Tom de Waal: Siyasət 24 aprel yadetmə gününə kölgə salır

Şəklin mənbəyi, Getty

Başqa heç bir tarixi məsələ müasir siyasətlə bu qədər sıx çulğalaşmayıb.

Aprelin 24-də, 1915-ci ildə onlarca erməni lideri və ziyalısının İstanbulda Osmanlı hökuməti tərəfindən həbs edilməsinin yüz illiyi tamam olur.

Ermənilərin iki nəsil sonra “erməni soyqırımı” kimi tanınancaq kütləvi deportasiyası və öldürülməsi məhz bu hadisədən başlanıb.

Yerevandakı yadetmə mərasimləri, təəssüf ki, Qalipolidə Türkiyənin Birinci Dünya Müharibəsində Antantanın desant çıxarmasının 100 illik xatirə mərasimi keçirməsi ilə eyni günə təsadüf edəcək.

Balaca ölkənin böyük günü

Yerevanda keçirilən 24 aprel mərasimi Ermənistan üçün böyük gündür. Bu balaca ölkə həmin gün nəinki öz böyük faciəsini dünyaya xatırladacaq, lakin həm də bu mərasimdə dünya liderləri üçün səhnəyə çevriləcək.

Prezidentlər Vladimir Putin və Francois Hollande və çox güman ki, George Clooney kimi məşhurların müşaiyəti ilə aparıcı Amerika siyasətçilərindən biri də həmin gün Yerevana uçacaqlar.

Bu arada Böyük Britaniya şahzadəsi Charles və başqaları Türkiyədə keçirilən daha kiçik mərasimə qatılacaqlar. Ənənəvi olaraq Qalipoli mərasimləri ya martın 18-də, ya da aprelin 25-də keçirilərdi. Sonuncu tarix ANZAC günü kimi yad edilir və çox sayda Avstraliya və Yeni Zelandiya əsgərinin döyüşlərdə həlak olduğu günə təsadüf edirdi.

Lakin Türkiyə prezidenti Recep Tayyip Erdoğan açıq-aşkar və bir çoxlarının fikrincə o qədər də müdrik olmayan bir tərzdə aprelin 24-nü seçib ki, diqqəti eyni gündə Yerevanda keçiriləcək mərasimdən yayındırsın.

Belə etməklə, Erdoğan ötən il ərzində, “1915-16-cı illərdə ölənlər üçün başsağlığı verən ilk türk lideri” kimi atdığı müsbət addımların üstündən xətt çəkib.

Türkiyə dəyişib və dəyişməyib

Türkiyə hökuməti o vaxt ermənilərin başına nə isə dəhşətli bir bəlanın gəldiyini artıq inkar etmir, lakin bunun “soyqırım” olması iddiasını yaxın buraxmır.

2013-cü ildə Ahmet Davutoğlu hələ xarici işlər naziri kimi çıxış edərkən, ənənəvi Türkiyə ritorikasının zidd olaraq, ermənilərin “qeyri-insani” deportasiyaları ifadəsini dilə gətirmişdi.

Ənənəvi Türkiyə ritorikası isə bundan ibarətdir ki, Osmanlı ermənilərin köklü şəkildə yoxa çıxmasına təsadüfi bir hadisə və ya vətəndaş müharibəsi səbəb olub.

Kaliforniyada "Erməni soyqırım abidəsi"

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Kaliforniyada "Erməni soyqırım abidəsi"

Son bir neçə ildə Türkiyədə çox şeylər dəyişib. Türkiyə cəmiyyətinin iki kəsimi – liberal ziyalılar və HDP-ə bağlı kürdlər tarixin ermənilərin məhv edilməsini qəbul etməyən “inkarçı” versiyası ilə əlaqələrini kəsiblər.

Aprelin 24-də kürd etnik çoxluğuna malik Diyarbəkir şəhərində yenidən açılmış erməni kilsəsində dini ibadət və konsert keçiriləcək. İstanbulun göbəyində yerləşən Taksim meydanında da mərasim olacaq. Lakin Türkiyə cəmiyyətinin böyük əksəriyyəti bu mənada baxışlarını dəyişməyib.

Şərqi ermənilər

Türkiyə ilə ata-anaları və baba-nənələri deportasiyalarda məhv olmuş və ya sağ qalmış erməni diasporası arasında acı düşmənçilik 1915-ci il və soyqırım üzərində cəmləşib.

İki ölkə - Ermənistan Respublikası və Türkiyə arasındakı münasibətlər də dondurulub. Lakin bu, daha çox regional siyasətə görə baş verib: Türkiyənin Ermənistanın əsas düşməni Azərbaycanla müttəfiqliyinə və Dağlıq Qarabağ münaqişəsinə görə.

Ermənistan Respublikasının vətəndaşlarına, adətən “şərqi ermənilər” deyilir. Onlar böyük bir qismlərinin 1915-16-cı illərin qaçqınlarından törəməsinə baxmayaraq, fərqli baxışa malikdirlər.

Onlar Türkiyədə yaşamış soydaşlarından fərqli bir ləhcədə danışırlar və fərqli siyasi oriyentasiyaya malikdirlər. Onların dogma evi 1820-ci illərdən bəri daha çox Rusiya ilə bağlıdır.

Azərbaycan faktoru

Sürix protokollarının imzalanması.

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Sürix protokollarının imzalanması.

Ermənistan Respublikası üçün iki mühüm prioritet mövcuddur: Ermənistanı işlək canlı ölkəyə çevirmək və Azərbaycanla Dağlıq Qarabağ üstündə baş vermiş münaqişəni Yerevanın xeyrinə həll etmək.

Bu isə o deməkdir ki, ermənilər Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasına, yəni sərhədlərin və kommunikasiyaların açılmasına və Qərblə iqtisadi bağların inkişafına daha praqmatik yanaşırlar.

Elə həmin ruhda, 1991-ci ildə Ermənistanın ilk müstəqil hökumətinin başçısı Levon Ter-Petrosyan heç bir qeyd-şərt irəli sürülmədən və ya başqa sözlərlə soyqırım məsələsi qaldırılmadan Türkiyə ilə münasibətlərin normallaşdırılması təşəbbüsü ilə çıxış etmişdi.

Lakin bu baş vermədi və 1993-cü ildə Ermənistanın Azərbaycanın Kəlbəcər rayonunu ələ keçirmək üçün apardığı uğurlu əməliyyatın ardınca Türkiyə Ermənistanla qismən açıq sərhədini tamamilə qapatdı.

2009-2010-cu illərdə iki ölkə yenidən yaxınlaşmış və onların arasında münasibətlərin yaxşılaşdırılmasına dair iki Protokol imzalanmışdı. Lakin bu təşəbbüs Türkiyəni həmin razılaşmanı ratifikasiya etməməyə sövq edən Azərbaycanın oynadığı rolla iflasa uğramışdı.

O vaxtdan bəri Azərbaycanla Türkiyənin münasibətləri möhkəmlənib, bu isə o deməkdir ki, Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşması şansları daha da azalıb. Martın 17-də Azərbaycan və Türkiyə iki ölkə ərazisindən keçəcək TANAP qaz kəmərinin inaqurasiyasını keçiriblər.

Ermənistan və Türkiyə arasında münasibətlərin dondurlmasından heç bir tərəf faydalanmayıb. Ermənistan təcrid olunmuş və yoxsul vəziyyətdə qalıb, Türkiyə Cənubi Qafqazda mühüm gücə çevrilə bilməyib, Azərbaycanca 1991-94-cü illərdə ermənilərə uduzduğu torpaqları geri qaytarmağı bacarmayıb.

Bu məsələdə bəlkə də yeganə fayda götürən Rusiya Federasiyası olub. Azərbaycan hər dəfə əzələ nümayiş etdirəndə, Yerevan dəstək üçün Moskvaya üz tutur.

1995-ci ildə Rusiya və Ermənistan Gümrü şəhərində Rusiya hərbi bazasının yerləşdirilməsinə dair uzunmüddətli saziş imzalayıblar. 2010-cu ildə Ermənistan-Türkiyə protokolları iflasa uğrayandan sonra bu bazanın lisenziyası 2044-cü ilədək uzadılıb.

Hamı yorulub

Şəklin mənbəyi, Edgar Barseghyan

2013-cü ildə belə görünürdü ki, Rusiya ikibaşlı oyun oynayır. Prezident Putin Bakıiya səfər edərək Azərbaycana silah satışına dair yeni sazişi imzaladıqdan sonra, Ermənistan prezidenti Serj Sarkisyan Avropa İttifaqı ilə assosiasiya sazişinin danışıqlarından çıxmağa və Putinin Gömrük İttifaqına qoşulmağa razılıq verdi.

Lakin bu geosiyasi manevrlər heç də birmənalı deyil. Rusiya təkcə öz müttəfiqi Ermənistanla deyil, həm də Azərbaycan və Türkiyə ilə güclü münasibətlərə can atır.

Türkiyə Qafqazda öz nüfuzunun genişlənməsi üçün Qarabağ münaqişəsinin sülh vasitəsilə çözülməsini istəyir və Türkiyə rəsmiləri bəzən şəxsi söhbətlərində Azərbaycanın bu münaqişədə tutduğu sərt mövqedən bezdiklərini dilə gətirirlər.

Bu konteksdə 24 aprelin siyasiləşdirilməsi, bu hələ də təbəddülatlı regionda sülhün və ticarətin üstün gəlməsini istəyənlər üçün daha bir baş ağrısıdır.

Thomas de Waal Carnegie Beynəlxalq Sülh İnstitutunun baş araşdırmaçısı və 2015-ci ildə çapdan çıxmış “Böyük Fəlakət: Ermənilər və Türklər Soyqırımın Kölgəsində” ("Great Catastrophe: Armenians and Turks in the Shadow of Genocide") adlı kitabının müəllifidir.