Ermənistan müdafiə nazirliyində istefalar

Qarabağ münaqişə bölgəsində dördgünlük döyüşlərdən sonra Serj Sarkisyan Ermənistan hərbi rəhbərliyi ilə Qarabağa baş çəkib yerli erməni rəhbərliyi və qoşun hissələri ilə görüşlər keçirmişdi
Şəklin alt yazısı, Qarabağ münaqişə bölgəsində dördgünlük döyüşlərdən sonra Serj Sarkisyan Ermənistan hərbi rəhbərliyi ilə Qarabağa baş çəkib yerli erməni rəhbərliyi və qoşun hissələri ilə görüşlər keçirmişdi

Ermənistan prezidenti Serj Sarkisyanın fərmanı ilə müdafiə Nazirliyinin bir sıra yüksək vəzifəli nümayəndələri vəzifələrindən azad edilib.

Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatına görə, müdafiə nazirinin müavini, maddi-texniki təminat departamentinin rəhbəri Alik Mirzabekyan, Silahlı Qüvvələri Baş Qərargahı Kəşfiyyat İdarəsinin rəisi general-mayor Arşak Karapetyan, rabitə qoşunlarının rəisi, rabitə və avtomatik sistemlər idarəsinin başçısı general-mayor Komitas Muradyan vəzifələrindən uzaqlaşdırılıblar.

Bəzi yerli ekspertlər bu “hay-küylü istefaları” Qarabağ münaqişəsi bölgəsində yaranmış vəziyyətlə bağlı olduğunu ehtimal edir.

Ötən həftəsonu Ermənistan müdafiə naziri və bir sıra başqa yüksək vəzifəlilərin istefası tələbilə prezident iqamətgahı qarşısında etiraz aksiyası dağıdılmışdı.

Rəsmi məlumata görə, 42 nəfər nümayişçi saxlanıldıqdan bir neçə saat keçmiş buraxılmışdı.