Türkiyədən deportasiya edilən azərbaycanlı jurnalist "apellyasiya verəcək"

Türkiyə polisi

Şəklin mənbəyi, sevdanurasrlan

Şəklin alt yazısı, Mahir Zeynalov İstanbul aeroportundan yola salınıb. Foto: Today's Zaman

Türkiyədən deportasiya edilən azərbaycanlı jurnalist ölkədən çıxarılması barədə hakimiyyətin qərarının ləğv edilməsi üçün tədbirlər görəcəyini deyir.

"Bir neçə vəkil Ankara və İstanbulda məhkəməyə müraciət edib Türkiyədən deportasiya edilməyimlə bağlı qərarın ləğv edilməsi üçün məhkəməyə müraciət edəcək", Türkiyə hökumətinin qərarı ilə ölkədən çıxarılmış ingilisdilli Today's Zaman qəzetinin redaktoru Mahir Zeynalov BBC Azərbaycancaya müsahibəsində bildirib.

Türkiyədə çalışan azərbaycanlı jurnalist Mahir Zeynalov “yüksək çinli rəsmilər əleyhinə tənqid həddini keçən tvitlər yazdığı üçün" ölkədən çıxarılması barədə qərar verilib. Onu özü bu ittihamları rədd edib.

Fetullah Gülen hərəkatı ilə bağlılığı iddia edilən ingiliscə gündəlik Today’s Zaman saytının köşə yazarı Zeynalov cümə səhəri türkiyəli həyat yoldaşı ilə birgə Azərbaycana yola salınıb.

Deportasiya qərarı

Mahir Zeynalov fevralın 7-i səhər saatlarında Türkiyəni tərk etmək məcburiyətində qaldığını deyir.

"Əslində, biz düşünürdük ki, fevralın 4-də çıxarılmış qərardan sonra vaxt versəydilər, vəkillərimiz vasitəsi ilə məhkəməyə müraciət edərdik. Ancaq heç bir şəkildə vaxt vermədən qolumuzdan tutub Türkiyədən çıxardılar. Ona görə də biz ordan çıxmaq məcburiyyətində qaldıq" - o bildirib.

"Ümid edirəm ki, 1-2 ay ərzində məhkəmə müsbət nəticələnər və geri dönmək şansım olar. O vaxta kimi isə eyni qəzetin təmsilçisi kimi ABŞ-da və ya Azərbaycanda fəaliyyətmi davam etdirəcəm" - Mahir Zeynalov əlavə edib.

Zeynalov ölkədən indi çıxarılsa da, ötən ilin sonunda yazdığı tvitlərə görə baş nazir Recep Tayyip Erdoğan onun barəsində cinayət işi başladılmasını istəyib.

Həmin vaxt jurnalistin paylaşmaları "faktlara zidd bəyanatlar” kimi xarakterizə olunub. Zeynalov isə ittihamları rədd edib.

Jurnalistin deportasiyası beynəlxalq təşkilatların Türkiyə hökümətini tənqid etməsinə səbəb olub.

Deportasiyanın səbəbi

Mahir Zeynalov 7 fevral səhəri təyyarəyə qədər polis əməkdaşlarının müşayiəti ilə gəlib və formal deportasiya proseduru onun İstanbulun Atatürk Hava Limanında 9.15 təyyarəsinə mindirilməsi ilə başa çatıb, Today's Zaman yazır.

Qəzet bildirir ki, Zeynalov hələlik Bakıya gəlməyi seçsə də, üçüncü ölkəyə, böyük ehtimalla Nyu York şəhərinə getməyi planlayır.

Türkiyə mətbuatında Gülen icmasının yazarı kimi təqdim olunan jurnalistin deportasiyası onun ölkəyə daxil olması qadağan edilmiş xarici vətəndaşlar siyahısına salınmasından sonra baş verib.

Qalmaqallı tvitləri haqda danışan jurnalist deyib ki, çalışdığı qəzetdə yayınlanan iki xəbərin linkini keçən il Twitter səhifəsində paylaşıb.

"Öz fikirlərimi əlavə etmədən bu linkləri paylaşmışdım. Ondan sonra baş nazir Ərdoğan bundan narahat olub mənə qarşı iddia qaldırdı. Keçən il dekabrın 30-da dövlət xəbər agentliyi olan Anadolu ajanslığı bu barədə yazdı. Məni istintaqa ifadəyə cağırdılar, dindirildim. Ondan sonra isə deportasiyam barədə qərar çıxarıldı"

O qərarı "hüquqazidd" hesab edir. "Çünki mənim hələ martiın 10-na kimi oturma iznim vardı. Amma bunun onlar üçün heç bir əhəmiyyəti olmadı", deyir jurnalist.

Twitter

Mahir Zeynalov tvitlərindən birində "hökumətə qarşı aksiyaların işıqlandırılması əvəzinə, fauna barədə sənədli filmlər yayımlayan medianı" nəzərdə tutaraq, "Məncə, bu andan etibarən pinqvinlər barədə yazmalıyam" fikrini paylaşıb.

BBC Azərbaycancaya müsahibəsində jurnalist deyib ki, "Gəzi parkı hadisələri baş verən günlərdə CNN Türk'də pinqvinlər barədə sənədli film yayınlanmışdı. O tviti də zarafat kimi yazmışdım".

Qalmaqala səbəb olmuş digər tviti "Erdoğanın təyin etdiyi polis rəislərinin prokurorların təlimatını yerinə yetirməkdən imtina etmələrindən sonra əl-Qaidanın adamlarının Türkiyəni tərk etdikləri barədə" olub.

"Mən sadəcə bu barədə xəbərin linkini paylaşıb xəbərin içindən bir cümlə ilə tvit atmışam. Bu bizim və digər qəzetlərdə yayınlanmış xəbər idi. Hər hansı şərh və ya tənqid qatılmadan linki tvitləmişdim. Heç kim bunun əksini iddia edə bilməz" jurnalist əlavə edib.

BBC Azərbaycanca cənab Erdoğanın vəkillərindən şərh ala bilməyib.

"Hadisədən sonra Azərbaycan tərəfi sizinlə əlaqə saxlayıbmı" sualına cavabında jurnalist deyib ki, Azərbaycan tərəfinin marağını yalnız mətbuatda İstanbuldakı Baş Konsl Həsən Zeynalovun "məsələ ilə bağlı araşdırma apardıqları barədə "açıqlamasında görüb.

"Mən də məsələnin araşdırıldığını təxmin edirəm, amma hər hansı şəkildə mənimlə əlaqə saxlayan olmayıb. Onsuz da məsələ hələ ki təzədi, mətbuata bu gün düşüb. Əminəm ki, əlaqə saxlayan olacaq".

“Xaricilərin Türkiyədə iqamət və səyahətləri haqqında” qanuna “Türkiyədə mənzillənməyi ictimai təhlükəsizliyə və siyasi və inzibati qaydalara təhlükə olan” əcnəbilər ölkədən çıxarıla bilər.

Today's Zaman yazır ki, qərar fevralın 4-də Daxili İşlər Nazirliyi qismində Baş Polis rəisi müavini Ali Baştürk tərəfindən imzalanıb.

Jurnalistin ölkədən çıxarılması qərarını isə, Nazirlər Kabineti Koordinasiya Şurasına @mahirzeynalov hesabından “faktlara zidd bəyanatlar” paylaşılmasını araşdırmaq barədə müraciətindən sonra verilib.

Qaydalara görə, informasiya kəşfiyyatı polisindən həmin hesabın sahibini tapmaq istənilib. Polis də hesabın Mahir Zeynalova aid olduğunu aşkarlayıb.

Erdoğanın şikayəti

Zeynalovun ötən ilin sonunda, 25 dekabr, 2013-cü ildə yazdığı tvitlər baş nazir Recep Tayyip Erdoğanın onun barəsində cinayət işi başladılmasını istəməsi qalmaqalına səbəb olub.

Baş nazir deyib ki, tvitlər "ağır təhqir və söyüşlər vasitəsilə xalqı kin və düşmənçiliyə təhrik üçün provokasiya"dır.

İddiaları rədd edən jurnalist tvitlərini rəy və ya tənqidi olmayan iki xəbərin paylaşımı zamanı yazdığını deyib.

İddialar görə, o, tvitlərindən birində Erdoğanın təyin etdiyi polislərin əl-Qaida silahlıları ilə əlaqəli şəxsləri həbs etməkdən imtina etməsini iddia edib.

Today's Zamanın mövqeyi

Today's Zaman qəzetinin baş redaktoru Bülent Keneş Mahir Zeynalovun deportasiya edilmə qərarı ilə razılaşmır.

BBC Azərbaycancaya müsahibəsində baş redaktor deyib ki, "Mahir Zeynalovun "həm oturma, həm də çalışma izni baxımından hər hansı bir hüquqi problemi olmayıb".

"4 il boyunca o hər il mətbuat kartı aldı. Qanuni olaraq Türkiyədə jurnalistlik haqqı vardı. Mahir Zeynalovu legal çərçivədə çalışdırırdıq. Hətta ötən ilin dekabr ortasında beşinci dəfə müraciət etdiyində Mətbuat və İnformasiya Baş İdarəsinin müvafiq komissiyasında yenə ona mətbuat kartı hazırlanmış, hətta idarənin İstanbuldakı ofisinə çatdırılmışdı", baş redaktor deyir.

Ancaq redaktorun sözlərinə görə, kart jurnalistə çatmayıb.

"Bu kart özünə verilməli olduğu bir vaxtda saxlanıldı. Məsələni araşdırdığımızda "sizə kart verməkdən vaz keçdik" dedilər. Bu kart alına bilmədiyi və çalışma izni prosedurları başladıla bilməzdi və Mahir Zeynalovun önümüzdəki il üçün iş şansı qalmayacaqdı. Ancaq, ötən il aldığı kartın və çalışma izninin hələ 10 Mart 2014 tarixinə qədər müddəti olsa da, fevralın 4-də bu qərarla qarşı-qarşıya qaldıq" baş redaktor deyir.

Bülent Keleş hesab edir ki, Mahir Zeynalovun qalmaqala səbəb olmuş tvitində "cinayət təşkil edəcək bir kəlmə də yoxdur".

"Today's Zaman"ın baş redaktoru, Mahir Zeynalovu "dəyərli əməkdaş kimi" xarakterizə edib.

O deyib ki, Mahir Zeynalovun türk mediasında yayınlanmış xəbərlərə atdığı tvit mübahisə mövzusu olub.

"Bu tvitlər isə Mahir Zeynalovun Twitterdəki təqibçiləri tərəfindən oxunub yayıldığı üçün baş nazir Recep Tayyip Erdoğan vəkilləri vasitəsi ilə Mahir Zeynalova qarşı "xalqı kin və nifrətə sövq etmə", "dövlət rəhbərlərini təhqir etmə" iddia qaldırıb".

O bu qərarı ifadə azadlığına "böyük bir zərbə" adlandırıb və onun araşdırılmalı olduğunu deyib.

Bülent Kereş Mahir Zeynalovun bundan sonra qəzetin beynəlxalq ofislərindən birində fəaliyyətini davam etdirəcəyini bildirib.

"Biz ona ABŞ-a getməyi təklif etdik. Lakin yaranmış vəziyyətdə ailəsinin narahatlığını nəzərə alıb bir müddət Bakıda qalmaq istədi" baş redaktor qəzetin deportasiya olunmuş əməkdaşının Azərbaycana göndərilmə səbəbinə aydınlıq gətirib.

ATƏT pisləyir

Azərbaycan vətəndaşı olan Zeynalovun martın 10-a qədər iş və yaşamaq vizası olub. Qanunlara görə, 15 ay öncə türkiyəli xanımla ailə qurduğu üçün jurnalistin üç il sonra vətəndaşlıq almaq hüququ da mövcuddur, məlumatlarda deyilir.

Ötən 4 il ərzində press-karta sahib olan Zeynalova bu il Nazirlər Kabineti Media və İnformasiya üzrə baş direktorluğundan sənəd verilməyib. Qurumun İstanbul ofisi səbəb kimi rəhbərlikdən göstəriş aldıqlarını deyib.

Jurnalistin deportasiyasından sonra media üzrə beynəlxalq təşkilatlar tənqidi bəyanatlar verib.

ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunya Myatoviç deyib ki, Mahir Zeynalovun tənqidi yazılarına görə deportasiyası Türkiyədə media azadlığının qorxulu çatışmazlığıdır.

“Zeynalov hökümətin uyğunsuz hesab etdiyi tvitlərinə görə ölkədən çıxarılıb. İfadə azadlığı iqtidarda olanlar tərəfindən müvafiq hesab edilən bəyanatlarla məhdudlaşmır və bu hüququn məhdudlaşdırılması Türkiyədə media nəzarətini artıracaq", xanım Myatoviç bildirib.

Onun sözlərinə görə, Zeynalovun defamasiyaya görə deportasiya edilməsi və haqqında cinayət işi açılması qeyri-mütənasib sanksiyalardır.

"Ümid edirəm ki, Zeynalov dərhal azad ediləcək və onun barəsindəki cinayət işlərinə xitam veriləcək", xanım Mijatoviç qeyd edib.

27 yaşlı jurnalistin peşəkar karyerası Azərbaycanda olduğu zaman qısa müddət Los Angeles Times qəzeti ilə əməkdaşlıqdan başlayıb. Daha sonra Gürcüstana gedib, Tblisi Dövlət Universitetində Corc Sorosun proqramı tərkibində magistr təhsili alıb. Son dörd ildə ingilisdilli Today's Zaman qəzetində çalışır.