"Be Like Bill": Biz niyə Bill kimi olmalıyıq?

Şəklin mənbəyi, Other
Bill kimdir? Xeyr, söhbət Gates və ya Clintondan getmir. Söhbət, internetdə rezonans yaradan adi bir rəsmdən gedir.
"Be like Bill" - və ya "Bill kimi ol" memi çoxunun Facebook səhifələrində peyda olub. "Bill", internetdə düzgün davranmağın və müasir həyat tərzinin digər suallarına nümunə kimi gətirilir.
Bill özü sizə "belə eləmə" deməyəcək - axı o, çox nəzakətlidir. O sadəcə nümunədir, amma demək istədiyi aydındır və adətən çox gülməli olur.
Şəkillər ötən ilin sonunda peyda olmağa başlasa da, yanvarda lap populyarlaşıb. Bu, "Be like Bill" adlı Facebook səhifəsinin yaradılmasından sonra baş verib - hazırda həmin səhifəni 1,25 milyon istifadəçi bəyənib.
Buyurun, səhifədə paylaşılan məsləhətlərdən biri:

Şəklin mənbəyi, Other
BBC Trending, səhifənin yaradıcısı Eugeniu Croitorudan soruşub ki, onun özü az da olsa Bill kimidir?
"Yox, Bill məndən qat-qat üstündür", İtaliyada yaşayan moldovalı Croitoru deyir. O, karikaturaları həmkarı Debabrata Nath ilə yaradır. Croitoru özünü "internet təşəbbüsçüsü" kimi təsvir edir. Hazırda ideyalarından pul qazanmasa da, gələcəkdə bunun reallaşacağına ümid edir.
"İdeya əslində çox sadədir. 'Bill' sadəcə ağıllı, sağlam düşüncəli birisidir və zəhlə tökən şeylər eləmir. Fikir versəniz görəcəksiniz ki, Bill özünü də, başqalarını da hərdən lağa qoyan birisidir", Eugeniu Croituru izah edir.
Mem o qədər populyarlaşıb ki, bütün dünyaya yayılıb. Hər bir ölkədə Bill yeni adla tanınır.

Şəklin mənbəyi, Other

Şəklin mənbəyi, Other
Ərəbcə onun adı "Bilal" ya da "Bəşir" olur.
Malayziyada o, "Rəşid"dir. Azərbaycanda isə "Əhməd"dir.
İspan dilli sosial media istifadəçiləri isə "Jose" kimi olmağı tövsiyə edir.
Bill-in aldığı formaların əksəriyyəri onlayn davranışa aid olsa da, bəziləri siyasətə "qarışmağa" başlayıb.
Bir səhifədə Bill, Suriya prezidenti Bəşər əl-Əsəddir və mesaj Bill-in məsləhətlərinin əksidir: "Belə olmayın".
Eyni zamanda Bill-ə qarşı kampaniya da fəallaşır - onun "iddialı, özünəvurğun, özündənrazı" olduğunu deyənlərin də öz səhifələri var.
Croitoru bu siyasiləşdirilmələrə, parodiyalara necə yanaşır? "Məni heç qıcıqlandırmırlar. Mən ancaq onu deyə bilərəm ki, ideya müsbət bir şey yaratmaq üçün idi. Adamları güldürmək üçün idi. Siyasət üçün deyildi".
Bloq: Anisa Subedar, BBC Trending




