İran: “Dəbdəbəli” Xomeyni məqbərəsi tənqidə səbəb olub

Bir müxalifət tərəfdarı Tvitterdə bu layihəni “daxma sahiblərinin puluna tikilmiş Xomeyni sarayı” adlandırıb
Şəklin alt yazısı, Bir müxalifət tərəfdarı Tvitterdə bu layihəni “daxma sahiblərinin puluna tikilmiş Xomeyni sarayı” adlandırıb

İran İslam İnqilabı banisinin məqbərəsində aparılacaq yenidənqurmanın layihəsi ifrat “dəbdəbəli” olduğuna görə tənqidlə üzləşib.

İranda mühafizəkar internet saytları və sosial media istifadəçiləri Ayətullah Xomeyninin Tehranın cənubundakı məqbərəsində yenidənqurma işləri üçün layihəni tənqid edirlər.

Tərəfdarları 1979-cu ildə İran inqilabına liderlik etmiş Ayətullah Ruhulla Xomeyninin həyatda sadə bir insan olduğunu və 1989-cu ildə rəhmətə gedənədək sadə bir evdə yaşadığını söyləyirlər.

Mühafizəkar “Əlef” internet saytı yazır ki, Xomeyninin yeniləşdirilmiş məqbərəsi daha çox “Hollivud filmlərini” və “İran şahlarının saraylarını” xatırladır.

Sayt xəbərdarlıq edir ki, məqbərənin dəbdəbəli görkəmi, Xomeyninin özü demişkən, “inqilabın əsl sahibləri”nin – yəni xalqın ayağını buradan kəsə bilər.

Comhuriyye Eslami qəzeti isə bildirir ki, layihə inqilab banisinin prinsiplərinə ziddir.

Ümumiyyətlə, sosial mediada həm mühafizəkarlar, həm də müxalifət məqbərə layihəsinin ifrat bərbəzəkli olmasını tənqid edirlər.

Bir müxalifət tərəfdarı Twitter-də bu layihəni “daxma sahiblərinin puluna tikilmiş Xomeyni sarayı” adlandırıb.

Yeni layihənin təqdimatı iyunun 4-də, imam Xomeyninin illik yadetmə mərasimində olmalıdır.

Layihənin müəllifi isə deyir ki, bu məqbərə “ecazkar və milli bir layihədir”. O tənqidləri ədalətsiz sayır.

Məhəmməd Əli Ənsari deyib ki, bu ziyarətgah 500 il müddət üçün nəzərdə tutulub.

Lakin o yenidənqurmanın neçəyə başa gələcəyi barədə heç bir məlumat verməyib.