SOCAR-ın keçmiş departament rəhbəri Adnan Əhmədzadə həbs olunub – o kimdir?

Şəklin mənbəyi, Getty Images
SOCAR-ın Ticarət Departamentinin keçmiş rəhbəri Adnan Əhmədzadə həbs edilib.
Səbail Rayon Məhkəməsi sentyabrın 20-də onun barəsində 4 aylıq həbs-qətimkan qərarı verib.
Hökumətə yaxın medialar iddia edir ki, Adnan Əhmədzadə Azərbaycanın "Azeri Light" markalı neftini Rusiyanın xam nefti ilə qarışdırmaqda günahlandırılır.
Onun barəsində Azərbaycanın iqtisadi təhlükəsizliyinə qarşı təxribat törətmək və külli miqdarda mənimsəmə ittihamları olduğu bildirilsə də, bu barədə hələ ki, rəsmi məlumat yoxdur.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Video açılmırsa, YouTube kanalımızda baxın.
Mediadakı iddialara görə isə rəsmi Bakı Əhmədzadənin bu əməlini dünyada Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına zərbə kimi qiymətləndirib.
Adnan Əhmədzadənin bu ittihamlara cavabı bəlli deyil. Onun vəkili Şaiq Mirzəyev BBC Azərbaycancaya müsahibəsində deyib ki, Adnan Əhmədzadə ağır cinayətlərin törədilməsində təqsirli bilinir. Lakin o, ağır cinayətlərin nədən ibarət olduğuna və hansı maddələrlə ittiham olunduğuna dair BBC-nin suallarına cavab verməyib.
Rəsmi mənbələrdə Əhmədzadənin yalnız 1998-ci ildən 2023-cü ilə qədər SOCAR-da müxtəlif yüksək vəzifələr tutduğu qeyd olunub.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
O, SOCAR-dakı karyerasının son illərində şirkətin beynəlxalq investisiya və satış işlərinə rəhbərlik edib.
Lakin Maltese Herald nəşri iddia edir ki, Əhmədzadə SOCAR-dan rəsmi şəkildə ayrılsa da, şirkətin neft məhsullarının beynəlxalq daşımalarında və satışında mühüm rol oynamaqda davam edib.
Nəşr iddia edir ki, bu biznesdə onun rəhbəri olduğu ABDA Invest Holding şirkətinin və onun yaxın qohumu tərəfindən idarə edildiyi deyilən Malta şirkəti Alkagesta-nın adı keçir.
ABDA İnvest Holdinqdən iddialarla bağlı reaksiya almaq mümkün olmayıb, Alkagesta şirkəti isə BBC Azərbaycancanın sorğusuna cavabında bu iddiaları rədd edib və Adnan Əhmədzadə ilə heç bir əlaqəsi olmadığını bildirib*.
"Alkagesta heç zaman cənab Əhmədzadə və ya onunla əlaqələndirilən qurumlarla hər hansı əməliyyat həyata keçirməyib", - şirkətdən BBC-yə bildiriblər.
Maltese Herald Adnan Əhmədzadənin bu şirkətin idarəetməsində də güclü nüfuza sahib olduğunu yazıb. Amma Alkagesta şirkəti bu iddianı rədd edir. Şirkət BBC Azərbaycancaya bildirib: "Məqalədə adı keçən şəxsin Alkagesta Şirkətlər Qrupu ilə nə səhmdar, nə şirkət rəsmisi, nə işçi, nə biznes tərəfdaşı kimi, nə də hər hansı digər formada əlaqəsi yoxdur".
Bu ilin iyulunda BP şirkəti Azərbaycan hökumətinin Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Rumıniya və İtaliyaya satdığı neftin tərkibində zərərli maddə hesab edilən xlorid aşkarlandığını bildirmişdi.
Rumıniya mətbuatı həmin vaxt çirklənmənin Rusiya tərəfindən məqsədyönlü şəkildə, Azərbaycanın enerji nüfuzunu zədələmək məqsədilə edildiyini açıqlamışdı.
Hökumətə daim loyallığı ilə seçilən Adnan Əhmədzadə həm də dəbdəbəli həyat tərzi, məşhur xarici simaların, futbolçuların və digər nüfuzlu şəxslərin Azərbaycana səfərlərini təşkil etməklə də gündəm olub.
Düzəliş: Bu cümlə yazının ilkin versiyasında bu şəkildə gedib: "ABDA Invest Holding və Alkagesta şirkəti bu iddialarla bağlı BBC Azərbaycancanın suallarına cavab verməyib". BBC Azərbaycanca 24.09.2025 tarixində Alkagesta şirkətinə yazılı müraciət ünvanladıqdan və cavab aldıqdan sonra bu cümləni hazırkı şəkildə düzəldib.







