Türkiyə: internetə nəzarət sərtləşdirilir

Mobil telefon

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Türkiyədə anti-hökümət etirazçıları məlumat yaymaq üçün Twitter və Facebook şəbəkələrindən geniş istifadə edib

Türkiyə parlamenti hökümətin internetə nəzarətini gücləndirən qanun layihəsini qəbul edib.

Yeni qanuna görə Türkiyədə telekommunikasiya nəzarət edən qurum məhkəmə qərarı gözləmədən saytları bloklaya bilər.

Qanun həmçinin internet provayderlərini istifadəçilərin fəaliyyəti barədə məlumatı iki il saxlamağa və lazım gələrsə hakimiyyətə ötürməyə məcbur edəcək.

Müxalifət bu addımı ifadə azadlığına hücum adlandırıb.

Türkiyədə internetə çıxış hazırda da məhduddur - minlərlə vebsayt bloklanıb.

Baş nazir Recep Tayyip Erdoğan interneti açıq tənqid edib. O, Twitter şəbəkəsini "bəla", sosial medianı isə "cəmiyyətin baş bəlası" adlandırıb.

Ötən il keçirilən "Gezi Parkı" nümayişlərində anti-hökümət etirazçıları məlumat yaymaq üçün Twitter və Facebook şəbəkələrindən geniş istifadə edib.

"Faşizmi tətbiq etmək"

Yeni qanun parlamentdə saatlarla davam edən müzakirələrdən sonra qəbul olunub. Cənab Erdoğanın Ədalət və İnkişaf Partiyası (AKP) parlamentdə 550 yerdən 319-u tutur.

Debatların əvvəlində müxalif deputat Hasan Ören cənab Erdoğanı Adolf Hitlerlə müqayisə edib.

"Siz hakimiyyətə gələndə Türkiyədə demokrasiyanı inkişaf etdirmək barədə danışırdınız - indi isə faşizmi tətbiq etməyə çalışırsınız", o deyib.

"Yaddan çıxarmayın ki, Adolf Hitler hakimiyyətə gələndə eyni metodlardan istifadə edib".

Amma Baş nazirin müavini Bülent Arınc deyib ki, Türkiyədə internet senzurası "kəskinliklə" yoxdur.

"Dünyanın bir çox ölkəsindən daha azad və mətbuat azadlığına sahib bir ölkəyik", o deyib.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) deyib ki, yeni səlahiyyətlərə görə Türkiyənin telekommunikasiya agentliyi "qanuni həddsiz və ya məhdudiyyətsiz bütün internet istifadəçiləri barədə məlumat toplaya biləcək", istifadəçilər isə "bu məlumatların nə vaxt və necə toplandığını ... heç vaxt öyrənə bilməyəcək".