Ermənistan prezidenti Moskvada Rusiya prezidenti ilə görüşür

Ermənistan prezidenti Serj Sarkisyan bu gün Moskvada Rusiya prezidenti Vladimir Putinlə siyasi, iqtisadi-ticarət və humanitar sahələrə aid məsələlər üzrə danışıqlar keçirəcək, Kreml mətbuat xidməti bildirir.
Vladimir Putinin dəvətilə Rusiya paytaxtına “təşrif gətirən Sarkisyanla danışıqlar əsnasında həmçinin Avrasiya məkanında inteqrasiya proseslərinin irəliləməsi məsələsinin nəzərdən keçirilməsi və bir sıra aktual beynəlxalq və regional problemlər üzrə fikir mübadiləsi planlaşdırılır”, məlumatda deyilir.
Rusiya “Novosti” informasiya agentliyi, Ermənistan prezident aparatı və Kreml mətbuat xidmətlərinin məlumatında Dağlıq Qarabağ probleminin xatırlanmadığına işarə edərək, Putinlə Sarkisyanın bu gün məhz Qarabağ məsələsini müzakirə edəcəklərini qeyd edir.
Daha əvvəl, bu həftə Vladimir Putin Bakıya səfəri zamanı Azərbaycan və İran dövlət başçıları İlham Əliyev və Həsən Ruhani ilə üçtərəfli və ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirib.
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsindən söz düşəndə, Vladimir Putin bəyan edib ki, Rusiya Azərbaycanla Ermənistanın münaqişə tərəflərinin hər ikisini qane edən həll tapmasına çalışacaq, TASS agentliyi xəbər verir.
“Bu, həqiqətən də sovet keçmişimizdən qalan bir problemdir. Həm Azərbaycan, həm Ermənistan üçün nə dərəcədə kəskin məsələ olduğunu bilirəm, - İlham Əliyevlə görüş zamanı Putin deyib. - Biz çalışacağıq ki, Ermənistanla Azərbaycan güzəştli, lakin hər iki tərəfi qane edən həll tapsın, elə həll ki, hər iki ölkə xalqları qalib olsun və hər iki dövlət hiss etsin ki, bugünkü və gələcək nəsillərin mənafeyi naminə bu mürəkkəb məsələni həll ediblər”.
Siyasi böhran
Serj Sarkisyanın Moskvaya səfəri Ermənistanda onun istefası tələblərilə etiraz aksiyaları keçirilməsinə təsadüf edir.
Etiraz aksiyaları – mitinq və yürüşlər formasında - iyulun 17-də Yerevan polis keşikçi-patrul alayının, həmçinin Qarabağ müharibəsi veteranlarının təmsil olunmuş “Sasna tsrer” silahlı qrup tərəfindən ələ keçirilib iki həftədən sonra silahı yerə qoyduqdan sonra başlayıb.
Silahlı dəstənin siyasi əsasını təşkil edən “Müəssislər məclisi” radikal müxalif hərəkatı Serj Sarkisyan hakimiyyətini 2016-cı il aprel ayında Qarabağ təmas xəttində “dördgünlük müharibə” nəticəsində ərazilər itirməkdə günahlandırır.
Mitinqlərdə Rusiya “sözdə müttəfiqi saydığı Ermənistanla müharibə vəziyyətində olan Azərbaycana müasir hücum silahları satmaqda” suçlanır.
Bir çoxları Rusiyanın Azərbaycanı öz “təsir dairəsinə cəlb etmək” məqsədilə Ermənistanın maraqlarından “keçməyə” hazır olduğunu düşünür.

“Ermənistan rəhbərliyinin fəaliyyəti sayəsində ölkə o dərəcədə Rusiyadan asılı vəziyyətə qoyulub ki, Kremlin istənilən təklifini sözsüz qəbul etməyə hazırdır”, - Yerevanda mətbuat konfransında politoloq Stepan Qriqoryan deyib.
Rusiya “Novosti” agentliyinin analitik məqaləsində hazırda Ermənistanda vəziyyətin “mürəkkəb” olduğu qeyd olunur və işarə edilir ki, “bəzi erməni müxalif partiyaları Qərbdən ciddi maliyyə yardımı alır və mövcud hakimiyyətin devrilməsinə tuşlanıb“.
Eyni zamanda Rusiya rəsmi informasiya agentliyi “dördgünlük müharibədən sonra” məhz Putinin Əliyevlə Sarkisyan arasında “yeganə nüfuzlu vasitəçi” olduğunu və bu halın “Vaşinqtonda çoxlarının xoşuna gəlmədi”yini qeyd edir.
“Odur ki, erməni KİV-lərinə guya Rusiyanın ona xəyanət etdiyi mesajı buraxıb, sonra isə Yerevanda hakimiyyət əleyhinə üsyana təkan verən Qərb xüsusi xidmətləri Əliyevlə Sarkisyan arasında ilkin razılıqları pozdular”, - RİA Novosti analitik yazısında deyilir.
Serj Sarkisyan da daha əvvəl prokurorhüquq-mühafizə orqanları rəhbərləri ilə müşavirədə bəyan etmişdi ki, “Ermənistan Qarabağ məsələsində heç vaxt birtərəfli güzəşt etməyəcək”.




