Krım hökümətindən tatarların nümayəndəsi qovulub

Şəklin mənbəyi, AFP
Rusiya tərəfindən ilhaq edilmiş Krım höküməti tərkibində təmsil olunmuş 2 krım tatar xalqının nümayəndəsindən birisi - Nazirlər Şurasının sədr müavini Lenur İslamov vəzifəsindən kənarlaşdırılıb.
Onun istefaya göndərilməsinin səbəbi onun siyasi tərəfkeşliyilə bağlı olub, Krım Dövlət Şurası sədrinin birinci müavini Qriqori İoffe deyib.
“Təəssüf ki, mənim fikrimcə, cənab İslamov siyasi cəhətdən öz fəaliyyətində tərəfsizliyi kifayət dərəcədə pozub. Ona görə biz belə qərara gəldik ki, bu vəzifədə siyasi cəhətdən tərəfkeşliyə yol verməyən adam olmalıdır”, cənab İoffe bildirib.
Dövlət Şurası nümayəndəsinin sözlərinə görə, İslamov Krım tatar xalqının məclisinə tərəfkeşlik edib.
Məclisin bu istefaya münasibəti məlum deyil.
Krım Rusiya tərəfindən bu ilin mart ayında ilhaq edilmişdi.
Krım tatar xalqının liderləri hesab edirlər ki, yeni hakimiyyət dövründə krım tatarları xalqının maraqları nəzərə alınmır və krım tatarları diskirimnasiyaya məruz qalırlar.
