Putinin mətbuat katibi onun "xəstəliyi" barədə xəbəri təkzib edib

Şəklin mənbəyi, AFP
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəzi KİV-in Vladimir Putinin güya ağır xəstəliyə tutulması barədə xəbərini təkzib edib.
ABŞ-ın tabloid qəzeti sayılan New York Post (NYP) ötən həftə adını açıqlamadığı mənbəyə istinadən Vladimir Putinin mədəaltı vəzində güya xərçəng aşgar edildiyini xəbər verib.
"Arzularına çatmayacaqlar. Dilinizə yara çıxsın", həmin məqaləyə münasibət bildirən Dmitri Peskov bildirib.
NYP qəzetindəki məqalənin müəllifi Richard Johnson məlumatın haradan alındığına aydınlıq gətirməyib.
Məqalədə iddia olunduğuna görə , Putinin müalicəsilə keçmiş Almaniya Demokratik Respublikasından olan 84 yaşlı həkim məşğul olur - Vladimir Putin güya onu KGB-də xidmət etdiyi illərdən tanıyır.
"Putinin tələsik Ukraynaya müdaxilə etməsinin səbəbi varmış: onun xərçəngə tutulduğu barədə şayiələr dolaşır", məqalə bu cür bəyanatla başlayır.
