Rusiya hələ də dünya gücüdürmü?

Şəklin mənbəyi, Getty
- Müəllif, James Nixey
- Vəzifə, Rusiya və Avrasiya proqramının rəhbəri, Chatham House
Londondakı Chatham House araşdırma mərkəzi, Rusiya və Avrasiya proqramının rəhbəri James Nixey sual edir ki, 1991-ci ildə SSRİ dağıldıqdan sonra müstəqil olmuş 15 respublikadan biri olan Rusiya hələ də dünya gücü sayıla bilərmi?
- Rusiya hələ də dünyanın ən böyük ölkəsi və ən böyük neft hasilatçısıdır
- O hələ də BMT Təhlükəsizlik Şurasında 5 daimi üzvdən biridir
- Onun nüvə silahı (9 nüvə ölkəsindən biridir) xeyli təkmilləşdirilib
- Rusiya hələ də müdafiə sisteminə böyük pullar xərcləyir, lokal və regional müharibənin eskalasiyası məqsədinə xeyli yaxınlaşıb
Lakin Rusiyanın bu hərbi qüdrətini saxlamalı olan iqtisadiyyatı tənəzülldədir.
Rusiya dünyanın 10-cu böyük iqtisadiyyatıdır, lakin əsasən karbohidratların hasilatı ilə məşğuldur.
İqtisadiyyat sahəsində korrupsiya və mənimsəmələr geniş yayılıb.
Rusiya hələ də Sovet zəmanəsindən qalma infrastrukturun əsiridir və onun öz əhalisinin səhiyyə və təhsil ehtiyaclarını təmin etmək imkanları getdikcə daralır.
Müxtəlif baxışların nədən ibarət olmasından asılı olmayaraq, Rusiya üçün bir müsbət, bir də mənfi amil inkaredilməzdir:
- Rusiya özünü böyük qüvvə sayır və bu, ölkə daxilində heç bir mübahisə doğurmur
- Çin iqtisadi güc kimi Rusiyanı kölgədə qoyaraq dünyada ABŞ-dan sonra ikinci ölkəyə çevrilib
Ukrayna ilə əlaqədar yaranmış vəziyyətə görə prioritetlərini Asiyaya yönəltməyə çalışmasına baxmayaraq, Rusiya hələ də özünü Qərb və Amerika ilə müqayisə edir.
Avrasiya ölkəsi
Hipotetik qiymətləndirmə və ya real dünya göstəricilərinə baxmayaraq, Rusiya dünya siyasətində özü üçün Avrasiya meydanını seçib. O nə Avropa, nə də Asiyaya müttəfiq olmadan öz nüfuzunu burada bərqərar etməyə çalışır.
Rusiyanın Braziliya, Hindistan, Çin və Cənubi Afrika ilə birlikdə BRİCS təşkilatına üzvlüyü onu göstərir ki, o hələlik mədəniyyət baxımından Avropaya tam bağlı deyildir.

Şəklin mənbəyi, Getty
Onun hazırda Avropa İttifaqı kimi qərbyönlü qurumlara üzvlük istəyi yoxdur.
Bunun əvəzində Rusiya daim Qərbə alternativ yaratmağa can atır. Bunlardan ən sonuncu cəhd Avrasiya İttifaqıdır. Bu təşkilat Qərblə balansa hesablanmış, lakin Qərbin norma və dəyərlərindən azad bir qurumdur.
James Nixey bu qənaətdədir ki, Avrasiya İttifaqına qoşulan ölkələrin bunu hansı bir həvəslə etdiyi xatırlanarsa, onun gələcəyi barədə doğacaq suallar təbii səslənə bilər.
Bütün bunlardan daha mühüm amil isə budur ki, Rusiya dünya boyunca demokratiyanın ən inadkar rəqibidir.
2014-cü il üçün Ümumi Daxili Məhsula (ÜDM) görə dünyanın ən böyük iqtisadiyyatları (milyard dollarla):
- ABŞ: 17
- Çin: 10
- Yaponiya: 4
- Almaniya: 3
- Birləşmiş Krallıq: 2,9
- Fransa: 2,8
- Braziliya: 2,3
- Italiya: 2
- Hindistan: 2
- Rusiya Federasiyası: 1,8
Hazırda Suriyada apardığı hava kampaniyasına qədər Rusiya özünü qlobal güc adlandırsa da, regional güc kimi davranırdı.
Rusiyanın qarşılaşdığı ən böyük çətinlik budur ki, o özünün qlobal əhəmiyyətini saxlamağa çalışsa da, bu titul üçün zəruri olan bütün göstəriciləri tənəzzüldədir, müttəfiqləri azdır, onların da əksəriyyəti diktaturalardır.
Bəziləri üçün Rusiyanın təbii və tarixi hegemonluğu onun daim əsas oyunçu olaraq qalmasını təmin edəcək.
Bir başqalarının fikrincə isə, Rusiya öz zəifliyini riskli xarici avantürizmlə pərdələməyə çalışır.
Bir çoxları düşünürlər ki, hazırda Rusiya elə məhz bunu etməklə məşğuldur.



