Rusiya: AK-47 Kalashnikov avtomatının rebrendinqi keçirlib

Kalashnikov

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, İstehsalçı şirkət rebrendinq nəticəsində dünya avtomata sifarişlərin sayının artacağına ümid edir.

Rusiyada məşhur AK-47 Kalaşnikov avtomatının istehsalçısı bu silahı rebredinqdən keçirərərk avtomatın görünüşünü və Kalaşnikov şirkətinin loqotipini təzələyib.

Şirkət eləcə də, "Kalashikov" markası adında yeni hərbi geyim istehsalına başlayıb.

Ümidlərini əsasən məhsulunun ixracına bəsləyən şirkət, Qərbin sanksiyalarına məruz qalan Rusiya müəssisələri sırasındadır.

"Kalashnikov" və ya AK-47 avtomatları dünyada ən çox yayılmış yüngül hərbi silah növüdür.

Silah ucuz və nisbətən sadə olduğundan Asiya və Afrikada üsyançı dəstələr arasında rəğbət qazanıb.

Təxminlərə görə, dünya boyu satılmış Kalaşnikov avtomatlarının sayı 100 milyona çatır.

Silahı icad edib hazırlamış rusiyalı general-leytenant Mixail Kalaşnikov ötən il vəfat edib.

Kalashnikov

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Kalaşnikov AK-47 avtomatını II Dünya müharibəsi zamanı yaralandıqdan sonra icad etmişdi.

AK-47 avtomatını istehsal edən Kalaşnikov konserni ötən gün Moskvada K və C hərflərindən ibarət yeni loqonu təqdim edib.

Russia Today vebsaytına görə, istehsalçının yeni şüarı qismində "Protecting Peace" ("Sülh silahı") kəlməsi seçilib.

Şirkət 2014-cü ildə 140,000 ədəd, yəni ötən illə müqayisədə 2 dəfə çox, avtomat satdığını elan edib.

"Kalashnikov" şirkətinin direktoru Aleksey Krivoruçko 2020-ci il üçün bu göstəricinin 300,000 ədədə çatacağını vəd edib.

Qərbin sanksiyaları ABŞ və Kanadaya 200,000 avtomatın satışını, məlumatlara görə, əngəlləyib.

"ABŞ bazarı bizim üçün olduqca vacibdir," Aleksey Krivoruçko "Moscow Times" nəşrinə bildirib.