Türkiyədə bəy və gəlin toylarını 4000 qaçqının ziyafətinə çeviriblər

Şəklin mənbəyi, Serhat Kilis Gazetesi
Türkiyənin Suriya ilə sərhədində yerləşən Kilis şəhərində evlənən iki gənc toylarına 4000 suriyalı qaçqını dəvət ediblər.
Fethullah Üzümcüoğlu və Esra Polat həyatlarının ən sevincli gününün xoşbəxtliyini müharibə didərginləri ilə bölüşmək ideyasının bəyin atası Alidən gəldiyini bildiriblər.
“Serhat Kilis” qəzetinə müsahibə verən bəy atası deyib ki, o, başqalarının da öz toy məclislərini suriyalı bacı və qardaşlarla paylaşmalarını istəyir.
Toy evinə bu nəcib ideyanı həyəta keçirməkdə kömək edən “Kimse Yok Mu” adlı xeyriyyə təşkilatı məclis üçün uzun yük maşını təşkil etmişdi. Bu təşkilat Suriya qaçqınlarına xidmət göstərir.
Ata həmçinin bildirib ki, gənclərin öz qoşa həyatlarına belə bir xeyirxahlıqla başlamasından çox böyük xoşbəxtlik duyur.
“Kimse Yok Mu” xeyriyyəsinin sözçüsü Hatice Avcı “The İndependent” qəzetinin i100.co.uk saytına bildirib ki, “evlənənlər valideynlərindən toy üçün aldıqları pulları şəhərdə və onun ətrafında yaşayan qaçqınları yedirmək üçün səpələyiblər”.
Xəbər verilir ki, “Kimse Yok Mu” təşkilatı hazırda ABŞ-da könüllü sürgündə yaşayan vaiz Fetullah Gülenin “Hizmet” hərəkatına bağlıdır. Bir neçə ay bundan əvvəl prezident Recep Tayyip Erdoğan Fetullah Güleni və onun Hizmet hərəkatını Türkiyədə “dövlət içində dövlət yaratmaq cəhdində” ittiham edib. Türkiyə prokurorluğu cənab Gülen barəsində həbs sanksiyası verib.
Təzəgəlin Esra Polat eyni sayta toy yeməyini ehtiyac içində yaşayanlarla bölüşməsindən çox xoşbəxt olduğunu deyib.
"Əvvəlcə Fethullah bu ideyanı mənə deyəndə şoka düşdüm, lakin sonra bu fikir məni tutdu. Bu təkrarsız bir hadisə oldu” – deyib gəlin.
Təzəbəy Fethullah Üzümcüoğlu da deyir ki, başqalarını xoşbəxt görmək əsl xoşbəxtlikdir.
“Suriya uşaqlarının gözlərində sevinc görmək qiymətsiz bir səadət idi” – deyib bəy.
İndi bəy atasının dostları da deyirlər ki, övladlarını məhz belə bir toyla evləndirmək istəyirlər.
Türkiyə hazırda 2 milyon Suriya qaçqınına qucaq açıb. Onlardan 4000-i sözü gedən balaca Kilis şəhərində məskunlaşıb.
Ümumilikdə isə, BMT-nin məlumatına görə bəşəriyyət tarixinin ən fəlakətli humanitar böhranı nəticəsində 4 milyon suriyalı yurdlarından didərgin düşüb.
Suriya daxilində isə 8 milyon insan müvəqqəti köçkünə çevrilib.




