“Xerson Ukraynadır”: Kiyevin Xerson şəhərini alması ilə bağlı şənliklər

Şəklin mənbəyi, Reuters
Ukraynanın cənubundakı Xerson şəhərinə daxil olan Ukrayna hərbçiləri yerli sakinlər tərəfindən alqışla qarşılanıb.
Şəhərdə çəkilən videolarda küçələrdəki şənlikləri, əlində Ukrayna bayrağını dalğalandıran, mahnı oxuyan insanları görmək olar.
Ağ Ev hadisəni "fövqəladə qələbə", Ukrayna Prezidenti Zelenski isə "tarixi gün" adlandırıb.
Rusiya Xerson şəhərini müharibənin əvvəlində nəzarət altına almışdı və o, Rusiyanın bu müddət ərzində ələ keçirdiyi yeganə regional paytaxtdır.

Şəklin mənbəyi, Unian
İki gün əvvəl Rusiya qoşunlarına şəhərdən geri çəkilmək əmri verilib. Sentyabr ayında Moskva Xerson da daxil olmaqla, Ukraynanın dörd vilayətinin Rusiyanın dörd yeni regionu olduğunu açıqlayıb.
Ukrayna Silahlı Qüvvələrinin hissələri Xersona cümə günü daxil olmağa başlayıb.
Bundan əvvəl Rusiya hərbçiləri Dnepr çayının sol sahilinə keçiblər. Müvafiq əmri cümə axşamı günü Rusiyanın müdafiə naziri verib.
Rusiyanın Ukraynadakı qoşunlarının komandanı Xersonun təchizatının davam etdirilməsilə bağlı bütün imkanların tükəndiyini deyib. General Sergey Surovikin bu barədə müdafiə nazirinə məruzə edərkən bildirib.

Şəklin mənbəyi, Russian Defence Ministry/TASS
"Ən məqsədəuyğun variant müdafiəni Dnepr çayının xətti boyunca təşkil etməkdir", - Surovikin vurğulayıb.
Rusiya qüvvələrinin Xersondan çıxması ilə Dnepr çayının qərb sahilində artıq rusiyalı hərbçilər qalmayıb.
Rusiyalı general qoşunların geri çəkilməsinin üstün cəhətləri barədə də danışıb.
"Qüvvələr və vasitələrin bir hissəsi əməliyyat zonasında digər istiqamətlərdə, o cümlədən hücum səciyyəli əməliyyatlar üçün istifadə olunacaq",- Surovikin deyib.
Ekspertlər və hərbi təhlilçilər uzun müddətdir ki, Dnepr çayının iki sahilini birləşdirən Antonovski körpüsünün qismən dağıdılmasından sonra, təchizatı pozulan Rusiya qruplaşmasının Xersondan geri çəkilməsini gözləyirdilər.

Şəklin mənbəyi, Getty Images
Moskva 30 minə yaxın şəxsi heyətin, 5 minə texnika, silah və digər hərbi əmlakın çıxarıldığını bildirir.
Rusiya qoşunları Xersonu Ukraynaya hücumun ilk günlərində ələ keçiriblər.
Sentyrabrın 30-da Vladimir Putin Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luhansk vilayətlərinin rəsmi ilhaqını elan edib və onların Rusiya Federasiyasının dörd yeni regionu olduğunu açıqlayıb.

Şəklin mənbəyi, Sergei Malgavko/TASS
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, qoşunların Xersondan Dnepr çayının sol sahilinə çıxarılması "referendum"un nəticələrinə görə Rusiyaya birləşdirilən Xerson vilayətinin statusunu dəyişməyəcək.
Şənbə günü Rusiya rəsmiləri Qeniçesk şəhərinin Xerson vilayətinin "müvəqqəti paytaxtı" olacağını bildiriblər.
Qoşunların geri çəkilməsi barədə əmrdən əvvəl Rusiya minlərlə dinc sakini şəhərdən kənara, öz nəzarəti altında olan ərazilərə çıxarmağa başlamışdı.
Ukrayna bunu məcburi deportasiya kimi pisləyib.







