Forbes jurnalı: Dünyanın ən nüfuzlu adamı Putindir

Vladimir Putin
Şəklin alt yazısı, Forbes Putini seçdi

Forbes jurnalının tərtiblədiyi dünyanın ən nüfuzlu şəxsiyyətləri siyahısında 1-ci yerə Rusiya prezidenti Vladimir Putin layiq görülüb.

Sonrakı yerlərdə ABŞ prezidenti Barak Obama və Çin rəhbəri Si Tzinpin gəlirlər.

Forbes jurnalının Rusiya redaksiyasının rəhbəri Yelizaveta Osetinskaya xəbər verir ki, siyasi xadimlərin reytinqi tutularkən 3 parametr nəzərə alınıb: iştirakçının tabeçiliyinə aid edilə bilən insanların sayı, ixtiyarında olan maliyyə resursları və həmin şəxsin təsir göstərə bildiyi sahələrin sayı.

Yelizaveta Osetinskayanın təbirincə Vladimir Putin Suriya böhranı ilə bağlı yaranmış dalan vəziyyətindən çıxmaq üçün işlək təklif irəli sürə bilib və həmin təklif son nəticədə özünü doğruldub.

Forbes rəsmisinin qənaətincə, dünyanın siyasi xadimləri arasında Vladimir Putin bu gün müstəqil olanıdır.

"Çoxlarından fərqli olaraq, nə etmək və nə demək barədə o, özü qərar verir" - xanım Osetinskaya bildirib.