"Plastik əməliyyatın xərcini dövlət ödəsin" - Türkiyədə məhkəmə qərarı

Şəklin mənbəyi, BBC World Service
Türkiyə məhkəməsinin qərarına görə, məişət zorakılığının qurbanı olan qadının yeni şəxsiyyət alması üçün xərci dövlət ödəməlidir. Buna plastik əməliyyatın xərci də aiddir.
İzmir şəhər məhkəməsinin tarixi qərarına görə 20 yaşlı qadına yeni şəxsiyyət verilməlidir ki, o, ona təcavüz edən keçmiş sevgilisindən boyun qaçıra bilsin, Daily Sabah saytı məlumat verir.
"Aramsız zorakılıq, təzyiq və təhdidlərə" görə məhkəmə kişiyə ona yaxınlaşmaq qadağası vermişdi, sayt məlumat verir, amma bu, zorakılığa son qoymadı.
2012-ci ildə Türkiyə qadınlara qarşı zorakılıq barədə qanun qəbul etmişdi.
Qanuna görə bir şəxsin həyatı təhlükə altında sayılırsa hakimlər qərar verə bilərlər ki, həmin adamın şəxsiyyətinin tamamilə dəyişdirilməsi həyata keçirilsin. Amma türk mediasına əsasən, ilk dəfədir ki, belə bir qərara plastik əməliyyat da daxil edilib.
"Kişinin zorakılığını dayandırmaq üçün addımlar atılmalı idi, amma bu baş vermədi", Hurriyet Daily News qadının vəkilindən sitat gətirir. "Təbii ki, o şaddır ki, stresslə dolu həyat geridə qalacaq. Amma xarici görünüşünü dəyişməli olmasında məyusdur", o deyir.
Qadına həmçinin yeni ünvan veriləcək və o, başqa bir universitetə gedəcək. Bütün xərclər dövlət tərəfindən ödəniləcək.
Qanun dəyişiklərinə baxmayaraq, qadınların hüquqlarını qoruyan qruplar deyirlər ki, Türkiyədə qadınlara qarşı zorakılıq davam edir. Bianet müstəqil xəbər agentliyinə əsasən 2013-cü ildə 200-dən çox qadın kişi tərəfindən qətlə yetirilib. Onlardan 66 faizini yoldaşları və ya keçmiş sevgililəri öldürüb.
Xəbəri BBC Monitoring hazırlayıb.




