Cənubi Qafqazın tənha anaları

Şəklin mənbəyi, Getty

Heç kim üçün sirr deyil ki, Qafqaz mentaliteti tək anaları, yəni nigahı olmadan uşaq dünyaya gətirən qadınları birmənalı qarşılamır, BBC Azərbaycanca üçün qafqazlı jurnalistlər Günel Mövlud, Nona Şahnazaryan və Edita Badasyan yazır.

Maraqlıdır ki, "nigahdan kənar uşaq" ifadəsinin özü də ikimənalı açıqlanır: rəsmi nigahı olmayan, lakin el adəti ilə toy eləyən, qohum-əqrabanın tanıyıb, qəbul etdiyi ailədə doğulan uşaqlar və ya heç kimin tanımadığı atadan, rəsmi olmayan münasibətdən doğulan uşaqlar.

Cəmiyyətin belə uşaqlara münasibəti necə olur? Belə uşaqları dünyaya gətirən analar hansı çətinliklərlə qarşılaşır?

Müəlliflərin Cənubi Qafqazın hər üç ölkəsindən araşdırmalarını oxuyun:

Azərbaycan

Tək ana, nigahdankənar uşaq dünyaya gətirmiş, istəyinə uyğun olaraq, şərti Gülər Məhərrəmova adını verdiyimiz qadın öz təcrübəsini bölüşür:

"İki illik münasibətdən sonra hamilə olduğumu öyrəndim. Uşağın atası imtina elədi. Sözün doğrusu, mən də qorxdum və abort etməyə qərar verdim. Müayinə zamanı, USM aparatının ekranında uşagı gördüm, onun ürək döyüntülərini eşitdim və anladım ki, abort edə bilməyəcəm.

"Uşağın atası məsuliyyəti üzərindən atdı, dostlar-tanışlar üz döndərdilər. Həm maddi çətinliklərlə qarşılaşmışdım, həm də daima qorxu və həyəcan içərisində idim. Ailəm xəbəri çox pis qarşıladı. Hamiləliyimin yeddinci ayında anama danışdım. Özum Bakıda yaşayırdım, ailəm bölgədə idi. Anam məni görəndə ağladı. Camaata nə deyəcəyimizi soruşdu. Daha sonra dedi ki, vaxtında desəydim, abort elətdirərdik. Bilirdim, onlar bilsələr, aborta məcbur edəcəklər. Buna görə anama heç nə danışmamışdım.

Hərdən həyat elə gətirir ki, uğurlu, işləyən, uşağını maddi cəhətdən təmin eləyəbilən qadınlar ailə qurmurlar. Ana olmağı cox arzulasalar da, nigahdankənar uşaq dünyaya gətirməkdən çəkinirlər. Onlara ana olmağa, analıq hissini yaşamağa mane olan nədir?

Bu suallara kinoşünas Aygün Aslanova cavab verir. Onun 36 yaşı var. Ailə qurmayıb, amma usağına baxmaq, təmin etmək imkanına malikdir. Bunu etməyə mane olan səbəbləri bizimlə bölüşür:

"Ana olmaq istəyərdim. Amma uşaq xatirinə ailə qurmaq istəmirəm. Yaşadığımız cəmiyyətdə tək ananın uşağı dünyaya gətirməsi ciddi problemdir. Hamiləliyin bilinən məqamdan etibarən qohumların, qonşuların diqqət mərkəzində olacaqsan. Deyiləsi mümkün olan və olmayan çoxlu suallar ortaya çıxacaq. Dəstəkdən çox ittiham eşidəcəksən. Bunlara tab gətirmək çox çətindi. Hələ ki, özümdə bu cəsarəti tapmamışam. Öz ailəmi - anamı və bacılarımı düşünürəm. Xüsusilə, anamı. Doğrudur, anam mənə, bacılarıma anlayışla yanaşır. Lakin düşünürəm ki, qızının nigahdan kənar uşaq dünyaya gətirməsini o qəbul etməz".

Bəs qanunda tək analar haqqında nə deyilir? Nigahdankənar uşaq dünyaya gətirən analar hansı hüquqlara malikdirlər?

Bioloji atanın qanun qarşısında hansısa öhdəliyi varmı? Suallarımızı yeniyetmə hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış vəkil Ruslan Vəliyev cavablandırır:

"Azərbaycan qanunvericiliyi yalnız nigahda olan qadınların hüquq müdafiəsini nəzərdə tutduğundan, ümumi hüquqlardan başqa, nigahdankənar uşaq dünyaya gətirən qadınların hansısa əlavə hüquqları yoxdur", o deyir.

"Bioloji atanın uşaq qarşısında öhdəliyi atalıq faktının məhkəmə yolu ilə sübutunda sonra qoyula bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci bəndinə əsasən, məhkəmə atalığı təstiq edən bütün mövcud subutları nəzərə alır. Atalıq faktını ananın məhkəməyə müraciətinə əsasən qanun çərcivəsində araşdırılır və məhkəmə qərarı ilə təstiq olunur. Əgər məhkəmə araşdırması zamanı ata öz atalığını təstiq etmək istəmirsə, məhkəmə ekspertiza haqqında qərar qəbul edir. İş əsasında bioloji və ya genetik ekspertiza aparıla bilər.

Məhkəmə qərarı ilə atalıq sübut olunduqdan sonra, yeniyetməlik dövrünə kimi uşağın maddi təminatı, uşağın müalicəsində iştirak, uşağın tərbiyəsi, uşağın məcburi ibtidai təhsilinin təmin olunması, usağın maraqlarının vəhüquqlarının müdafiə olunması və bu kimi digər öhdəliklər ata üzərinə qoyulur.

Atanın ölümündən sonra nigahdan kənar uşaq varislik hüququna malik olur".

Beləliklə, Azərbaycanda tək analar və onların övladlarının huquqları qanunla qorunur.

Qanun qanundur, bəs bu analar və onların uşaqları öz evlərində və cəmiyyət arasında rahat yaşaya bilirlərmi? Onlara qarşı münasibət necədir?

Gülər Məhərrəmova deyir ki, insanlar eşidəndə "pis mənada təəcüblənirlər".

"Bəzi kişilər hətta mənfəət güdərək nalayiq təkliflər edirlər. Bəzi insanlar ailə qurmamış qadını natamam hesab edirlər. Tanışların, dostların xanımları mənim varlığımdan narahatlıq duyurlar. Bəziləri hətta bu narahatlığı gizlətmirlər. Hərdən elə olur ki, zəng eləyib təhqir edirlər, qorxudurlar", o deyir.

Qadın deyir ki, oğlu dünyaya gəldikdən sonra bir müddət yaşayış yeri, dolanışıq və uşaq bezləri ilə bağlı çətinliklər keçirib.

"İlk müddət oğlumla qadın hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatın sığınacağında yaşadıq. Orada da qadın hüquqlarının pozulduğunu gördüm.

Oğlumun bir yaşı olanda valideynlərimlə barışdım. İndi ailəmlə əyalətdə yaşayıram. Çətinliklərim var. Oğlum indi balacadir, böyüyəndə atası haqqında suallar verəcək. Çalışaram, ona necə doğulduğunu izah edim. Buradakı insanlar məni boşanmış kimi tanıyır. Həqiqəti bilsələr, məni qınayarlar".

Şəklin mənbəyi, Getty

Gülərin dediyinə görə, tək anaların əsas problemi maddi çətinlikdir:

"Bir çox qadınlardan, əsasən boşanmış qadınlardan ailə qurmaq istəmədiklərini, lakin uşaq istədiklərini eşitmişəm. Amma əksəriyyəti bu qərarı verə bilmir. Ailə qurmadan uşaq sahibi olmaq istəyən qadınlara məsləhət görərdim ki, ilk öncə maddi azadlıq əldə etsinlər, özlərini təmin eləyə bilsinlər, gerisi asan olacaq".

Gürcüstan

Bu mövzunu araşdırmamışdan əvvəl bir tanışımın yaşadığı hadisəni xatırladım.

Nigahda olmadan hamilə olduğunu bilən zaman şok yaşamışdı. Bu hiss nəinki onda, onun dostlarında və tanışlarında da yarandı. Biz gənc idik və ona hərtərəfli kömək edirdik, dəstək olurduq, amma düzü, onu sonuna kimi anlaya bilmirdik. Ailəsi də anlaya bilmədi.

O ailəsini tərk edib kirayə yaşamalı oldu. Daha sonra o, iş axtarmaq məqsədi ilə basqa ölkəyə köçdü.

İndi uşağın səkkiz yaşı var və ortada peşmançılıq yoxdur. Lakin onun ətrafında sakitliyin yaranması üçün iki il lazım oldu.

Tək analar kimlərdir? Nəyə görə onlar cəmiyyətdə və ailədə neqativ varlıq kimi qəbul olunur? Statistika göstərir ki, 2000-ci ildən 2015-ci ilə kimi doğum şəhadətnaməsində atalıq bölməsinin boş olduğu 32 min qadın qeydiyyatdan keçib.

Söhbətləşdiyim qadınlar abort etməyib, atasız uşaq dünyaya gətirən qadınlardır.

23 yaşlı Nelli üç ay əvvəl ana olub. Hamilə olduğunu öyrənəndə Nelli çox qorxmuşdu, uşağı tək dünyaya gətirmək istəmirdi, lakin abort etmək qərarını verə bilmədi.

"Bir oğlanla yaşayırdım. O, uşaq istəmirdi, özüm də hazır deyildim. Uşağı saxlamaq qərarını verəndə, biz ayrıldıq. Bütün məsulliyyəti öz üzərimə götürdüm. İlk zamanlar çox çətin idi. Hamiləliyin 3-cü ayına kimi depressiya, dəhşətli toksikoz, yuxusuz gecələr yaşadım. Çox qorxurdum. Tək idim, uşağım aliədən və bir çox şeylərdən məhrum olacaqdı".

O, dostlarının ona dəstək verdiyini xatırlayır. "Maddi və mənəvi yardım etdilər. 3-cü aydan sonra USM-də balaca insanı gördükdə böyük sevinc və enerji axını hiss elədim. Yaşamaq üçün ikinci nəfəs gəldi".

Nelli hesab edir ki, atasız uşaq dünyaya gətirməkdə pis heç nə yoxdur, indi Gürcüstanda belə hallar çox olur.

"Anlaya bilmirəm, insanlar bundan necə imtina edə bilirlər. Ailələrinin və cəmiyyətin qınağından qorxan yeniyetmələri anlamaq olur. Özüm isə heç zaman cəmiyyətin fikriylə hərəkət etməmişəm. Kənardan həmişə "ərin yoxdu?", "uşaq istəmirdisə, niyə yatırdın onunla?", "əvvəl ərə getmək lazımdı, sonra uşaq doğmaq lazımdı" kimi xoşagəlməz şərhlər olur. Ən pis münasibət təcili yardım həkimləri tərəfindən olmuşdu. Bir neçə dəfə çağırdım, axırda elə telefondaca “xəstəxanaya aparmağa əriniz yoxdu?!" kimi kobudluqlarla qarşılaşırdım. Ginekoloqum isə əksinə, məni dəstəklədi...".

Diananın 38 yaşı var. 10 və 8 yaşlı iki oğul anasıdır. Ailə qurmadan uşaq dünyaya gətirmək qərarını verəndə Diananın valideynləri həyatda yox idilər, yeganə bacısı isə bu addımını dəstəkləmişdi.

"Pis gözlər həmişə var, onlarla çox qarşılaşmışam. Lakin anlamaq lazımdır ki, əgər qadın əri olmadan uşaq dünyaya gətirmək qərarını veribsə, cəmiyyətin fikri onu maraqlandırmır. Uşaqlarımı heç kim aşağılamayıb, bu mənada hər şey qaydasındadır".

Onun təcrübəsinə görə ictimai fikirdən çox, qadının maddi stabilliyi və köməyinin olması vacibdir. "Bu isə, əsl problemdir", o deyir.

"Gürcüstan qanunvericiliyinə görə, bizə - tək analara hamı kimi standart 4 ay analıq məzuniyyəti verilir və hamı kimi 600 lari (263 AZN) kompensasiya ödənilir. Uşaqları bağcaya 2 yaşından götürürlər. Biz uşağı nə vaxt böyüdək və necə işləyək? Atanı itirmiş ailələrə ailə sahibinin itirilməsi səbəbindən əlavə məbləğ ödənilir, tək ana uşaqlarına isə belə yardım nəzərdə tutulmayıb".

Yekaterina Sxiladze Gürcüstanın Ombudsman Aparatı yanında Gender Bərabərliyi Departamentinin rəhbəridir. O deyir ki, ölkə qanunvericiliyində "qanundan kənar doğulan uşaq" anlayışı mövcud deyil.

Ötən ildən tək anaların kimliyi təsdiq edən status müəyyənləşdirildi və nəhayət 2014-cü ildə mülki məcəllədə “tək valideynlər” anlayışı müəyyənləşdirildi. 2014-cü ilə kimi bu qrup valideynlərə ayrıca status verilmirdi deyə heç bir əlavə yardımdan da bəhs oluna bilməzdi. Bununla bağlı sosial-ekonomik, işlə təmin olunma və digər sahələrdə problemlər yaşanırdı. Qanunvericilikdə bu anlayışın olmaması tənzimləmədə çətinlik yaradırdı.

"Tək valideyn həm ana, həm də ata ola bilər", Yekaterina Sxiladze qeyd edir. "Uşağın doğum şəhadətnaməsində valideynin birinin göstərildiyi usağı 18 yaşına kimi böyüdən şəxs tək valideyn sayılır. 2015-ci ilin sentyabrın 1-dən bu status rəsmiləşdi, qüvvəyə mindi və hazırda sosial xidmət agentliyi yardım proqramı üzərində işləməkdədir".

İndi mövcud olan yeganə güzəşt vergi orqanları tərəfindəndir. Gürcüstanın vergi məcəlləsinə əsasən tək analar il ərzində 3000 laridən aşağı əmək haqqı aldıqları təqdirdə, gəlir vergisindən azad olurlar.

UNICEF Georgia yanında proqramlar və əlaqələr üzrə rəhbər Maya Kursikidzenin sözlərinə görə, qanunvericilikdə nikahdankənar doğulmuş uşaqlara bağlı heç bir ayrı-seçkilik mövcud deyil.

"BMT-nin uşaq hüquqları konvensiyasına əsasən, bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Bu hüquqlar necə doğulmasından asılı olmayaraq, bütün uşaqlara şamil olunur".

Zorakılıqla mübarizə üzrə milli şəbəkənin bölgə koordinatoru Eliso Amirecibi uzun illərdir ki, tək anaların müdafizəsi və vəkilliyi ilə məşğul olur. Məhz bu qurumun köməyi ilə tək anaların statusu haqda qanun lahiyəsinin təşəbbüsü irəli sürülüb. Onun dediklərinə əsasən, tək analar haqqında hər hansı müəyyənliyin olması yaxşı haldır.

"Tək analıq statusunun verilmə şərtləri haqqında hələlik hansısa tənzimləmə yoxdur, bununla səhiyyə nazirliyi məşğul olacaq. Həmçinin, bu kateqoriya insanların sosial təminat paketi mövcud deyil. Bu işlər iki il əvvəl, təşkilatımızın tək analıq haqqında təşəbbüsündən sonra başlandı. Təəssüf, dövlətin bu uşaqlar qarşısında öhdəliyinin olmasına baxmayaraq, “tək ana” kəlməsi termin olaraq, qalmaqdadır”.

Eliso Amirecibi xatırlayır ki, 30 il əvvəl nikahdankənar doğulan uşaqları “qeyri-qanuni doğulmuş uşaqlar” adlandırırdılar. Bu uşaqlar cəmiyyət tərəfindən pis qarşılanırdılar.

"Bu günlərdə tək analar keçmişdəki kimi böyük narazılıqlarla qarşılanmır, bölgələrdə isə onlara qarşı münasibət 30 il əvvəl necə idisə, indi də elədir. Cəmiyyətin və ailənin zorakı münasibətindən qaçmaq üçün bu qadınlar bölgələrdən paytaxta köçürlər. Bizim təşkilat ailə zorakılığı istiqamətində fəaliyyət göstərir. Bizdə ailə zorakılığından müdafiə üçün sığınacaq vardır. Bu sığınacağa çox vaxt nikahdan kənar hamilə qalan qızlar müraciət edir. Çünki yaşadıqları kişilər onları atır, ailələri isə onları adlarını batırdıqları üçün evdən qovurlar. Bu qadınlar yeniyetmə yox, 20-30 yaş arasında yetkin insanlardır".

Ermənistan

Nikahdan kənar doğulan uşaqlar məsələsinə kənd-şəhər, kəndli-şəhərli sosial bölgüsündən, daha dəqiq desək, həyat tərzindən asılı olaraq münasibət dəyişir.

Yerevandakı ginekoloqlar arasında aparılan sorğuya əsasən, gənc analar uşağı təkbaşına dünyaya gətirib böyütmək, öz gücünə onu ayağa qaldırmaq qərarında böyük çətinliklərlə qarşılaşmırlar. Demək olar ki, qadınlar paytaxtda hər hansı bir diskriminasiyayla qarşılaşmırlar.

Lakin regionlarda situasiya tamam başqadır. İnsanlar bir- birilərini tanıyırlar və ətrafdakı insanların təzyiqləri bəzən repressiv formaya çevrilə bilər.

Bölgələrdə, bir-birilərini üzdən tanıyan kiçik icmalar arasında aparılan sorğular göstərir ki, insanlar keçmişdə tək analara və nikahdankənar doğulan uşaqlarına qarşı pis münasibəti, onların incidilməsini və zorakı davranışları unudublar.

Belə şəhərlərin birində üç qadınla söhbət apardım: Armida, KarineElen. Onların taleləri və şikayətləri oxşardır.

Tək analar boşanmış qadınlardan fərqli olaraq, dövlətin himayəsi altındadır- onlara hər ay 18 000 dram (təqribən 45 dollar) vəsait ödənilir.

Boşanmış qadınlar isə heç bir yardım almırlar, çünki onlara ata tərəfindən aliment verilməsi nəzərdə tutulub.

Hər üç qadın bildirdi ki, onları nə həyətdə, nə də məktəbdə aşağılamırlar, təhqirlə üzləşməyiblər.

Armida deyir ki, o ən çətin problemi öz ailəsi ilə yaşamışdı - onun ana olmaq addımını dəstəkləmirdilər, lakin sonunda barışmalı oldular: "Ailənin və ətrafımın təzyiqi sosial nəzarətdən bu və ya digər şəkildə qaynaqlanırdı".

"Ailəm qərarıma kifayət qədər həssas yanaşdı. Onlar mənim və uşağımın ətrafdakı dedi-qoduya tab gətirib-gətirməyəcəyimizə görə çox qorxurdular. Lakin mənim üçün ailəmin fikri daha önəmli idi. Bununla da mən, sonralar tək qalmamaq üçün ana olmaq qərarını verdim", deyir Karine.

Belə nəticəyə gəlmək olar ki, tək ana olmaq qərarını əsasən, kifayət qədər yetkin və özünü maddi təmin edə bilən qadınlar verə bilir.

Aparılan sorğularda deyilir ki, doğum evlərində onlara olan münasibət digər qadınlara olan münasibətdən fərqli olmur. Yuxarıda deyilən vəsaitdən savayı əlavə hər hansı üstünlüklərə malik deyillər. Yeganə məqam, bu anaların oğulları hərbi xidmətə gedərkən evdən 50 km uzaqda xidmət etmələrinə icazə verilməməsidir.

Elenin danışdıqlarında maraqlı məqam ondan ibarətdir ki, o, rəsmi boşanmadan sonra ana olub. O ərindən boşanmış halda ekiz uşaq dünyaya gətirib. Uşaqların bölünməsində bu atanın xeyrinə işləndi. O böyük oğlanı öz himayəsinə götürdü, ekizlər isə-bir qız, bir oğlan tək ananın himayəsində qaldı. Patriarxal ətalətli məhkəmə böyük uşağa iddia edən atanın xeyrinə qərar verdi.

Burdan aydın olur ki, gender bərabərsizliyinin və seksizmin bulanlıq sularında hələ də çoxlu miflər və aysberqlər görmək olar.