Ermənistan: deputat rüşvət iddialarına dair sənədləri prokurorluğa vermir

Ermənistan hüquq-mühafizə orqanları müxalif Erməni Milli Konqresi parlament fraksiyasının rəhbəri Levon Zurabyandan “Venesiya Komissiyasına rüşvət vermə halları ilə bağlı” onda olan faktları təqdim etməyi xahiş edib.
Ermənistan Polisinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (MCMİ) millət vəkilinə ünvanlanan məktubunda Ermənistan Baş Prokurorluğu tərəfindən Levon Zurabyanın bəyanatı ilə bağlı araşdırma aparmaq göstərişi verildiyi bildirilir.
Ötən cümə günü parlamentdə jurnalistlər üçün brifinq zamanı Levon Zurabyan konstitusiya islahatı üzrə xüsusi komissiyanı Avropa Şurası Venesiya Komissiyasına rüşvət verməkdə ittiham edib.
Erməni Milli Konqresi (EMK) Serj Sarkisyanın təşəbbüsü ilə tətbiq edilən konstitusiya islahatına qarşı çıxış edir.
EMK fraksiyasının rəhbəri konstitusiya dəyişikliyi tərəfdarlarının “çox dar çevrə” təşkil etdiyini bildirib:
“Bunlar Serj Sarkisyanın başçılıq etdiyi hakim partiya, onun yaratdığı konstitusiya komissiyasıdir, hansının ki rəhbəri, Qaqik Harutyunyanın yeganə vəzifəsi Venesiya Komissiyasını rüşvətlə almaq və lobbizmdir. Bununla bağlı bizim əlimizdə faktlar var...”.
Venesiya Komissiyasının sədri Gianni Buquicchio isə ötən həftə prezident Sarkisyanla görüşü zamanı Ermənistan Konstitusiya layihəsi üzrə referendumu “demokratiyanın inkişafı yolunda böyük addım” adlandırıb və Ermənistanda konstitusiya islahatının Venesiya Komissiyası tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
“Tamaşada iştirak etmək” niyyətində deyil

Müxalif millət vəkili hüquq-mühafizə orqanlarının onun bəyanatı ilə bağlı hərəkətlərini “heç bir hüquqi əsası olmayan təbliğat məqsədi daşıdığını” deyərək “bu tamaşada iştirak etmək” niyyətində olmadığını bildirib.
Zurabyan “siyasi xarakterli işləri araşdırarkən korrupsiyalaşmış hakim rejimin qeyri-qanuni göstərişlərinə əməl edən, onun maraqlarına qulluq edərək cinayətlərini ört-basdır edən prokurorluğa, polisə və istintaq orqanlarına etimad etmədiyini" bildirir.
Zurabyan özü və təmsil etdiyi Erməni Milli Konqresi tərəfindən təqdim edilən “hakimiyyətdə olanlarla bağlı çoxsaylı korrupsiya faktlarına istintaq orqanları tərəfindən” məhəl qoyulmadığı deyir.
“Nə üçün bütün bu məsələlərə və vəsatətlərə maraq göstərilməyib, bir fakt belə araşdırılmayıb? Və nə üçün buna rəğmən siyasi bəyanatla bağlı hüquqi prosesə başlanılır?”, - Zurabyan deyir.
Zurabyan yalnız “mövcud hakimiyyət” dəyişildikdən sonra hüquq-mühafizə orqanlarının “hakim rejimin qeyri-qanuni təsirindən azad olub, obyektiv və müstəqil” fəaliyyət göstərə biləcəyinə əmin olduğunu qeyd edib.




