzadan çıxmağa yol qalmayıb"
Ros Atkins
BBC-nin redaktoru
Çərşənbə axşamı İsrail ordusu Qəzzadakı insanlara “Rəfah keçidinin [Misir tərəfindən idarə olunur] hələ də açıq olduğunu" bildirib:
“Kim çıxa bilirsə, onlara çıxmağı məsləhət görürük”.
Lakin hazırda Qəzzanı tərk etmək mümkün deyil.
Hazırda İsraillə Qəzza arasındakı sərhəd bağlanıb.
İsrail donanması sahil xəttinə nəzarət edir, ona görə də Qəzzadan qayıqla çıxmaq da bir seçim deyil.
Bundan başqa, Misirə Rəfah keçidi var. Bu, yeganə yoldur. Ancaq bu, yalnız icazə ilə mümkündür və bu yol üçün uzun bir gözləmə siyahısı var.
Qəzzanı bu həftə tərk etmək daha çətindir.
Keçid çərşənbə axşamı İsrailin hava hücumlarına məruz qalıb. İlkin məsləhətdən sonra İsrail ordusu keçidin Misir tərəfindən bağlandığını etiraf edib.
O vaxtdan bəri Rəfah keçidi ya bağlanıb, ya da çox ciddi şəkildə məhdudlaşdırılıb.
Hazırda Qəzzanı tərk etmək üçün fələstinlilərin demək olar ki, heç bir yolu yoxdur.
İsrail girovların azad olunmasını tələb edir
İsrailin energetika naziri İsrael Katz bildirib ki, israilli girovlar azad edilməyincə Qəzzanın mühasirəsi davam edəcək.
İsrail Qəzzanın elektrikini, suyunu kəsib, bölgəyə yanacaq, ərzaq və digər yüklər buraxmır.
BMT Qəzzaya yardım çatdırılması və sakinlərin təhlükəsiz hərəkəti üçün yol açılması ilə bağlı İsraillə danışıqlar aparır.
İsrailin energetika naziri İsrail Katz sosial şəbəkədəki paylaşımında "oğurlananlar" azad olana qədər bölgəyə "elektrikin, suyun verilməyəcəyini, heç bir yanacaq maşınının içəri girməyəcəyini" deyib.
Şənbə günü Həmas-ın ölümcül hücumlarından sonra İsrail Qəzza zolağına yardımlar da daxil bütün yüklərin çatdırılmasını dayandırıb.
İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin fövqəladə hökumətinin ilk iclasından sonra HƏMAS-ın hər bir üzvünün “ölü adam” olduğunu deyib.
BBC News-un xəbərinə görə, İsrail Qəzza zolağında müharibəyə hazırlaşır.ç
Anklavın yeganə elektrik stansiyası yanacaq çatışmazlığı səbəbindən çərşənbə günü fəaliyyətini dayandırıb. İsrail bir neçə gün əvvəl Qəzzaya bütün yanacaq, su və qida tədarükünü kəsib.
Çərşənbə günü İsrail Həmas-a qarşı müharibəyə rəhbərlik etmək üçün müxalifdən olan Benny Gantz-ın da daxil olduğu "müharibə kabinetini" yaradıb. İsrail müdafiə naziri Yoav Gallant "Həmas adlı bu şeyi yer üzündən siləcəyinə" söz verib.
İsrail potensial quru işğalı üçün Qəzza sərhədi yaxınlığında 300.000 ehtiyat əsgər toplayıb.
ABŞ İsrail, BMT və Misirlə Qəzzaya yardıma icazə verilməsi və bəzi sakinlərin ərazidən təhlükəsiz çıxışının təmin edilməsi ilə bağlı danışıqlar aparır.







