Gümrüdə yaralanmış 6 aylıq uşaq vəfat edib

Şəklin mənbəyi, AFP
Moskvada Travmatologiya və təcili uşaq cərrahiyyəsi elmi-tədqiqat institutunun direktoru Leonid Roşalın verdiyi xəbərə görə, ötən həftə ailəsinə rusiyalı əsgərin hücumu nəticəsində yaralanmış 6 aylıq uşaq Gümri şəhərində vəfat edib.
Avetisyanlar ailəsinə hücumdan sonra yeganə sağ qalan məhz həmin uşaq idi - hücum edən şəxs uşağı avtomat süngüsü ilə yaralamışdı.
Yaralanmış uşaq öləndən sonra Gümrü hücumu qurbanlarının sayı 7 nəfərədək artıb.
Cinayətin törədilməsində yanvarın 12-də hərbi hissəsini özbaşına tərk etmiş Rusiya hərbi bazasının hərbi qulluqçusu Valeri Permyakov şübhəli sayılır.
Hadisənin səhərisi gün rusiyalı əsgər Ermənistan-Türkiyə sərhədini keçməyə cəhd edərkən saxlanılıb.
Bundan əvvəl Ermənistan Baş prokuroru Gevorg Kostanyan Avetisyanlar ailəsinə hücum edənin cinayət işinə Gümrü şəhərində baxılacağını və məsuliyyətə Ermənistan ərazisində cəlb olunacağını vəd etmişdi.
