Kalaşnikov avtomatını icad edən Mixail Kalaşnikovun ömür yolu

Kalaşnikov
Şəklin alt yazısı, Kalaşnikov məşhur AK47 avtomatı üzərində tamamlama işlərini 1947-ci ildə başa çatdırıb.

Mixail Kalaşnikovun avtomat silahı dünyada ən məşhur və geniş yayılmış odlu silah növünə çevrilib.

Onlarla ölkənin ordusu bu avtomatla silahlanıb, Kalaşnikov avtomatının təsviri bir neçə dövlətin milli bayrağını bəzəyir.

Lakin AK47 eyni zamanda dünyada inqilab rəmzinə də çevrilib.

Anqola, Vyetnam, Əlcazair və Əfqanıstan kimi ölkələrin hərbi cəbhələrində məhz bu silahdan istifadə olunub.

Kalaşnikov avtomatından Fələstinli döyüşçülər və Osama bin Laden də istifadə ediblər.

Bu avtomatın sadə və ucuz konstruksiyası, etibarlılığı və davamlılığı onun geniş yayılmasına səbəb olub, bu avtomatı dünyada ən geniş yayılmış silah növünə çevirib.

Kalaşnikov ixtirasına görə Rusiyada mükafatlara layiq görülməsinə baxmayaraq, avtomatının geniş yayılması onu varlı adama çevirməyib.

Hətta bir dəfə Kalaşnikov zarafat da edib ki, "ot biçən maşın icad etsəydi maddi vəziyyəti daha yaxşı olardı".

Mixail Kalaşnikov 1919-cu il noyabrın 10-da Altay vilayətinin Kurya kəndində anadan olub.

Kalaşnikovun böyüdüyü kəndli ailənin 18 uşağı dünayaya gəlsədə, onlardan yalnız 6 uşaq sağ qalıb, boya-başa çatıb.

1938-ci ildə Kalaşnikov Qızıl Orduya çağırılıb, 1941-ci ilin oktyabr ayında yaralandıqdan sonra, Kalashnikov xəstəxanada müalicə aldığı dövrdə məşhur avtomatının ilk modelini icad edərək, onun eskizlərini və ilk variantını yaradıb.

kalashnikov
Şəklin alt yazısı, Dünyada təxminən 100 milyon Kalaşnikov avtomatı istehsal olunub

Yeni avtomat üzərində tamamlama işləri 1947-ci ildə bitib. Nəticədə Kalaşnikov avtomatına "AK47" adı verilib.

Sovet ordusunda bu silah 1949-cu ildən başlayaraq istifadəya qəbul edilib, elə həmin ildə də böyük serjant Mixail Timofeyeviç Kalaşnikov bu nailiyyətə görə 1-ci dərəcəli Stalin mükafatına layiq görülüb.

Kalaşnikov daha sonra Lenin ordeninə və Sosialist Əmək Qəhramanı ulduzuna layiq görülüb.

1987-ci ildə yaşadığı İjevsk şəhərinin fəxri vətəndaşı adına layiq görülüb.

75 il tamam olması münasibətilə o zaman prezident olmuş Boris Yeltsin Mixail Kalaşnikova general-mayor hərbi rütbəsi verib.

Lakin AK47 avtomatının sadəliyinə görə Kalaşnikov maliyyə cəhətdən ixtirasından az qazanc əldə edib.

Bütün dünya boyu onlarla silah istehsalçıları Kalaşnikov avtomatını asanlıqla hazırlayıb kütləvi istehsala başlayırdılar, silah satışından əldə etdikləri gəlirdən isə avtomatın əsl müəllifinə faiz çox nadir hallarda köçürülüb.

Lakin 83 yaşında olanda, Almaniyada mineral su və çətirlər istehsal edən şirkət konstruktorun dünya brendinə çevrilmiş adının istifadəsi hüquqi müqabilində Kalaşnikova səhmlərinin 30%-ni verib.

Amma Mixail Kalaşnikovun adını məhz AK47 avtomatı əbədiləşdirdi.

Mixail Kalaşnikov bu silahla böyük sayda insanın həyatına son qoyulmasına görə məsuliyəti heç zaman qəbul etməyib.

"Mən bu silahı Vətənimin sərhədini qorumaq üçün icad edib yaratmışam, bu avtomatdan bir çox müharibələrdə istifadə olunmasına görə isə məsuliyyəti mən yox - siyasətçilər daşımalıdır", Kalaşnikov vurğulayıb.