Uşaqları seksual təcavüzdən necə qorumalı? – 8 cavab

Şəklin mənbəyi, THINKSTOCK
BBC Türkcənin İstanbul müxbiri Rengin Arslan yazır ki, ölkənin Karaman vilayətində 10 uşağa qarşı edilmiş cinsi təcavüz bu ağrılı problemi bir daha diqqət mərkəzinə gətirib.
Müxbir sual edir: Böyüklər himayələrində olan uşaqları cinsi təcavüzdən, istismardan qorumaq üçün nə etməlidirlər? Uşağa nələri öyrətmək lazımdır, axı bəzən təcavüz uşağın tanıdığı və ya etibar etdiyi birisindən də gələ bilər. Bəs bunu uşağa necə izah etmək lazımdır?
Türk Psixoloqlar Cəmiyyəti İstanbul Şöbəsinin rəhbəri professor Aslı Çarkoğlu BBC Türkçeye bu suallara cavab tapmaqda yardımçı olub.
1. Uşaqların seksual istismarı nə dərəcədə geniş yayılıb?
Bu suala tam mənasında cavab vermək olmur, çünki bu barədə çox vaxt böyüklər danışmaq istəmir, uşaqlardan isə soruşmaq olmur. Həm də “uşağın dediyinə inanmaq olarmı” xürafatı da var.
Amma 2008-ci ildə Sosial Xidmətlər və Uşaqların Müdafiəsi Agentliyi və UNİCEF-in müştərək olaraq 7-18 yaşları arasında olan 1886 uşaq arasında apardığı rəy sorğusu onların yüzdə üçünün son 12 ayda cinsi istismara uğradıqlarını göstərib və belə vəziyyət normal sayıla bilməz.
2. Uşaqlara qarşı seksual qısnama və təcavüz adətən hansı çevrədən gəlir?
Bu hallar adətən uşaqlaırn tanıdıqları və inandıqları insanlar tərəfindən törədilir.
3. Qısnama barədə uşaqlara hansı məlumat və necə verilməlidir?
Uşaqlara, onlara istəmədikləri bir şəkildə toxunulduğu vaxtlarda “yox” deyə bilmək qabiliyyəti aşılanmalıdır.
Uşaqlar dil açmağa başlayarkən onlara göz, qulaq, burun kimi “məhrəm yerlərin” də adları öyrədilməlidir. “Özəl orqanlara” qondarma və düzəltmə adların verilməsi düzgün deyildir, çünki bu, uşaqların yardım istədikləri vaxt başqaları ilə ünsiyyətlərində çətinlik yarada bilər. Qondarma adlarla danışan uşağı müəllimləri və ya polis başa düşməyə bilər.
Uşaqlara onlarda başqalarında da olduğu kimi “müəyyən orqanların” olduğu, onların adları və onlara kimlərin toxuna biləcəyi barədə dəqiq məlumat verilməlidir.
- 1. Cinsi orqan və ya ağız nahiyəsində ağrılar, dəri rənginin dəyişməsi və qanamalar
- 2. Ayaqyoluna getdikləri zaman dəfələrlə təkrarlanan ağrı
- 3. Səbəbsiz yerə özünü islatma
Türk Psixoloqlar Cəmiyyəti İstanbul Şöbəsinin direktoru doktor Aslı Çarkoğlu
4. Uşaqları neçə yaşından maarifləndirmək olar? Onlara nələr söylənməlidir?
Bu iş mümkün qədər erkən görülməlidir, çünki uşaqlar bütün yaşlarda cinsi təcavüzə məruz qala bilərlər. Uşaqlar dil açmağa və istədiklərini anlatmağa başladıqları 2 yaşlarında onlara bədən orqanlarının adları öyrədilməlidir. Tanımadıqları və etibar etmədikləri insanların onlara toxunduqları vaxt “yox” demələrinin vacibliyi onlara izah edilməlidir.
Məsələn: “Səninlə bədəninin salamatlığı haqqında danışmaq istəyirəm. Hamımızda olduğu kimi sənin də bədənində xüsusi yerlər var. Bu yerlərini insanlar həmişə örtürlər. Sənin bu yerlərinə tanımadığın bir kəs toxunarsa, ona “yox” deməlisən. Bəzi böyüklər, bəzən hətta tanıdığın böyüklər də sənin bu yerlərinə toxunub səni narahat edə bilərlər. Belə vaxtlarda “yox, mənə əl vurma” deməlisən. Sonra da bunu mənə və ya inandığın böyüklərdən birinə söyləməlisən. Belə olsa biz səni qoruyarıq və həmin adama özünü düz aparmadığını başa sala bilərik”.
Burada çox vacibdir ki, uşaq ona toxunulduğuna görə kiminsə mütləq cəzalandırılacağına inanmasın. Çünki təəssüf ki, uşaqların seksual qısnanmasının mənbəyi çox vaxt onların tanıdıqları və ya inandıqları şəxslər olur. Uşaqlar bu adamlara cəza verilməsindən qorxub çəkinə bilərlər.
Cinsi qısnamaya məruz qalan uşaqlarda emosional əlamətlər hansılardır?
- 1. Gecələr yuxuya getmək problemi, vahimələr
- 2. İfrat höcətlilik
- 3. Bəzi yer və bəzi insanlardan qorxu
- 4. Özünə qəsd davranışları
- 5. Evdən və ya məktəbdən qaçış
Mənbə: Türk Psixoloqlar Cəmiyyəti İstanbul Şöbəsinin direktoru professor Aslı Çarkoğlu
5. Uşaqlar və böyüklər arasındakı fiziki təmasda hansı davranış qaydaları mövcuddur?
Valideyn və uşaqların bədən üzvlərinə hər zaman sayğılı yanaşması mühümdür. Uşaqların icazəsini almadan və ya onların etirazına rəğmən onlara toxunmamalıyıq. Uşaqların istəmədiyi hallarda onları öpmək, qucaqlamaq, çimdikləmək, qıdıqlamaq və ya oxşamaq kimi hərəkətlər də bura daxildir. Bu toxunmalar heç bir seksual istismar mənası daşımadığı hallarda belə uşaqlara onların öz vücudları üzərində sahibliyə malik olmadıqları barədə ziyanlı təsəvvür yarada bilər. Bu, uşaqların seksual təcavüzə müqavimətinə mənfi təsir göstərir, onların “yox” deyə bilmək , özünü müdafiə etmək qabiliyyətini zəiflədir.
Uşaqlar belə hadisələr olduqda danışa biləcəkləri bir məsuliyyətli şəxsin olduğunu bilməlidirlər. Uşaqlar belə bir şəxsin onları danlamayacağına əmin olmalıdırlar. Belə bir hadisə yaşamış uşaqlar üçün ən pis nəticə onların şikayətinə əhəmiyyət verilməməsi və ciddi qəbul olunmamasıdır.
6. Uşağın seksual qısnama və ya təcavüzə məruz qaldığı barədə onun hansı davranışları və fiziki xüsusiyyətləri siqnal sayıla bilər?
Aşağıda sadalanacaqlar əgər ailədə başqa hadisələr (xəstəlik, ailə problemləri, boşanma, köçmə, ölüm və sair) baş vermirsə, narahatlığa səbəb olmalıdır:
- Uşağın normal halından fəqrli olaraq özünə qapanması və fikirli olması
- Gecələr yatmaq problemi, vahimələr
- Yaşına uyğun olmayan hərəkətlərə yol verməsi (məsələn, tualetdən istifadəni bacardığı halda yatağı islatması)
- İfrat inadkarlıq
- Bəzi yer və insanlardan qorxa/çəkinmə
- Yeməkdə fərqlər (həmişə olduğundan az və ya çox yemək)
- Cinsi orqanlar barədə qəflətən yaranmış və yaşına uyğun olmayan yeni bilklər (argo sözlər)
- Oyuncaqları ilə oynayarkən yaşına uyğun olmayan bir təzdə hərəkətlərə yol verməsi
- Özünə ziyan vermə davranışları (saçını yolmaq və sair)
- Evdən/məktəbdən qaçma
- Cinsiyyət nahiyəsində, anus və ya ağız nahiyəsində ağrı, üz rəngindəki dəyişiklik və ya qanama
- Ayaqyolu zamanı (bir dəfədən çox olmaqla) ağrılar
- Aşkar səbəb olmadan özünü islatması
7. Karamanda baş vermis hadisə zamanı uşaqlar ailələrindən uzaqda olublar. Belə hallarda ailələr hansı tədbirləri görə bilər. Uşaqlarla necə bir əlaqə qurulmalıdır ki, onlar gündəlik həyatlarında gözləmədikləri vəziyyətlərı başa düşsünlər?
Belə ailələr yuxarıda izah edilmiş qaydalar əsasında uşaqları ilə təfərrüatlı hazırlıq işi görməlidirlər. Karaman hadisəsi zamanı uşaqlar 10 yaşlarında olublar. Onlar bu yaşda artıq bədənin “xüsusi yerləri” və “narahatedici toxunma” kimi anlayışlara malik olurlar. Burada uşaqların üzləşə biləcəkləri problem onların baş verənləri anlaması yox, bu barədə inandıqları insanlara xəbər verə bilməsidir. Uşaqlar belə hadisələr barədə məlumat verdikdə özlərinin cəzalanmayacaqlarına əmin edilməlidirlər. Uşaqlara məhz bunu izah etmək lazımdır.
Bundan başqa ailələrindən uzaqda olan uşaqların ailələri ilə sıx və problemsiz kommunikasiya imkanları olmalıdır. Yəni uşaq və valideyn lazım olan vaxtlarda bir-birlərini rahatlıqla tapa bilməli və bu işdə onlara bütün imkanlar yaradılmalıdır. Valideynələrə uşaqları ilə tez-tez görüşmək imkanı verilməlidir.
8. Valideynlər uşaqlaırnın cinsi qısnama və ya təcavüzə məruz qaldıqlarından şübhələndikdə nə etməlidirlər?
İlk növbədə uşaqlarla onları həyəcanlandırmadan və qorxutmadan sakit və təmkinli bir şəkildə söhbət edilə bilər. Onlara son günlərdə kiminsə xoşlarına gəlməyəcək bir tərzdə toxunub-toxunmadıqları, istəmədikləri bir şeyi etməyə məcbur edilib-edilmədikləri sakit şəkildə soruşula bilər. Əgər belə bir söhbəti özünüzün apara bilməyəcəyinizi hiss edirsinizsə, bir psixiatr və ya psixoloqun yardımına müraciət edilməlidir. Uşağın ilk dəfə verdiyi ifadəyə xüsusilə diqqətlə yanaşılmalıdır:
Uşaq sakit bir tərzdə, hay-küysüz və təlaşsız, əsəbiliksiz dinlənilməli,
Uşağa inanılmalı, uşaq başına gələnlərin onun günahı olmadığına inandırılmalıdır. Bu cür hadisələr barədə danışmaq uşaq üçün çox çətin ola bilər. Uşaqlar aşağıdakılardan qorxub çəkinə bilərlər:
- Təcavüzçünün onlara pislik edəcəyindən
- Valideynlərin əsəbiləşəcəyindən
- Ailələrinin dağılacağından (ələxüsus da təcavüzkar ailə üzvüsürsə)
- Ailələrindən alına biləcəklərindən.
- Uşaqlar təkrarən təcavüzə məruz qala biləcəkləri ehtimalından qorunmadırlar.
- Burada ədliyyə rəsmiləri ilə əlaqə yaradılması zərurudir.
Uşağın mümkün tibbi problemləri ilə bağlı tibbi yardım alınarkən, bir psixoloqdan uşağın ruhi durumu barədə öyrənilməlidir.
Məqalədə deyilir ki, unudulmaması zəruri olan başqa bir məqam da var. Hadisələri ört-basdır etməklə və uşaqların bunları unudaraq üstün gələcəyini gözləmək böyük səhvdir. Susmaq və susduqmaq yaraları dərinləşdirə bilər. Belə hallarda söhbətin yaxşılaşdırıcı xüsusiyyətə malik olduğu və psixoterapevtin sağlamlaşdırmanı sürətləndirdiyi unudulmamalıdır.
Hadisənin ətraf tərəfindən bilinməsi halında baş verə biləcək hüquqi proseslər barədə uşaqlara məlumat verilməlidir. Bütün mümkün prosesin uşağa əvvəlcədən izah edilməsi uşağın bu prosesdən daha asan aşmasına yalnız kömək edir.
Uşaq ailəsi tərəfindən sevilməkdə davam etdiyinə, başına gələnlərin onun təqsiri olmadığına əmin edilməlidir.
http://www.bbc.com/turkce/haberler/2016/03/160330_sekiz_soruda_cocukistismar




