Davutoğlu: Rusiya Türkiyənin “dostu, qonşusudur”

Şəklin mənbəyi, AP
Türkiyənin baş naziri Ahmet Davutoğlu “öz ölkəsinə dost Rusiya” ilə gərginliyin atması əleyhinə olduğunu bildirib.
O bu bəyanatı çərşənbə günü, Türkiyə Rusiyaya məxsus hərbi təyyarəni Suriya sərhədi yaxınlığında vurduqdan bir gün sonra verib.
“Bizim Rusiya Federasiyası ilə gərginliyi artırmaq niyyətimiz yoxdur – deyib Davutoğlu Türkiyə parlamentinə, - Rusiya bizim dostumuz və qonşumuzdur”, Franse Presse agentliyi ondan sitat verib.
Türkiyənin F-16 qırıcısı Suriya ilə sərhədin qorunması təlimatına uyğun olaraq Rusiya təyyarəsini vurduqdan sonra Moskva kəskin reaksiya verib. Prezident Vladimir Putin deyib ki, bu insidentin Ankara üçün ciddi nəticələri olacaq.
Bundan başqa Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə noyabrın 25-ə təyin olunmuş səfərini ləğv edib, prezident Putin isə rusiyalıları Türkiyəyə turist səfərləri etməməyə çağırıb.
Davutoğlu deyib ki, Rusiya təyyarəsi Türkiyənin hava məkanını pozduqdan sonra “təhlükə” hesab edildiyindən vurulub.
Bununla belə, baş nazir Türkiyənin ən böyük ticarət partnyoru olan Rusiya ilə gərginliyin azaldılmasına çağırıb.
“Bizim Rusiya ilə çox güclü iqtisadi, ticari və mədəni bağlarımız var” - Davutoğlu deyib. O əlavə edib ki, Moskva ilə kommunikasiya xətləri tam açıqdır.
Bununla belə, baş nazir deyib ki, Türkiiyənin öz sərhədlərini və milli təhlükəsizliyini qorumaq kimi “təbii haqqı” vardır.
“Türkiyənin heç bir ölkənin torpağında gözü yoxdur” - Ahmet Davutoğlu deyib.
O bildirib ki, Rusiyanın hədəflənməsi Türkiyənin niyyəti deyildir.
Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada verdiyi brifinqdə deyib ki, Türkiyə tərəfi baş vermiş insidentdən təəssüfləndiyini birldirsə və başsağlığı versə də, Ankarının öz mövqeyində qaldığı anlaşılır.




