“Kalaşnikov”un istehsalçısı Qərb qadağası ilə çarpışmadadır

İjevskdə istehsal edilmiş silahların çoxu mülki bazar üçün nəzərdə tutulub.
Şəklin alt yazısı, İjevskdə istehsal edilmiş silahların çoxu mülki bazar üçün nəzərdə tutulub.
    • Müəllif, Sarah Rainsford BBC News, Izhevsk, Central Russia
    • Vəzifə, BBC News, Ijevsk, Mərkəzi Rusiya

Che Guevaradan Osama bin Ladenə qədər neçələrinin əllərində tutaraq meydan oxuduqları Kalaşnikov avtomatı yəqin ki, bütün dünyada ən yaxşı tanınan silahdır.

Lakin artıq neçə illərdir ki, bu silah öz istehsalçılarına mənfəət gətirmir.

İşlər yenicə qaydasına düşməyə başlamışdı ki, şirkətə Qərb sanksiyaları zərbə endirdi.

Məhsulları ilə Rusiyanın hərbi anbarlarını doldurmuş və xaricdən sifarişləri qurumuş şirkət indi öz diqqətini mülki silah bazarlarına yönəldib.

Şirkət yanvar ayında nəhayət ABŞ-a ildə 200 min avtomat satışı barədə sərfəli saziş imzalamaqla, belə bazarlardan birində özünə ayaqyeri edə bilmişdi.

Lakin iyul ayında Kalaşnikov Rusiyanın Ukraynadakı roluna görə sanksiya altına düşən səkkiz silah istehsalçısının siyahısına salınıb. İlkin sifariş üzrə təchizat həyata keçirildikdən az sonra ixracat dayanıb. Şirkət Avropa İttifaqının sanksiya siyahısına sentyabr ayında daxil edilib.

“Əlbəttə, qanım qaraldı, çünki bizə qarşı niyə sanksiya qoyulduğunu başa düşə bilmirdim, - deyir Kalaşnikovun direktoru Aleksey Krivoruçko. O BBC-yə deyib ki, özü və başqa bir Rusiya biznesmeni 49 faizlik payla investisiya yatırandan bəri bu şirkət artıq tam olaraq dövlət müəssisəsi sayılmır.

O həmçinin vurğulayır ki, şirkət ilk növbədə mülki bazarlar üçün məhsul istehsal edir.

Şirkət ABŞ bazarı üçün istehsal olunmuş silahların kimə satılacağı barədə xırdalıqlara varmır.
Şəklin alt yazısı, Şirkət ABŞ bazarı üçün istehsal olunmuş silahların kimə satılacağı barədə xırdalıqlara varmır.

“Bizim üçün ABŞ əsas bazar idi, biz bu bazar üzərində inkişaf etməyi planlaşdırırdıq – deyir Krivoruçko, - Bu çox böyük itkidir, başqa cür demək olmur”.

Moskvadan iki saatlıq uçuş məsafəsində yerləşən İjevsk zavodunda indi Kalaşnikov avtomatının 200 modeli üzrə istehsal gedir.

Sovet vaxtlarında bu sınıq-salxaq zavod hərbiyyə üçün ildə 600 min silah istehsal edirdi. Ötən il isə istehsal bundan on dəfə az olub və onun 80 faizini mülki silahlar təşkil edib.

Şirkətin yeni fövqəladə şurası səmərəliliyi artırmağa çalışır. İstehsal artıq nizamlanıb və zavod bu il istehsalı iki dəfə artırmaq yolundadır.

Növbəti addım zavodun qədim, köhnəlmuş avadanlığını təzələmək olacaq. Buradakı dəzgahlardan biri 19-cu əsrə aiddir.

Lakin sanksiyalar bu sahədə də işləri çətinləşdirir, çünki Kalaşnikov, təchizatçıları Avropada deyil, Asiyada axtarmalıdır.

“Mən bu zavodun, maaşların ödənmədiyi və ya qismən ödəndiyi 1990-cı illər də daxil olmaqla çox günlərinin şahidi olmuşam. Zavodun müflis olduğu vaxt da yadımdadlır” – deyə sürtülmüş taxta masanın üstündə ov tüfəngini yığmaqla məşğul olan Nikolay Svintsov xatırlayır.

Şirkət işçisi Nikolay Svintsov zavodun müflis olduğu 1990-cı illəri xatırlayır.
Şəklin alt yazısı, Şirkət işçisi Nikolay Svintsov zavodun müflis olduğu 1990-cı illəri xatırlayır.

Yenidən səhnəyə qayıtmaq ümidi ilə indi Kalaşnikov Konserni adlanan şirkət, Moskvada qırmızı xalılar döşənmiş və dikdaban ayaqqabı geyinmiş qızların avtomatın bananşəkilli məşhur mağazasının hədiyyə maketlərini payladıqları ziyafət təşkil edib.

AK-nı, tarixən “ədalət axtaran” milli-azadlıq hərəkatları və Rusiyanın öz xüsusi antiterror qüvvələri ilə bağlılığını göstərməklə “sülh silahı” kimi təbliğ edən cəlbedici reklam filmi də çəkilib.

Əlbəttə, Kalaşnikovun Ukraynada gedən və sanksiyalara səbəb olmuş döyüşlərin hər iki tərəfində istifadə edilən silah olması faktının üstündən sükutla keçilib.

“Biz müştərilərimizin ehtiyaclarını dinləməyə çalışrıq – deyir gənclərdən ibarət yeni menecmentin daha bir nümayəndəsi Dmitri Tarasov. O şirkətin mülki silahlar bazarından qazanc götürmək niyyətlərindən danışır.

“Əlbəttə, biz rəqabət apara bilərik, - deyə israr edir Tarasov, - Axı, Kalaşnikov ən yaxşı döyüş silahıdır”.

Lakin bu silah əvvəlcə özü ilə rəqabət aparmalı olacaq.

Soyuq müharibə illərində Moskva öz müttəfiqlərinin filiallarında bu silahın istehsalına icazə verib. Lakin onlardan bəziləri hətta “Dəmir pərdə” qalxandan sonra da istehsalı davam etdiriblər. Onların məhsulları İjevsk zavodunun post-Sovet dövründəki qazanclarını yeməyə başlayıb.

Patent hüquqları barədə iddia qaldırmaq müddəti çoxdan keçdiyinə görə, firma hazırda Kalaşnikov avtomatlarının tam təkmilləşdirilməsini planlaşdırır. Bundan sonra avtomatların mülki versiyaları da istehsal olunmalıdır.

Prezident Vladimir Putinin hərbi modernləşdirmə proqramına əsasən hazırda sınaqdan keçirilən avtomatlardan biri də AK-12-dir.

İjevskdəki şirkət Qərb sanksiyalarının tezliklə ləğvində maraqlıdır.

Şəklin mənbəyi, bbc

Şəklin alt yazısı, İjevskdəki şirkət Qərb sanksiyalarının tezliklə ləğvində maraqlıdır.

Bu sahədə hansı müəssisənin ən böyük dövlət sifarişinə sahib olacağı gələn ilin əvvəllərində elan ediləcək. Kalaşnikov müəssisəsinin rəhbəri bu qərarı “son dərəcə mühüm” adlandırır.

O eyni zamanda israr edir ki, firma sanksiyalar şəraitində pis işləmir.

Yüksək vəzifəli menecerlər bildirirlər ki, şirkət ABŞ üçün nəzərdə tutulmuş avtomatlara yeni əlavə müştərilər tapıb. Cənab Krivoruçko bunun çətin başa gəldiyini desə də, xırdalıqlara varmır.

Doğrudur, ABŞ silah həvəskarları Kalaşnikovsuz bir müddət keçinə bilərlər, lakin sərfəli Amerika bazarı şirkətin dirçəlişi üçün doğrudan da rahat bir yol olardı.

Aleksey Krivoruçko müəssisə rəhbərlərinin sanksiyaları bitirməsi üçün cənab Putini lobbi edib-etmədiklərini etiraf etmir.

“Bizim edə biləcəyimiz bir şey yoxdur, - deyir o, - Lakin biz ümid edirik ki, sanksiyalar tezliklə qaldırılacaq”.

Əlbəttə, o, buna milyonlarla dollar investisiya ilə hazırlaşır.