Türkiyə qoşunlarını İraqdakı düşərgədən geri çəkir

Minlərlə insan Bağdadda Türkiyə qoşunlarının yerləşdirilməsinə qarşı etiraz edib

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Minlərlə insan Bağdadda Türkiyə qoşunlarının yerləşdirilməsinə qarşı etiraz edib

Türkiyə qoşunlarının bir hissəsini İraqdakı bazadan geri çəkib, ölkənin dövlət xəbər agentliyi məlumat verir.

Anadolu xəbər agentliyi hərbi rəsmilərə istinadən bildirib ki, 10 və ya 12 maşından ibarət konvoy Başiqa düşərgəsini tərk edərək şimala doğru hərəkət edib.

Türkiyə qoşunlarını 2014-cü ildən İraq kürd qüvvələrinə təlim keçmək üçün İslam Dövləti (İD) qruplaşmasının nəzarət etdiyi Mosul şəhəri yaxınlığında yerləşdirib.

Lakin bu ayın əvvəli 150 yeni kadrın gəlişi İraq hökumətinin tənqidinə məruz qalıb.

Bağdadın bildirdiyinə görə, yeni qoşunların yerləşdirilməsi heç bir məsləhət aparılmadan həyata keçirilib və ölkənin milli suverenliyini və beynəlxalq qanunları pozub.

İraq Türkiyənin qoşunlarını geri çağırması üçün BMT Təhlükəsizlik Şurasına müraciət etmişdi.

Ankara bunun İD-ə qarşı döyüşən İraq qoşunlarına təlim keçmək üçün göndərilmiş beynəlxalq missiya olduğunu bildirərək addımını müdafiə edirdi.

Lakin cümə günü Türkiyə baş naziri Ahmed Davutoğlunun kabinetindən bildirilib ki, İraq rəsmiləri ilə danışıqlardan sonra ölkə Başiqadakı hərbi personalını yenidən təşkil etmək qərarına gəlib.

Bazar ertəsi həyata keçirilən qoşunların hərəkəti “yeni razılaşmanın” bir hissəsidir, Türkiyə hərbi mənbəsindən Reuters xəbər agentliyinə bildirilib.

Türkiyə hökumətinin İraqın şimalındakı yarı muxtar Kürdistan rayonu ilə yaxın münasibətləri var.