Volodimir Zelenski: "Gün gələcək, Eurovision Mariupolda keçiriləcək"

Ukrayna Prezidenti Volodimir Zelenski Eurovision 2022 Mahnı Müsabiqəsində Ukraynanı təmsil edən Kalush Orchestra qrupunu qələbə münasibətilə təbrik edərək vəd edib ki, "bir gün gələcək, Eurovision yenidən qurulmuş və azad Mariupolda keçiriləcək".

"Bizim mərdliyimiz dünyanı heyrətləndirir, musiqimiz Avropanı fəth edir! Mariupolun Eurovision iştirakçılarını və qonaqlarını qəbul etməsini mümkün etmək üçün əlimizdən gələn hər şeyi edəcəyik", Ukrayna Prezidenti özünün Instagram səhifəsində yazıb.

Ukraynanı qələbə münasibətilə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Britaniyanın Baş naziri Boris Johnson da təbrik ediblər.

"Bu, təkcə parlaq istedadınızın nəticəsi deyil, həm də azadlıq mübarizənizin sarsılmaz dəstəyidir!"- Boris Johnson öz Tvitter hesabında yazıb.

Ukrayna qrupu Kalush Orchestra müsabiqənin əvvəlindən qələbəyə ən şanslı iştirakçı sayılırdı.

Ukrayna ümumilikdə 631 bal toplayaraq böyük fərqlə Eurovision 2022-in qalibi elan olunub.

İkinci və üçüncü yerləri Britaniya və İspaniya təmsilçiləri tutublar.

İkinci yeri 466 xalla Britaniya təmsilçisi Sam Ryder tutub

O, tikintidə fəhləlikdən Tik-Tok ulduzuna qədər yol keçərək Eurovision müsabiqəsində iki il ardıcıl olaraq sonuncu olmuş (2019-cu və 2021-ci illərdə) Britaniyanı bu il ikinci yerə çıxara bilib.

Üçüncü yerdə İspaniya təmsilçisi müğənni Chanel-dir.

Azərbaycanı Eurovision Mahnı Müsabiqəsində təmsil edən Nadir Rüstəmli 16-cı yerə çıxıb.

Avropa Yayım İttifaqı Rusiyanı fevralın 25-də Eurovision müsabiqəsindən kənarlaşdırıb.

Rusiya bu qərara cavab olaraq Avropa Yayım İttifaqından çıxdığını elan edib.