Ermənistanda onlarla etiraz iştirakçısı həbs olunub

Etirazçılar "Serj Sarkisyan hakimiyyətini əbədiləşdirmək məqsədi daşıyan" konstitusiya islahatına "yox" deməyə çağırırlar
Şəklin alt yazısı, Etirazçılar "Serj Sarkisyan hakimiyyətini əbədiləşdirmək məqsədi daşıyan" konstitusiya islahatına "yox" deməyə çağırırlar

Yerevanda Ermənistan parlamenti qarşısında konstitusiya islahatı əleyhinə etiraz edən onlarla aksiya iştirakçısı həbs olunub.

Aksiya iştirakçıları Milli Məclis üzvlərindən Serj Sarkisyanın təşəbbüsü ilə təqdim edilən konstitusiya islahatı üzrə referendum keçirilməsi əleyhinə səs verməyi tələb edirlər.

Nümayişçilər polis tərəfindən güc tətbiq ediləcəyini gözləmirdi. Bəziləri azyaşlı uşaqları ilə gəlmişdi
Şəklin alt yazısı, Nümayişçilər polis tərəfindən güc tətbiq ediləcəyini gözləmirdi. Bəziləri azyaşlı uşaqları ilə gəlmişdi

Yüzə yaxın adam əllərində “Yox” şüarları, “Azad, müstəqil Ermənistan” və Sarkisyan hakimiyyətinin istefası çağırışları ilə etiraz aksiyasında iştirak edib.

Parlament binası ətrafında və yaxın küçələrdə çoxsaylı polis dəstələri və xüsusi texnika gətirilmişdi.

Polis nümayişçilərin parlamentin hasarına “Yox!” yazılı iri şüar asmaq cəhdinin qarşısını almaq üçün “qırmızı beretlilər” adlanan xüsusi dəstə yeritdi, fəallara qarşı güc tətbiq edildi. 21 nəfərin tutulub polis şöbələrinə aparıldığı məlum olub.

Polis aksiya iştirakçılarına Milli Məclisin dəmir hasarından aralanmağa imkan vermirdi
Şəklin alt yazısı, Polis aksiya iştirakçılarına Milli Məclisin dəmir hasarından aralanmağa imkan vermirdi

Bu arada Ermənistan Milli Məclisi səs çoxluğu ilə prezident Serj Sarkisyanın təşəbbüsü ilə təqdim edilən konstitusiya layihəsi üzrə ümumxalq referendumu keçirilmək qərarı qəbul edib.

131 üzvü olan Ermənistan Milli Məclisinin iclasında iştirak edən 121 millət vəkillərinin 104-ü konstitusiya layihəsinin lehinə, 10 nəfəri əleyhinə, üçü bitərəf səs veriblər.

Qadınların əlindəki bayraqcıqlar üzərinə "Yox!" yazılıb
Şəklin alt yazısı, Qadınların əlindəki bayraqcıqlar üzərinə "Yox!" yazılıb

Konstitusiya dəyişikliyi lehinə Ermənistan parlamentində təmsil olunan siyasi qüvvələrdən hakim Ermənistan Respublikaçılar Partiyası, Firavan Ermənistan Partiyası və Daşnaksutyun Erməni İnqilabi Federasiyasının nümayəndələri səs verib, Qanunçuluq Öləsi Partiyası təmsilçiləri arasında əleyhinə səs verənlər də olub. Əleyhinə Erməni Milli Konqresi və İrs Partiyası səs veriblər.

İrs partiya fraksiyasının rəhbəri Zaruhi Postancyan bəyan edib ki, bu, “konstitusiya islahatı deyil, Serj Sarkisyan rejimini əbədiləşdirmək üçün edilir”.

Nümayişçilərin hasara iri "Yox!" şüarı asmaq cəhdinə polis maneə oldu
Şəklin alt yazısı, Nümayişçilərin hasara iri "Yox!" şüarı asmaq cəhdinə polis maneə oldu

Xanım Postancyan müxalif parlament partiyalarının ölkədə baş almış konstitusiya islahatı əleyhinə “Yox” və “Keçməyəcək” təşəbbüslərində birləşən onlarla ictimai və siyasi qüvvələrlə birlikdə referendumda konstitusiya dəyişikliyi əleyhinə təbliğat və itaətsizlik kampaniyasına qatılacaqlarını bəyan edib.

Polis 21 nəfərin həbs olunduğunu təsdiq edib. Qanun üzrə nəzərdə tutulan 3 saat müddətində onların hamısı sərbəst buraxılıb
Şəklin alt yazısı, Polis 21 nəfərin həbs olunduğunu təsdiq edib. Qanun üzrə nəzərdə tutulan 3 saat müddətində onların hamısı sərbəst buraxılıb

Hakim Ermənistan Respublikaçılar Partiyası və Serj Sarkisyanın tərəfdarları konstitusiya islahatının ölkədə demokratiyanın daha da inkişaf etdirilməsi məqsədilə ölkənin prezident idarəetmə sisteminin "daha demokratik" - parlament idarəetmə sisteminə keçməsini nəzərdə tutduğunu qeyd edirlər.