Putin qayıdıb və hərbi dəniz donanmasına "səfərbərlik əmri verib"

Şəklin mənbəyi, BBC World Service

Rusiya prezidenti Vladimir Putin qırğız həmkarı Almazbek Atambayevlə görüşüb.

O, son dəfə martın 5-də, İtaliya Baş Naziri Matteo Renzi ilə görüşü zamanı ictimaiyyət qarşısına çıxıb.

Sankt-Peterburqdakı Konstantinov sarayında keçirilən danışıqlar iki saatlıq gecikmə ilə başlayıb.

Bu arada Prezident Putin Rusiyanın hərbi dəniz donanmasını tam döyüş hazırlığı vəziyyətinə gətirib, xəbərlərdə deyilir.

Arktikada donanma böyük hərbi təlimlərin bir hissəsi kimi səfərbər olunub.

Şəklin mənbəyi, AFP

Rusiya deyir ki, donanma təlimlərinə 56 hərbi gəmi, təyyarə və 38 000 hərbi heyət cəlb olunub.

Müdafiə naziri Sergey Şoyqu deyib ki, təlimlərdə Şimal Donanması, havadan zərbə birləşmələri və qərb hərbi dairəsinin zirehli birləşmələri iştirak edir, RİA Novosti xəbər verir.

Təlimlər Nato və Rusiya arasında şərqi Ukraynada Rusiyanın hərbi iştirakı ilə əlaqədar gərginliyin olduğu vaxtda baş verir.

Nato etnik rus azlıqlarının yaşadığı üç Baltik ölkəsinə əlavə qoşunlar göndərib.