Dabaq xəstəliyi nədir? – 7 suala cavabda

Şəklin mənbəyi, Getty Images
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Son bir neçə aydır Azərbaycanda heyvanlar arasında dabaq xəstəliyinin yayılması ilə bağlı çoxlu məlumatlar paylaşılır.
Sosial mediada yayılan görüntülərdə də bəzi fermerlər xəstəlik nəticəsində onlara dəyən zərərdən və tələf olmuş heyvanlardan danışırlar.
Kənd Təsərrüfatı Nazirliyi (KTN) ölkənin bəzi regionlarında dabaq xəstəliyinin aşkarlandığını təsdiqləsə də, bunun narahatedici səviyyədə olmadığını və hazırda ölkə ərazisində bu xəstəliyin "sönməyə doğru getdiyini" bildirib.
Bəs dabaq xəstəliyi nədir, insan üçün təhlükəlidirmi, ondan necə qoruna bilərik?
BBC Azərbaycanca bu suallara cavab tapmağa çalışıb.
1. Dabaq virusu nədir?
Dabaq xəstəliyi ən çox cütdırnaqlı heyvanların yoluxduğu virus mənşəli infeksion xəstəlikdir.
Azərbaycanda ətindən və südündən ən çox istifadə olunan inək, qoyun, camış və keçilər də cütdırnaqlı heyvanlardır.
Atlar arasında isə dabaq xəstəliyinə nadir hallarda rast gəlinir.
Dabaq virusu aşağı temperaturlu və yüksək rütubətli ərazilərdə uzun müddət qala bilir.
Virusun mənbəyi xəstə və ya yeni sağalmış heyvanlar hesab edilir.
2. Əlamətləri hansılardır?

Şəklin mənbəyi, Getty Images
Xəstəliyin ilk əlamətləri heyvan virusa yoluxduqdan 2 və ya 7 gün sonra üzə çıxır və bu proses 21 günədək davam edə bilər.
Dabaq virusuna yoluxmuş heyvanlarda ən çox bu əlamətlər müşahidə olunur:
- Bədən temperaturunun 40-41 dərəcəyə yüksəlməsi;
- Yemdən imtina;
- Gövşəmənin pozulması və ya tamamilə dayanması;
- Ağız boşluğunda, dildə, burun ətrafında, dırnaq nahiyədə, heyvanın yelində və dərisində qabarcıq formasında yaraların (suluqların) əmələ gəlməsi;
- Ağızda selik axınının çoxalması;
Qabarcıq yaralar 1-3 gündən sonra partlayır. Buzovlarda bu cür qabarcıqlar yaranmır və xəstəlik qastroenterit – yəni mədə-bağırsaq iltihabı formasında keçir.
3. Xəstəlik necə yayılır?
Dabaq yoluxucu xəstəlik olduğu üçün heyvanlar arasında sürətlə yayıla bilir.
Virus bu xəstəliyə yoluxmuş heyvandan ağız suyu, sidik, nəcis, süd və digər yollarla digər heyvanlara keçir.
Bundan əlavə, xəstə heyvanla birbaşa təmas, həmin heyvanın istifadə etdiyi yem və su, heyvana qulluq edən şəxsin geyimi, quşların miqrasiyası, eləcə də daşınma zamanı nəqliyyat vasitələri və küləklə də bir yerdən digər əraziyə yayılır.
4. Ölüm təhlükəsi nə qədərdir?
Dabaq xəstəliyinə yoluxan heyvanların növündən və yaşından asılı olaraq ölüm riski fərqlidir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) bildirdiyinə görə, virusa yoluxmuş böyük heyvanlar arasında ölüm faizi 1-5 arasında dəyişir.
Kök heyvanlardan fərqli olaraq, arıq və zəif heyvanlarda yoluxma daha yüksəkdir.
Buzovlarda ölüm riski daha çoxdur. Ən yüksək ölüm riski isə südəmər donuz balalarında müşahidə olunur.
Qoyun və keçilərin virusa yoluxması eyni əlamətlərlə aşkar olunur, lakin onlar xəstəliyi yüngül formada keçirirlər.
Donuzlarda isə bu xəstəlikdən sonra axsaqlıq və çox vaxt dırnaq düşməsi baş verir.
5. Dabaq xəstəliyi heyvanlardan insanlara keçirmi?
Dabaq virusu heyvanlardan insanlara keçə bilən xəstəlik olsa da, bu risk olduqca aşağıdır.
İnsanlar virusa xəstə heyvanlarla təmas zamanı, eləcə də heyvan mənşəli çiy qida məhsullarından istifadə etdikdə yoluxa bilər.
Ona görə də, mütəxəssislər heyvan mənşəli qidaları yaxşı bişirməyi və daha sonra istifadə etməyi məsləhət görürlər.
Lakin virusun insandan insana yoluxma halı qeydə alınmayıb, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəsmi saytında qeyd olunub.
Xəstəlik insanlarda titrəmə, baş və əzələ ağrıları ilə özünü biruzə verir.
Bu virusa yoluxmuş şəxslərdə temperatur 39-40 dərəcəyədək yüksəlir.
Yoluxmanın ilkin dövründə ağız boşluğunda yanma hissi, ağız suyu ifrazının artması, sidik ifrazatı zamanı ağrı və bağırsaqların funksiyasının pozulması baş verir.
Bundan əlavə, dabağa yoluxmuş insan əsəbi olur, danışmaqda və udqunmaqda çətinlik çəkir.
Xəstəlik ağırlaşmazsa, xəstə 5-7 gündən sonra sağalır.
6. Müalicəsi varmı və necə mübarizə aparmaq olar?

Şəklin mənbəyi, Getty Images
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Dabaq xəstəliyinin əlamətləri digər xəstəliklərə oxşadığı üçün ilk olaraq təxmini diaqnoz qoyulur. Ona görə də xəstəliyi dəqiqləşdirmək üçün virusun tipini müəyyən etmək vacib hesab olunur.
Heyvanlarda virus əlamətləri aşkar edildikdə ilk olaraq baytar mütəxəssislər çağırılmalıdır.
Bu xəstəliyin xüsusi müalicəsi yoxdur.
Xəstəlik aşkar edildiyi zaman təsərrüfata, ətraf ərazilərə və rayon ərazisinə təcrid və məhdudlaşdırıcı tədbirlər tətbiq edilməli və dezinfeksiya işlərinə başlanılmalıdır.
Xəstəliyin aşkar olduğu ərazilərdən diri heyvan, yem və digər məhsullar alınmamalıdır, KTN bildirib.
Heyvanların bu xəstəliyə yoluxmaması üçün onlarda profilaktik peyvəndlənmə aparılmalıdır.
Təsərrüfata yeni gətirilmiş heyvanlar mütləq karantində saxlanmalıdır.
Qida Təhlükəsizliyi Agentliyi bildirib ki, hətta sağalmış heyvanlar belə virusdaşıyıcı hesab olunduğu üçün təsərrüfatda dabaq xəstəliyi aşkarlandığı halda "bütün heyvanların (xəstə, xəstəlik şübhəsi olan və sağlan heyvanlar) sanitar kəsiminin həyata keçirilməsi, ət və ət məhsullarının isə texniki emala cəlb olunması daha məqsədəuyğundur".
Texniki emal dedikdə qurumun müəyyənləşdirdiyi texniki şərtlər daxilində, yəni ətin təmizliyi və sağlamlıq göstəriciləri yoxlandıqdan sonra onun istehlak üçün hazırlanmasını nəzərdə tutulur.
7. Xəstəliyin iqtisadi təhlükəsi varmı?
Dabaq xəstəliyi heyvandarlıqda ət və süd məhsullarının azalmasına gətirib çıxara bilər.
Bununla belə, xəstəlik aşkarlandığı zaman bu cür məhsulların idxal və ixracına qoyulan qadağalar, eləcə də xəstəlik zonasına tətbiq edilən məhdudiyyətlər iqtisadi itkilərə səbəb olur.
Belə risklərlə üzləşməmək üçün dövlət qurumları fermerləri təsərrüfatda baytarlıq-sanitariya qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl etməyə çağırırlar.







