Rusiya İD-ə qoşulanların yeni mənbəyinə çevrilir

Rusiya regionlarında İD qrupuna qoşulanların sayı artır

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Rusiya regionlarında İD qrupuna qoşulanların sayı artır

Son dövrlərdə Rusiyanın müsəlman bölgələrilə yanaşı, qeyri-müsəlman bölgələrindən də İslam Dövləti qrupuna qoşulmaq məqsədilə Suriya və İraqa yollanan sakinlərin sayı artır.

Ekstremist ideyalar özünə təkcə döyüşmək istəyənləri çəkmir. Əlinə silah alıb vuruşmaq istəyənlərlə yanaşı İD qrupuna dinc peşə sahibləri, o cümlədən, xətiblər və hətta “potensial gəlinlər” qoşulmaq istəyir.

Ötən ayın əvvəlində Moskva Dövlət Universiteti (MDU) tələbəsi Varvara Karaulovanın yoxa çıxması, onun İD qrupuna qoşulmaq cəhdində bulunması, bu məqsədlə Suriyaya keçmək üçün Türkiyəyə getməsi Rusiyada ekspertləri və məmurları dərin düşüncələrə salıb.

Bu əhvalat onlara İD ideyalarının Rusiya cəmiyyətinə necə dərin siraət etdiyini, cihadçı səfərbərlik şəbəkəsinin nə dərəcədə geniş yayılıdğını göstərib.

Bəzi ekspertlərin qənaətincə, ərəb və ingilis dillərilə yanaşı rus dili də İD silahlıları arasında artıq ən yayılmış dillərdən birinə çevrilib.

Karaulova effekti

İyunun əvvəlində 19 yaşlı MDU tələbəsi Varvara Karaulova ilə bağlı xəbərlərə Rusiya televiziyasında ayrılan efir vaxtı prezident Vladimir Putinə ayrılan efir vaxtını üstələmişdi.

Axırda Karaulova evinə sağ-salamat qayıtdı, lakin onun nümunəsi digərləri üçün örnək oldu.

Varvaranın qayıtmasından cəmi 2 həftə sonra digər nüfuzlu Moskva institundan Məryəm İsmailova adlı daha bir tələbə qız yoxa çıxdı.

Güman edildiyinə görə, o, Türkiyəyə, sonra isə Suriyanın İD tərəfindən nəzarət edildiyi ərazisinə yollanıb.

Rusiyanın nüfuzlu institutlarından daha bir neçə tələbənin bu nümunəyə əməl etdikləri barədə məlumatlar var. Onların aqibəti barədə məlumat yoxdur.

Narahatedici rəqəmlər

"Hazırda Suriya və İraqda döyüşlərdə Rusiyadan gəlmiş 2200-ə yaxın silahlı var”, Rusiya Xarici İşlər nazirinin antiterror siyasəti üzrə müavini Oleq Syromolotov TASS agentliyinə bildirib.

Federal Təhlükəsizlik Xidmətinin (FTX) təxminlərinə görə, İD döyüşçülərinin 8 faizini rusiyalı silahlılar təşkil edir.

Beynəlxalq Böhran Qrupunun məsləhətçisi Varvara Parxomenkonun sözlərinə görə, “İD-ə əsasən çeçenlər və dağıstanlılar yollansa da, bununla yanaşı pravoslav xristian Şimali Osetiyadan da gedənlər var”.

“Rusiya regionlarından İD-ə qoşulanların sayı artmaqdadır. Orada xətib olub vaizlik etmək istəyənlər, ərə gedib ailə qurmaq , həyat yoldaşı tapmaq arzusu ilə gedənlər var. Ora yalnız döyüşçülər getmir”.

Rusiyalı ekspertlər bu cür halın səbəbini cihadçıların təbliğatında görürlər. Onların fikrincə, həmin təbliğat, həyatda Rusiya cəmiyyətinin təklif etdiyi məqsədlərdən fərqli məqsəd axtarışında olanlar üçün daha təsiredici olur.

“İD-nin cazibəsi və təsiri getdikcə daha çox sayda adamı əhatə edir”, Moskvada Karnegi mərkəzinin təhlilçisi Aleksey Malaşenko deyir.

Rusdilli təbliğat

Müşahidəçilər və rəsmilər qeyd edirlər ki, İD təbliğatının səmərəsi son zamanlar artmaqdadır.

İslamçılar öz ideologiyalarını yaymaq üçün yeni texnologiyalar cəlb edirlər, Syromolotov TASS agentliyinə müsahibəsində bildirib.

Bu ilin əvvəlindən, İD rusdilli auditoriyaya yönəlmiş təbliğatı xeyli gücləndirib.

Mart ayında cihadçıların Al-Bayan Radio adlı rəsmi radiosu rus dilində gündəlik proqramlarının yayımına başlayıb.

Mayın əvvəlində rus dilində yeni Furat.Press jurnalının birinci buraxılışı işıq üzü görüb, bu jurnal İslam Dövlətinin rəsmi mətbuat orqanı sayılır.

Elə həmin ayda da İD-nin HMC nəşriyyatı rus dilində “İstok” adlı jurnal buraxıb.

“Rus dili İD-də ərəb və ingilis dillərindən sonra sayca 3-cü dildir,” poltoloq Malaşenko deyir.

Onun təbirincə, “ərəb dilini öyrənmək çətindir, rus dilini isə postsovet məkanından çıxanların hamısı bilir”.

Malaşenkonun sözlərinə görə, İD təbliğatı və səfərbərlik şəbəkəsi Rusiyanı ciddi narahat edir.

“Vəziyyət çıxılmazlığa doğru inkişaf edir. Müsəlman ölkələri bir kənara, hətta Avropada və Amerikada belə, bu hal narahatlıq doğurmaqdadır. Eyni narahatlığı Rusiya da bölüşür”, politoloq qeyd edir.