You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Laçın yolu ətrafında gərginlik: Nə baş verir? 6 suala cavabda
- Müəllif, Elçin Süleymanov
- Vəzifə, BBC News Azərbaycanca
Xankəndi/Stepanakerti Ermənistanın Qoris bölgəsinə birləşdirən Laçın yolu ətrafında mübahisə davam etdikcə, Azərbaycan daha çox beynəlxalq təzyiqlə üzləşir. Bəs, dekabrın 12-də yol üzərində başlayan aksiyanın səbəbi nədir, hazırda nə baş verir və hadisələr necə inkişaf edə bilər? BBC News Azərbaycanca bu suallara cavab tapmağa çalışıb.
Hazırda nə baş verir?
Laçın yolundakı Rusiya sülhməramlı kontingentinin (RSK) postu yaxınlığında keçirilən aksiya ilə bağlı vəziyyət ətrafında gərginlik davam edir. Dekabrın 12-də başlayan aksiya iştirakçıları tələb edirlər ki, RSK-nın məsuliyyət zonasındakı mədənlərə baxış keçirmək istəyən azərbaycanlı mütəxəssislər əraziyə buraxılsın.
Bu müddət ərzində bir sıra ölkə, habelə beynəlxalq qurumlar tərəfindən Laçın yolunun açılmasına dair çağırışlar səslənir. Ermənistan və Azərbaycan nümayəndələri, o cümlədən BMT-də keçirilə müzakirələr vaxtı bir-birini təxribatlarda və 10 noyabr üçtərəfli bəyanatı pozmaqda ittiham edirlər. Ermənistan lideri bölgəyə BMT, ATƏT və ya ATƏT-in Minsk qrupunun faktaraşdırıcı missiyasının göndərilməsinə çağırıb.
Laçın yolu ilə bağlı AİHM qərarında nə deyilir?
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) məsələ ilə bağlı Azərbaycan üzərinə öhdəlik qoyub. Dekabrın 21 çıxarılan "müvəqqəti tədbirlər" haqqında qərarda deyilir ki, Azərbaycan Ermənistanda müalicəyə ehtiyacı olan ağır xəstələrin, sığınacaq və yaşayış imkanları olmadan yolda qalan digər şəxslərin təhlükəsiz keçidinin təmin edilməsi üçün "öz səlahiyyətlərinə aid" olan bütün tədbirləri görməlidir.
Buna reaksiya verən Azərbaycan Xarici İşlər Nazirliyi "müalicəyə ehtiyacı olan ağır xəstələrin" təhlükəsiz keçidinin artıq təmin edildiyini bildirib. Ermənistanda hesab edirlər ki, aksiya keçirilən yol hazırda mülki əhalinin keçidi üçün təhlükəsiz deyil.
Laçın yolunu kim bağlayıb?
Hazırda yolun kim tərəfindən bağlanması barədə məlumatlar fərqlənir. Rusiya sülhməramlı kontingentinin komandanlığı yolun "dekabrın 12-də Azərbaycan tərəfindən kəsildiyini" bildirib. Bunu təkzib edən Azərbaycan yolun açıq olduğunu təsdiq edən videolara istinad edir.
Ötən həftədən bəri Azərbaycan mediasında aksiya keçirilən ərazidən o cümlədən, Beynəlxalq Qırmızı Xaç Komitəsi, yerli təcili yardım və yük maşınlarının keçdiyini göstərən videolar yayılıb. Lakin erməni mediasında onların arasında əvvəl olduğu kimi, mülki maşınların olmadığına diqqət yetirirlər.
Mübahisə necə yaranıb?
Laçın yolu ilə bağlı mübahisə Rusiya sülhməramlılarının yerləşdiyi ərazidə faydalı qazıntıların işlənməsi və ixracı ilə bağlı yaranıb. Azərbaycan onun nəzarəti olmadan bölgədə aparılan "qeyri-leqal" fəaliyyətin monitorinqini istəyir.
O, bu məqsədlə dekabrın 3-də və 7-də RSK ilə müzakirələrdən sonra ərazidə baxışın aparılmasına dair razılaşmanın əldə olunduğu bildirilir. Lakin onun keçirilməsinə maneə törədildiyini deyən azərbaycanlı fəallar dekabrın 12-də Şuşadan Xankəndinə gedən yolun üzərində aksiyaya başlayıblar.
Ermənistanın Baş naziri Nikol Paşinyan böhrana görə yüzlərlə ailənin "blokadanın müxtəlif tərəflərində" qaldığını və ərzaq çatışmazlığının yarandığını deyib. Bakı erməni sakinlərinə qarşı "blokada" və "humanitar fəlakət"lə bağlı iddiaları rədd edib.
Hazırda yolla bağlı danışıqlarda kim iştirak edir?
Yerevan Laçın dəhlizinin "açılması məsələsində" Azərbaycanla danışıqlar aparmadığını bildirir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu məsələ ilə bağlı "yalnız beynəlxalq ictimaiyyətlə işlədiyini deyib.
Azərbaycan 3 və 7 dekabrda Qızılbulaq və Dəmirli yataqlarına baxışın şərtləri ilə bağlı görüşlərdə yerli erməni nümayəndələrinin iştirak etdiyini bildirib. Lakin hazırkı danışıqlar barədə daha dəqiq məlumatlar verilməyib. Təmaslar barədə ən son informasiyanı Rusiya sülhməramlı kontingenti yayıb.
Dekabrın 22-nə olan RSK bülletenində deyilir ki, "Stepanakert-Qoris yolunda avtomobil nəqliyyatının maneəsiz" hərəkətinin bərpası ilə bağlı "erməni və Azərbaycan tərəfləri" ilə danışıqlar davam etdirilir.
Bundan sonra nə gözlənilir?
Hazırda yolun bağlanması ilə bağlı Azərbaycana qarşı beynəlxalq təzyiqlər artmaqdadır. Azərbaycan tənqidlərin qərəzli olduğunu deyərək yolun Rusiya tərəfindən bağlandığını göstərir. Bəzi ekspertlərə görə bu, Azərbaycanın Rusiya sülhməramlıların olduğu ərazilərə nəzarəti artırmaq istəyindən xəbər verir.
Rusiyadan narazılıq Yerevanda da hiss olunur. Ermənistan rəsmiləri Moskvanı yolla bağlı öhdəliklərini yerinə yetirməməkdə ittiham edirlər. Dekabrın 12-də Rusiya Prezidenti həm Ermənistan, həm də Azərbaycan liderləri ilə telefonla danışıb. Lakin belə görünür ki, bu danışıqlar Yerevanı razı salmayıb.
Belə ki, bu gün Ermənistanın xarici işlər naziri Moskvada Azərbaycan və Rusiya ilə keçiriləcək üçtərəfli görüşdə iştirakdan imtina edib. "Rusiya başa düşməlidir ki, bu, Azərbaycanın sülhməramlılara ilk siqnal və təzyiqdir", - Oxford Universitetinin təhlilçisi Leyla Əliyeva deyir.
Lakin onun sözlərinə görə hadisələrin eskalasiyası Rusiya üçün faydalı ola biləcək qeyri-sabitlik riskini artırır.