Baharı salamlayan 5 bayram

Tonqal üstündən hoppanmaq Novruz ənənələrindən biridir.

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Tonqal üstündən hoppanmaq Novruz ənənələrindən biridir.

Şimal yarıımkürəsinə bahar gəlib. Bazar günü, martın 20-də baş vermis “Günəş tarazlığından” sonra günlər uzanmağa, gecələr gödəlməyə başlayıb. Bir çox mədəniyyətlərdə bu mövsümi dəyişilmə unikal mərasimlər və bayramlarla qeyd olunur. BBC dünya boyunca baharı salamlayan beş bayramdan söz açır.

NOVRUZ

Adı farsca “yeni gün” olan Novruz bayramının minilliklər bundan əvvəl İranda qeyd olunmağa başlandığı düşünülür.

Lakin bu bayram həm də əsasən kürdlərin yayıldığı geniş ərazilərdə, şimali İraq və Türkiyədə, Qafqaz, Mərkəzi Asiya ölkələrində və Qərbi Çində qeyd edilir.

Təmizlik işləri, yeni paltarların alınması və məxsusi xörəklərin bişirilməsi Novruza hazırlığın ümumi şərtləridir.

Bu bayram günlərində küçə və xiyabanlarda tonqallar qalanır və adamlar yenidən doğulmanın və paklaşmanın rəmzi kimi odun üstündən tullanırlar.

Şənliklər başa çatanda özündə bütün bədniyabətlik və nəhslikləri cəmləşdirən küllər ağır qışın çətinlikləri kimi bir tərəfə atılır.

HOLİ

Hindistan hindularının Holi adlanan bayramı dünyanın ən əlvan və təmtəraqlı yaz bayramıdır.

Holi qəməri təqvimdə bədirlənmiş Ayın son günündə qeyd olunur

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Holi qəməri təqvimdə bədirlənmiş Ayın son günündə qeyd olunur

Bu il bayram martın 24-ə təsadüf edir.

Holinin kökləri dinə bağlı olsa da, bu bayramda dini ayinlər o qədər də çox deyil.

Bir adı da “Rənglər bayramı” olan Holidə adamlar bir-birlərinin üstünə rəng və boya tozu atır və bununla da böyük tamaşa atmosferi yaradırlar.

Bu bayram həm də bərabərlik günü sayılır. Holi zamanı kastalar, siniflər, yaşlar və cinslər arasındakı pərdələr sanki qalxır.

YAPONİYA

Yaponiyada bahar tarazlığı Shunbun No Hikimi qeyd olunur.

Yaponlar gecə-gündüz tarazlığı günündə qəbristanlığa gedir, ətirli şamlar və çiçəklər düzür və dua edirlər

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Yaponlar gecə-gündüz tarazlığı günündə qəbristanlığa gedir, ətirli şamlar və çiçəklər düzür və dua edirlər

Bu Yaponiyada rəsmi bayramdır və həmin gün əksər ailələrin üzvləri bir araya gəlirlər.

Həmin gün yaponlar evlərində yır-yığış edir, qəbir üstə gedir, çiçək düzür və beləliklə əcdadlara “baş çəkirlər”.

Bu bayramın təamlarından biri də yapışqan düyüyə bükülmüş şirin lobyadan ibarət “bülbül piroqu”dur.

BRITANİYA

Bahar tarazlığı günü inanclarının əsasını təbiət təşkil edən bütpərəstlər üçün çox mühüm bir vaxtdır.

Bütpərəstlər dan zamanı ayinlərini icra edirlər

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Bütpərəstlər dan zamanı ayinlərini icra edirlər

2011-ci ilin əhalinin siyahıya alınmasına görə İngiltərə və Uelsdə 57 min insan özünü bütpərəst kimi təqdim edib. Beləliklə, bütpərəstlik İngiltərədə qeyri-ənənəvi dinlər arasında ən geniş yayılmışıdır.

Onlar bahar tarazlığını qeyd etmək üçün Stonehenge-dəki qədim daş pirinə toplaşır, Günəşin doğmasına tamaşa edirlər.

Bir neçə nəzəriyyənin mövcudluğuna baxmayaraq, Stonhenge pirinin 5 min il bundan əvvəl nə məqsədlə qurulduğunu heç kim bilmir.

Bəzi alimlər düşünürlər ki, buradakı nəhəng daşlar Günəşin və Ayın hərəkətini müşahidə etmək üçün dikəldilib.

Elələri də var ki, buranın şəfaverici gücünə inanırlar.

MEKSİKA

Meksikada çox sayda insan gecə-gündüz tarazlığı günündə qədim Maya mədəniyyətinin və Aztek imperiyasının abidələrini ziyarət edir.

Adamlar əllərini qaldırmaqla gecə-gündüz bərabərliyi gətirən Günəşdən pay alırlar.

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Adamlar əllərini qaldırmaqla gecə-gündüz bərabərliyi gətirən Günəşdən pay alırlar.

Belə populyar yerlərdən biri də paytaxt Mexikonun 50 kilometrliyində yerləşən müqəddəs Teotiuakan şəhərindəki Günəş ehramıdır.

Adı “allahlar şəhəri” olan Teotiuakanın yerli sakinləri təpələrdə məhək daşlarını yerləşdiriblər. Günəş ehramından baxanda günün doğması ilə bu daşların kölgələri birləşir.

Zəvvarlar yaz tarazlığı günündə bu ehrama qalxırlar ki, onların inamına görə tarazlıq günəşinin xüsusi enerjisini ala bilsinlər.

Bəzi tarixi irs ekspertləri başqa cür düşünürlər. Onlar deyirlər ki, bura çox sayda adamın gəlməsi tarixi abidələr üçün təhlükə yaradır.