Sarkisyan: "Erməniləri xilas edən türkləri yad edirik"

Şəklin mənbəyi, BBC World Service
- Müəllif, Aleksey Manvelyan
- Vəzifə, Yerevan, BBC Azərbaycanca
Türkiyə Baş Nazirinin Osmanlı İmperiyası zamanı öldürülmüş ermənilərin nəvələrindən üzr istəməsindən sonra Serj Sarkisyan Türkiyəni düşmən hesab etmədiyini deyib.
“Günahsız qurbanların xatirəsinə baş əyərək, biz o ağır günlərdə barbarlar tərəfindən məhv edilən öz erməni qonşularına və dostlarına kömək əlini uzadan, talançıların caynağından çoxsaylı erməni uşaqlarını xilas edən bütün türkləri və türk ailələrini yad edirik”, - Ermənistan prezidentinin müraciətində deyilir.
Aprelin 24-də dünya erməniləri XX əsrin əvvəlində Osmanlı imperiyasında öldürülmüş və ermənilərin "soyqırımı" hesab etdikləri kütləvi qətliamların qurbanlarının xatirəsini yad edirlər.
Bundan bir gün əvvəl Türkiyə Baş Naziri Recep Tayyip Erdoğan Birinci Dünya müharibəsində Osmanlı ordusu tərəfindən öldürülən ermənilərin nəvələrinə başsağlığı verib.
Ölümlərin 99-cu ildönümü ərəfəsində verdiyi bəyanatda cənab Erdoğan 1915-ci ildə baş verən hadisələri "qeyri-insani" adlandırıb.
Xatirə Günü münasibətilə Ermənistan prezidenti Serj Sarkisyan xalqa müraciətində bəyan edib ki, Türkiyə ermənilərin Osmanlı imperiyası zamanında "1915-ci il soyqırımını tanımalıdır”.
"Yalnız belə olan halda, bunun kimi hadisələrin təkrar olunmasının qarşısını almaq olar", - müraciətdə deyilir.
“Düşmən deyil”

Şəklin mənbəyi, BBC World Service
“Osmanlı imperiyasının hüquqi davamçısı şübhəsiz faktı inkar etməyə davam edincə, erməni soyqırımı başa çatmış hesab etmək olmaz. Biz əminik ki, cinayətin danılması onun bilavasitə davam etrməsidir. Yalnız etiraf və pisləmək bu kimi cinayətlərin təkrar olunmasına son qoya bilər”, - Sarkisyan bəyan edib.
Sarkisyan eyni zamanda Ermənistanın Türkiyə cəmiyyətini düşmən kimi nəzərdən keçirmədiyini bildirir.
“Günahsız qurbanların xatirəsinə baş əyərək, biz o ağır günlərdə barbarlar tərəfindən məhv edilən öz erməni qonşularına və dostlarına kömək əlini uzadan, talançıların caynağından çoxsaylı erməni uşaqlarını xilas edən bütün türkləri və türk ailələrini yad edirik”, - Ermənistan prezidentinin müraciətində deyilir.
Cənab Erdoğan öz bəyanatında Türkiyə Respublikasının "hüququn universal dəyərlərinə uyğun hər düşüncəyə yetkinliklə yaxınlaşmağa" davam edəcəyini deyib.
"Lakin 1915-ci il hadisələrinin Türkiyəyə düşmənçilik üçün bir bəhanə olaraq istifadə edilməsi və siyasi qarşıdurma mövzusu halına gətirilməsi də qəbuledilməzdir", - o bildirib.
Recep Tayyip Erdoğanın bəyanatı səkkiz dildə, o cümlədən, qərbi və şərqi erməni dillərində yayılıb.
“Səmimi deyil”
Ermənistan siyasi məkanında Türkiyə baş nazirinin bəyanatı, demək olar, birmənalı qarşılanıb. Recep Tayyip Erdoğanın ilk dəfə ermənilərin 24 aprel Xatirə Günü ərəfəsində 1915-ci il qurbanlarına başsağlığı verməsi xüsusilə qeyd olunur və müsbət hal kimi qiymətləndirilir.
Eyni zamanda Türkiyənin “erməni məsələsinə dair” siyasətinin məzmunca dəyişməməsi, sadəcə daha “yumşaq cilddə” təqdim olunması bildirilir.
“Erdoğan səmimi deyil. O, Türkiyə dövlətinin ermənilərə qarşı mütəşəkkil cinayəti üçün üzr istəməyib, hansısa hadisələr zamanı başqa etnik xalq nümayəndələri ilə həlak olduqları üçün başsağlığı verib. Sanki onlar zəlzələ nəticəsində ölüb”, - BBC Azərbaycancaya Daşnaksutyun Partiyasının “Erməni məhkəməsi” təşkilatının rəhbəri Kiro Manoyan deyib.
Manoyan hesab edir ki, Türkiyə baş nazirinin bəyanatı “erməni soyqırımının gələn il qeyd olunacaq 100 illiyi ərəfəsində xarici təzyiqlərdən qaçınmaq” məqsədi güdür.
“Biz bu ilin əvvəlində şahidi olduq ki, Almaniya kansleri, Fransa prezidenti Türkiyəyə öz tarixini etiraf etməyi təklif etmişdilər. ABŞ Senatının Xarici Əlaqələr Komitəsi isə aprel ayının əvvəlində yenidən Osmanlı Türkiyədə kütləvi qırğını genosid tanıyan qətnamə qəbul edib”, - o dedi.
Türkşünas Levon Hovsepyanın fikrincə, Erdoğanın bəyanatı “erməni soyqırımının inkar edilməsi siyasətinin başqa bir, daha mülayim, növüdür”.
“Erməni soyqırımı məsələsində rəsmi Ankara, qəti inkar siyasətindən fərqli olaraq, beynəlxalq aləm üçün müəyyən dərəcədə başa düşülən siyasət yeritmək məqsədilə tədbirlər görür. Erdoğanın bəyanatını məhz bu müstəvidə nəzərdən keçirmək lazımdır. Onun hədəfi isə dünya birliyidir”, - o deyir.
Münasibətlərin normallaşması gözlənilmir

Şəklin mənbəyi, BBC World Service
Xatirə Günü ərəfəsində daşnak gənclərin mitinqində Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması və sərhədlərin açılması üzrə 2009-cu ildə Sürixdə imzalanmış iki protokolun ləğv olunması tələbi də irəli sürülüb.
Protokollar iki ölkə parlamentlərində ratifikasiya olunmalı idi. Lakin Türkiyə tərəfi sənədlərin ratifikasiyasını Qarabağ münaqişəsinin tənzimlənməsi ilə şərtləşdirmişdi.
Erməni tərəfi sənədləri parlamentin gündəliyinə daxil edib, lakin öz növbəsində Ankaranın ratifikasiyasını gözləyirdi.
Bəzi Ermənistan siyasi qüvvələri “Ermənistanın maraqlarına zidd” protokollardan imzaları geri çağırmağı tələb edirlər. Ötən həftə isə Serj Sarkisyan yenidən münasibətlərin sahmana salınması prosesinin “dondurulmasında” Ankaranı suçlayıb.
Yerli təhlilçilər prezidentin Ermənistan-Türkiyə protokollarından “imzanı geri çağırmaq” fikrində olduğunu güman edirlər. Bu isə münasibətlərin tənzimlənməsi prosesindən çıxmaq deməkdir.
Fransanın erməni icması “məyus olub”
“Türkiyə baş nazirinin başsağlığı da, ümumiyyətlə onun hərəkəti də bizi məyus edib. Bizə elə gəlir ki, onun məqsədi beynəlxalq ictimai rəyə təsir etmək olub. O, açıq-aşkar başsağlığı verib, lakin Erdoğanın çıxışının mətnini oxuyarkən, onun mövqeyinin dəyişmədiyi aydın olur”, - Fransa erməni diasporunun əlaqələndirici şurasının həmsədri, Daşnaksutyun Erməni İnqilabi Federasiyasının həmsədri Murad Papazyan RFI radiosuna müsahibəsində deyib.
Murad Papazyanın sözlərinə görə, Türkiyə hökuməti Birinci Dünya Müharibəsi zamanı hər iki tərəfdən qırğın törədildiyini həmişə israr edib.
“1915-ci ildə öldürülən ermənilərin nəvələrinə təziyə sözləri deyilib, lakin Türkiyə hakimiyyəti qurbanların sayını və həmin qətllərin soyqırım olduğunu həmişə təkzib edib. Və, əfsus, təkzib etməkdə davam edir. Genosid elə genosiddir, və cənab Erdoğan onu etiraf etməlidir. Bütün erməni xalqı bunu gözləyir, bütün beynəlxalq aləm bunu gözləyir”, - Papazyan deyib.
Onun sözlərinə görə, erməni soyqırımının yüzilliyinə bir il qalmış Türkiyə baş nazirinin bunu etiraf etməyə, reparasiya (təzminat) prosesinə başlamağa imkanı olub.
“Lakin, qorxuruq ki, əksinə, bu, Erdoğanın soyqırımın inkarını daha da gücləndirmək cəhdi olub. Hər halda cəmiyyətdə belə bir duyğu mövcuddur ki, Türkiyə başsağlığı verib, və artıq bunun özü çoxdur. Hərçənd soyqırım soyqırım olaraq qalır, və onu tanımaq lazımdır”.
Erdoğanın bəyanatını diqqətlə oxuyanda aydın olur ki, onda başsağlığından başqa yeni bir şey yoxdur, Papazyan qeyd edib.
O, ehtiyat izhar edib ki, bu, dünya birliyinə ünvanlanan müraciət olub, hansı ki, erməni soyqırımın tanınması tələbi köhnəldir.
“Ermənilərin soyqırımının yüzilliyinə bir il qalıb. Türkiyə hökuməti dünya birliyinin 2015-ci ildə gözlənilən ildönümünə hazırlaşdığına bələddir. Və bu başsağlığı haqqında bəyanatlarla onlar erməni soyqırımının yüzüncü ildönümünün mahiyyətini azaltmaq istəyirlər”, - deyib Papzyan.




