Erməni politoloq: Etirazçılar narahatdır ki, Qarabağ Azərbaycanın tərkibində olsa, "bu hal Qarabağın ermənilərdən təmizlənməsinə gətirəcək"

Poğosyan

Üçüncü həftədir ki, Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyanın istefası tələbilə fasiləsiz etiraz aksiyaları keçirir. Müxalifət Paşinyanı "Qarabağı Azərbaycanın tərkibində tanıyan saziş imzalamağa" razılıq verməkdə ittiham edir. Paşinyan aprelin 13-də Milli Məclisdə çıxışı zamanı "beynəlxalq ictimaiyyətin Ermənistana Qarabağın statusu məsələsində tələbini bir qədər aşağı salmağı" təklif etdiyini bildirib.

Ermənistan müxalifəti Azərbaycanın sərhədləri çərçivəsində BMT tərəfindən qəbul edilən bir bölgənin taleyi ilə bağlı rəsmi Yerevanın hansı addım atmasını istəyir? Hakimiyyət nə etməlidir? "Tələbin aşağı salınması" nə deməkdir? 

"Ermənistan siyasi elmlər assosiasiyası" qeyri-hökumət təşkilatının icraçı direktoru Benyamin Poğosyan BBC News Azərbaycancanın bu və digər suallarını cavablandırıb.

- Baş nazirin aprelin 13-də Milli Məclisdəki çıxışı zamanı beynəlxalq cəmiyyətin Qarabağın statusu məsələsində tələbi aşağı salmaq təklifinə dair məlum bəyanatı Ermənistanın Artsaxı (ermənilər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini "Artsax" adlandırırlar - red.) Azərbaycanın tərkibində tanımağa hazır olduğuna açıq işarə kimi anlaşıldı.

Baş nazirin etirafı belə düşünməyə əsas yaradır ki, əvvəllər prioritet status məsələsi olubsa, hazırda hüquqi məsələlər üstünlük təşkil edir və Artsaxın statusu bundan irəli gəlməlidir.

Aydındır ki, bu hal erməni ictimaiyyətində narahatlıq doğurmaya bilməzdi. Çünki son 30 ildə baş verən prosesləri nəzərə alaraq, hamı anlayır ki, Artsax Azərbaycanın tərkibində qalarsa, bu hal birmənalı Artsaxın ermənilərdən təmizlənməsinə gətirəcək.

Baş nazirin çıxışındın sonra etiraz aksiyaları başlandı. Lakin mən bir məqamı qeyd etmək istərdim. Aydındır ki, etiraz aksiyaları Ermənistanın ikinci və üçüncü prezidentləri ilə assosiasiya edilən və Milli Məclisdə təmsil olunan müxalif siyasi qüvvələr - Artur Vanetsyanın başçılıq etdiyi Vətən Partiyası, Ermənistan Respublikaçı Partiyası, Daşnaksutyun Erməni İnqilabi Federasiyası - tərəfindən təşkil olunub. Bu etiraz aksiyalarında parlamentdə təmsil olunmamış başqa hərəkatlar da iştirak edir.

Lakin məsələ ondadır ki, bu, sırf siyasi mübarizə deyil. Küçəyə çıxanlar yalnız siyasi qüvvələrə pərəstiş edən və ya ikinci və üçüncü prezidentlərlə assosiasiya olunan şəxslərin qayıdışını arzulayan insanlar deyil. Nümayişçilər arasında hətta keçmiş iqtidara heç bir aidiyyəti olmayan və keçmiş iqtidarın hakimiyyətə qayıtmasını istəməyən insanlar da vardır. Keçmiş deyəndə, 2018-ci il aprel ayına qədər hakimiyyətdə olanları nəzərdə tuturam.

Odur ki, mübarizənin siyasi qüvvələr tərəfindən təşkil olunmasına baxmayaraq, əslində bir qədər geniş xassəlidir və hər hansı siyasi qüvvəni dəstəkləməyən, lakin Artsaxın ermənilərdən təmizlənməsini qəbul etməyən insanlar da iştirak edir.

Bir daha deyirəm, ən azı son 30 il hadisələrini nəzərə alaraq, Azərbaycan tərkibində Artsax - ermənilərsiz Artsax deməkdir.

Əlbəttə, söhbət siyasi qüvvələrdən gedirsə, burada az aydınlıq var. Hamısı deyir ki, Baş nazirin istefasından sonra müvəqqəti milli həmrəylik hökuməti yaradılacaq.

Lakin aydın deyil: bu hökumətin tərkibinə kimlər daxil olacaq? Konkret vəzifələr tutan konkret adlar məlum deyil. Nə müddətə və nə üçün bu müddətə müvəqqəti olacaq?

Və bu ehtimal olunan yeni müvəqqəti hökumətin sərhədlərin delimitasiya və demarkasiyası komissiyasının yaradılması, kommunikasiyalar üzərindən blokadanın götürülməsi və Azərbaycanla gələcək sülh sazişi ətrafında danışıqlar kimi məsələlərdə mövqeyi necə olacaq?

Burada konkretlik yoxdur. Lakin bir də deyirəm: bu, sırf siyasi qüvvələr arasında mübarizə deyil və küçədə olan insanlar konkret hansısa siyasi qüvvələri dəstəkləyənlər deyil.

BBC - Belə olan halda Ermənistan müxalifəti bu məsələnin həllini necə görür? Hakimiyyət nə etməlidir?

- Bir şey aydındır ki, bu gün küçəyə çıxanların hamısı birmənalı bəyan edirlər ki, Ermənistan Azərbaycanla heç bir, Artsaxı Azərbaycanın tərkibində tanıyan sənəd imzalamamalıdır. Bu, birmənalı tələbdir.

Sözsüz, hamı qəbul edir ki, Azərbaycanla danışıqlar aparılmalıdır. Heç kəs sərhədlərin delimitasiyası və demarkasiyasına qarşı çıxış etmir, heç kəs demir: gəlin kommunikasiyaların açılması prosesini dayandıraq. Heç kim bunu tələb etmir.

Lakin aydın bir mövqe mövcuddur ki, Azərbaycanın verməyə hazır olduğu ehtimal olunan zaminliyinə baxmayaraq, danışıqlar prosesi Artsaxı Azərbaycanın tərkib hissəsi kimi tanıyan heç bir sənədin imzalanması ilə nəticələnməməlidir.

Müxalifətin nöqteyi-nəzərindən, onlar deyirlər ki, istefa verməlidir.

Hakimiyyət nöqteyi-nəzərindən... Aydındır ki, Cənubi Qafqazda təmsil olunan bütün xarici siyasi aktyorların - Rusiya, Avropa İttifaqı, Birləşmiş Ştatlar, Türkiyə və İran - hamısı Ermənistan-Azərbaycan sülh prosesinin başlanmasında maraqlıdır və görünür, heç biri burada yeni hərbi eskalasiya marağında deyil.

Bu o deməkdir ki, delimitasiya və demarkasiya komissiyasının işinə başlamaq, kommunikasiyaların açılması istiqamətində işləri davam etdirmək və Azərbaycanla sülh danışıqlarına başlamaq lazımdır.

Lakin gəlin burada iki məqamı biri-birindən ayıraq. Azərbaycanla danışıqlara başlamaq və Azərbaycanla sülh sazişi imzalamaq tamam başqa şeylərdir.

Hamımız anlayırıq ki, Artsax münaqişəsi elə mürəkkəb bir münaqişədir ki, tarixin keçmişinə nəzər salsaq, ən azı 1918-ci ildən başlayır, Rusiya çarlığının dağılmasından sonra. Bu münaqişənin bir neçə ayda sülh sazişi imzalanmaqla başa çatmasını gözləmək real deyil.

Azərbaycanın bütün tələbləri və ya təhdidləri ki, Ermənistan bir neçə ayda sülh sazişini imzalamasa, Azərbaycanın ərazi bütövlüyünü, Artsax daxil olmaqla, tanımasa, Azərbaycan danışıqlar aparmaz və özü də Ermənistanın ərazi bütövlüyünü tanımaz - bunlar realistik tələblər deyil və məntiqə sığmazdır.

Bu proseslərin üçü də başlanmalıdır: sərhədlərin delimitasiya və demarkasiyası komissiyası işləməyə başlamalı, kommunikasiyaların açılması istiqamətində işlər davam etdirilməli və Azərbaycanla Ermənistan arasında sülh sazişi ətrafında danışıqlar başlanmalıdır.

Lakin sazişin imzalanmasına dair süni son müddət tələbi qoyulmamalıdır: məsələn, ya saziş 2022-ci il oktyabrın 1-nə kimi imzalanmalıdır, ya da heç imzalanmır kimi tələb.

Azərbaycan hazırkı mövqeyində qalsa, yəni daima Ermənistanın fəaliyyətdə olan hökuməti ilə "ya bir neçə ayda Qarabağı Azərbaycanın tərkibində tanımalısınız, ya da heç bir danışıq olmayacaq" deyə təhdid və şantaj dilində danışarsa, bununla Azərbaycan tək bir şeyə nail ola bilər ki, burada daxili siyasi gərginlik və qeyri-sabitlik daha da güclənər və ola bilsin, hakimiyyət dəyişikliyi ilə nəticələnər.

Bu yeni hökumətin Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa indikindən daha meylli olması isə çox böyük şübhələr doğurur.

BBC - Bu aksiyalar fonunda Ermənistan ictimaiyyəti Azərbaycanla sülhə nə qədər yaxındır?

- Aydındır ki, danışıqlardan imtina etmək bizi yeni çıxılmaz vəziyyətə qoyar, yeni müharibə təhlükəsi qarşında dayanarıq. Lakin bir daha demək istəyirəm ki, bu nümayişlər sülh danışıqları və sülh ideyasına qarşı yönəlməyib.

Heç kəs Ermənistanda demir: yox, Azərbaycanla heç vaxt sülh ola bilməz, Azərbaycan ləğv edilməlidir və biz 3500-ci ilə kimi müharibə içində yaşamalıyıq. Heç kəs belə düşünmür.

İnsanlar sadəcə deyirlər ki, Azərbaycanla sülh Azərbaycanın bütün istəklərinin təmin olunması və Ermənistanın həyati maraqlarının tapdalanması hesabına olmamalıdır.

Və bir şeyi anlamaq lazımdır ki, istənilən münaqişədə təklif olunan həll bir tərəfin bütün tələblərini ödəyir və qarşı tərəfin bütün həyati maraqlarını tapdalayırsa, bu, nə uzunmüddətli sabitliyə, nə də sülhə gətirə bilər.

Odur ki, danışıqlar birmənalı davam edə bilər, və yenə deyirəm: Ermənistanda heç kəs Azərbaycanla sülhə qarşı deyil, heç kəs demir ki, gələcək 500 ya 1000 ili müharibə içində yaşamalıyıq. Heç kəs o qədər axmaq deyil ki, müharibə arzusunda olsun.

Nə müxalifət, nə iqtidar demir ki, biz daima Azərbaycanla müharibə şəraitində olmalıyıq. Məsələ ondadır ki, hər hansı barışıq Artsaxın itirilməsi hesabına ola bilməz və bundan əlavə, Ermənistanda çoxları əmindir ki, hətta biz Artsaxdan imtina etmək hesabına sülhə nail olmağa çalışsaq belə, bu da sülhə gətirməz - Türkiyə və Azərbaycan bununla kifayətlənməz. Çünki Artsaxdan sonra Sünik məsələsi meydana gələr.

Bu barədə biz hətta Azərbaycan Prezidentindən bəyanatlar eşidirik ki, Ermənistan ərazisinin böyük hissəsi, Yerevan da daxil olmaqla, tarixi Azərbaycan əraziləridir, 100 minlərflə azərbaycanlı bura qayıtmalıdır və sair.

Sözün qısası, hətta Ermənistan sülh naminə Artsaxdan imtina etsə (nə qədər cəfəng görünsə belə), bu da sülhə gətirməz. Çünki bundan sonra Ermənistana təklif edərlər: indi də sülh naminə Sünik mərzindən imtina elə və sair.

BBC - Xarici işlər naziri Mirzoyan ABŞ-da səfərdəydi. Təhlükəsizlik Şurasının katibi isə Brüsseldə Azərbaycan rəsmisi Hikmət Hacıyevlə görüşdü. Bu görüşlərdən əsas gözlənti nə idi?

- Dünyanın ən nüfuzlu ölkəsi Birləşmiş Ştatlara bizim xarici işlər nazirinin səfəri, əlbəttə, önəmlidir. Son dəfə ABŞ xarici işlər naziri səviyyəsində görüş 2020-ci ilin oktyabrında olub, müharibə zamanı. Üçtərəfli görüş idi. ABŞ Qarabağ müharibəsində atəşkəsi bərpa etməyə çalışırdı.

Bu görüş vacibdir, lakin demək olmaz ki, Ermənistan xarici siyasətində əhəmiyyətli dəyişikliklərə başlayıb, qərbmeylli siyasət yeritməyə başlayıb, Qərb-Rusiya qarşıdurmasında Qərbin tərəfini seçib. Mən belə deməzdim.

Əlində bayraq tutan etirazçı

Şəklin mənbəyi, AFP/Getty images

Şəklin alt yazısı, Üçüncü həftədir ki, Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyanın istefası tələbilə fasiləsiz etiraz aksiyaları keçirir

Əlbəttə, ABŞ bizim üçün vacibdir, orada 1,5 milyona yaxın erməni icması var. Bu, müsbət haldır. Lakin həddən böyük gözləntilər doğurmamalıdır ki, xarici siyasətdə 180 dərəcə dönüş [olacaq], əlvida Rusiya və Qərbə sarı sıçrayış. Yox, belə deməzdim.

O ki qaldı Brüssel görüşünə, aydındır ki, Avropa İttifaqı Ermənistana və Azərbaycana bir-biri ilə danışmaq imkanı vermək istəyir. Görünür, hər iki tərəf də, Moskvadan başqa, gedib Brüsseldə də müəyyən məsələlər müzakirə etməyə razıdır.

Əlbəttə, belə görüşlər tərəflər üçün bir-birinin mövqeyini anlamaq üçün yaxşı imkandır.

Ermənistanda olan narazılıq erməni rəsmisinin azərbaycanlı rəsmisi ilə görüşüb danışması ilə bağlı deyil. Narazılıq ondadır ki, elə bil hökumət Ermənistanın həyati maraqlarını nəzərə almayan güzəştlərə getməyə hazırdır.

Ermənistanda heç kəs - nə iqtidar, nə müxalifət, nə də ekspert cəmiyyəti - nə Azərbaycanla danışıqlara, nə də münasibətlərin tənzimlənməsinə qarşıdır.

Problem ondadır ki, Ermənistanda çoxları elə düşünmür ki, bu münasibətlər Ermənistanın bütün maraqlarının tapdalanması və Azərbaycanın bütün istəklərinin təmin olunması hesabına baş verməlidir.

BBC - Rusiya bu proseslərdə - həm sülh sazişinin hazırlanması, həm Ermənistanda müxalifətin etirazları - hansı tərəfdə, hansı mövqedə görünür?

- Rusiyanın mövqeyini belə təsvir edərdim: Birincisi, Rusiya Artsaxda daimi hərbi təmsil olunmasını istəyir.

İkincisi, Rusiya anlayır ki, Artsaxda ermənilər olmasa, onun Artsaxda hərbi iştirakı mümkün olmaz.

Rusiyanın əsas strateji məqsədləri bunlardır: Rusiya qoşunları Artsaxda mümkün qədər çox qalmalıdır və ermənilər Artsaxda mümkün qədər uzun müddət yaşamalıdır, çünki ermənilər olmasa, rus qoşunları da olmaz.

O ki qaldı Ermənistan-Azərbaycan sülh sazişinə, fikrimcə, Rusiya danışıqlar prosesinin başlanmasında maraqlıdır. Bu, hərbi eskalasiya ehtimalını azaldar. Çünki eskalasiya Rusiyaya sərf etmir.

Təsəvvür etsək ki, Azərbaycan gərginlik yaradır və Rusiya cavab verir. Bu, həm Rusiya-Azərbaycan münasibətlərini korlayar, həm Rusiya-Türkiyə münasibətlərində problemlər yaradar. Bunların heç biri Rusiyaya lazım deyil.

Lakin Azərbaycanın hərbi eskalasiyasına Rusiya heç bir reaksiya verməsə, bu, Ermənistanda Rusiya əleyhinə əhval-ruhiyyələrə səbəb olar. Ermənistanda insanlar onsuz da deyirlər: bizi müdafiə etmirsə, belə müttəfiq nəyimizə lazımdır.

Bundan başqa, Rusiya imic itirmiş olur. Çünki deyərlər: kiçik bir Azərbaycanın hərəkətləri qarşısında heç nə edə bilməyən Rusiya Ukrayna kimi ölkə ilə problemləri necə nizamlamağa çalışır.

Lakin fikrimcə, Rusiya istəməz ki, imzalanacaq sülh sazişində Artsaxın Azərbaycan tərkibində olması qəti müəyyən edilsin. Çünki Azərbaycan bundan istifadə edib, 2025-ci ilin noyabrında Rusiya sülhməramlılarının Artsaxdan çıxmasını tələb edə bilər.

Odur ki, Rusiya sülh danışıqlarının başlanmasını istəyir, amma istəmir ki, danışıqların yekunlarına görə imzalanan sülh sazişində Artsax Azərbaycanın tərkibində göstərilsin, ya da istəyir ki, danışıqlar mümkün qədər uzun davam etsin.

Ermənistandakı etiraz aksiyaları ilə bağlı Rusiyanın mövqeyinə gəldikdə, ehtimal edirəm ki, Rusiya bilavasitə bizim daxili siyasi proseslərə müdaxilə etmək və Rusiya-Ermənistan münasibətlərinin Ermənistan daxili siyasi həyatının gündəlik məsələsi olmasını istəmir. Digər tərəfdən, bu etiraz aksiyaları Ermənistan Baş naziri üçün müəyyən imkanlar yaradır ki, o sazişin imzalanma müddətini mümkün qədər uzatsın, ya da ümumiyyətlə imzalamaqdan və Artsaxı Azərbaycanın tərkibində tanımaqdan imtina etsin.

O deyə bilər ki, parlamentdə çıxışı zamanı bunun mümkünlüyünə dair yüngül eyham vurdum, 10-15 min insan küçəyə çıxdı, bu gün desəm ki, bir həftədən sonra gedirəm belə bir saziş imzalamağa, 150 min insan küçəyə çıxar və mən heç Ermənistana qayıda da bilmərəm.

BBC - Müharibədən sonra ilk dəfə olaraq tərəflər sülh sazişi üzərində işləməyə razılıq verdi. Erməni ictimaiyyətinin bu sülh sazişində nələrin öz əksini tapması gözləntisi var?

- Yalnız onu dəqiq deyə bilərəm ki, Ermənistan ictimaiyyətinin əksəriyyəti Artsaxın statusunu Azərbaycanın tərkibində muxtariyyət və ya başqa hər hansı şəkildə müəyyən edən sülh sazişinin imzalanmasına qarşıdır.

Bu halda nə etmək olar? Danışıqlara başlamaq, danışıqlar aparmaq, ancaq uzun müddət sülh sazişini imzalamamaq. Lakin bu, təhlükəlidir - hərbi əməliyyatların başlanmasına gətirə bilər. Çətin ki, Azərbaycan illərlə danışıqlar aparmaq istəsin.

Belə olan halda yeganə qəbul edilə bilən həll variantı belə görürəm: Azərbaycanla sülh sazişi imzalamaq və orada Artsax üçün "keçid dövrü" anlayışını qeyd etmək. Eyni zamanda ərazi üçün status-kvo vəziyyətin, yəni 2020-ci il noyabrdan sonra formalaşan ərazilərin qorunması şərti ilə.

Bu o deməkdir ki, azərbaycanlılar yalnız 2020-ci il noyabrından sonra Azərbaycanın nəzarəti altında olan ərazilərə nəzarət edir, hazırda Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərə isə Azərbaycan nəzarət etmir.

Bu, həm sülh sazişini imzalamağa imkan verən, həm də eskalasiya təhlükəsini azaldan yeganə variantdır.

Digər tərəfdən, Ermənistanın bütün maraqları tapdalanmaz və burada siyasi qeyri-sabitliyə, hakimiyyət dəyişikliyinə və başqa istənilməz inkişaflara səbəb olmaz. Bunun üçün sülh sazişində Artsax üçün keçid statusu nəzərdə tutulmalıdır.

BBC -Azərbaycan ermənilərin yaşadığı bölgəyə birmənalı şəkildə ayrıca status verilməsini və ya Qarabağın özünü müstəqil elan etməsinə razılıq verəcəyini rədd edib. Bu halda vəziyyətin inkişafını necə görürsünüz? 3-cü Qarabağ müharibəsimi başlayacaq? Ermənistan nə etməlidir?

- İstər 2020-ci il müharibəsindən əvvəl, istərsə indi Artsaxın statusuna dair hər iki ictimaiyyətin əksəriyyətində mövqelər daban-dabana ziddir.

Koçaryan

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Keçmiş Prezident Robert Koçaryanın tərəfdarları, Daşnaksutyun və başqa müxalif qüvvələr də etiraz aksiyalarına qatılıb

Azərbaycan deyir ki, ümumiyyətlə Artsaxa heç bir status verməz, indi də Azərbaycan Prezidenti bəyan edir ki, Artsax, ya Dağlıq Qarabağ adlı bölgə belə yoxdur, Qarabağ iqtisadi zonası var. Status məsələsi də tarixin zibilliyinə atılıb.

Erməni ictimaiyyətinin əksəriyyəti üçün isə bir şey aydındır ki, Artsaxın Azərbaycanın tərkibində qalması sürətlə Artsaxın bütövlüklə ermənilərdən təmizlənməsinə gətirər.

Yenidən çıxmaza düşməmək və tərəflərin yeni müharibəyə hazırlaşdığı 1994-cü ildəki kimi, 2035-ci ildə və ya başqa nə vaxtsa gələcəkdə yeni müharibə ilə üzləşməmək üçün, bir daha deyirəm, müharibə təhlükəsinin azaldılması və statusla bağlı qapalı vəziyyətdən çıxmağa imkan verən sülh sazişi imzalanmalıdır.

Ona görə də mən hesab edirəm ki, yeganə məqbul variant imzalanacaq sülh sazişində "keçid dövrü" anlamını təsbit etmək, bu dövrün nə vaxt başa çatacağı müddəti müəyyən edən konkret meyarlar qoymaq olar və yəqin ki, ATƏT-in Minsk Qrupundan (çünki Qərb-Rusiya münasibətləri ucbatından Minsk Qrupu həmsədrliyi faktiki işləmir) xahiş etmək olar ki, heç olmasa ildə bir dəfə bu meyarlara necə əməl olunması haqqında məruzə etsin. Vaxtı çatanda da keçid dövrünün başa çatdığı bəyan edilər.

Mən vəziyyətdən çıxmaq imkanını belə təsəvvür edirəm. Əks təqdirdə, çətin ki, sülh sazişi imzalana. Sazişin imzalanmaması daima eskalasiya təhlükəsi ilə yaşamaq deməkdir.

BBC - Azərbaycan Qarabağ erməniləri üçün inteqrasiya və yüksək təhlükəsizlik zəmanəti vəd edir. Hər iki xalqın yaddaşında müharibələr olsa da, amma dinc yanaşı yaşamaq keçmişi də olub, bəzi ölkələrdə, məsələn, Gürcüstanda indi də bir kənddə dinc və sülh içində yaşaya bilirlər. Bu keçmiş və başqa ölkələrin təcrübəsi Qarabağ üçün nümunə ola bilərmi?

Birgə yaşama təcrübəsinə gəldikdə, bir şeyi qeyd etmək lazımdır ki, Sovet Azərbaycanı müstəqil dövlət deyildi və Sovet Azərbaycanında ermənilər Azərbaycanın tabeliyi altında yaşamırdı. Sovet Azərbaycanı SSRİ-nin bir hissəsi idi, Moskva tərəfindən idarə olunurdu və orada vətəndaşlar Azərbaycan pasportu ilə deyil, sovet pasportu ilə yaşayırdılar.

Hazırda Azərbaycan müstəqil dövlətdir və orada vəziyyət tamam başqadır.

Sovet Azərbaycanında ermənilər SSRİ vətəndaşları kimi yaşayırdı və hər şeyə nəzarət edən mərkəzi hökumət var idi.

Sovet Azərbaycanı və bugünkü müstəqil Azərbaycan tamamilə fərqli ölkələrdir.

Demək ki, Sovet Azərbaycanında yarım milyona yaxın erməni yaşayıb, bu gün də yaşaya bilərlər - bu, ən azı qəsdən və ya bilməməzlikdən həqiqətin təhrif edilməsi deməkdir.

İkincisi, Azərbaycan deyir ki, təhlükəsizlik zəmanəti və sair verməyə hazırdır. Ermənistanda geniş yayılmış bir fikir var. 2020-ci il Qarabağ müharibəsindən 18 ay keçib. Bu gün Azərbaycanın nəzarəti altına keçən Hadrut, Şuşa və başqa ərazilərin heç birində bir nəfər də erməni yaşamır.

Heç olmasa nümunə üçün biri də yoxdur ki, Azərbaycan Stepanakertdə (Xankəndi - red.) yaşayan erməniləri təşviq eləsin ki, Hadrutda, ya Şuşada 1500 erməni yaşayır, yüksək maaşla işləyir, yüksək təqaüd alır, özlərini xoşbəxt hiss edirlər. Erməni məktəbləri var və sair.

Azərbaycanın nəzarəti altında olan ərazilərdə sıfır sayda erməni olduğu təqdirdə, Artsax ermənilərinə təhlükəsiz, xoşbəxt yaşayış vəd etmək ciddi qəbul olunmur.

Əgər Azərbaycan belə bir proses başlamaq istəyirsə, ilk növbədə 2020-ci ildə ələ keçirdiyi ərazilərə ermənilərin qayıdışını təşkil etməli, onlar üçün şəraitlər yaratmalıdır, bundan sonra illər keçməlidir.

Biz də görərik ki, 5-7 il keçib və minlərlə erməni Azərbaycanın nəzarəti altında olan ərazilərdə yaşayır, heç bir problemi yoxdur, ayrıseçkiliyə məruz qalmır, bundan sonra gedib Stepanakertdə demək olar ki, görün ermənilər Hadrutda Azərbaycanın tabeliyində necə xoşbəxt yaşayır.

BBC - Ermənistan müxalifətinin etiraz aksiyaları xalqın geniş dəstəyini alıb mövcud hakimiyyəti devirmək məqsədinə çatması ehtimalını necə qiymətləndirirsiniz? Bu hal sülh sazişinin hazırlanması prosesi poza bilərmi? Və belə olan halda yeni müharibə təhlükəsi mümkündürmü?

Bu gün yalnız bir şey məlumdur - baş nazirin Qarabağın statusu məsələsində tələb səviyyəsini aşağı endirmək haqqında bəyanatı. Nə danışıqlar gedir, nə də saziş layihəsi var.

Lakin bu istiqamətdə müəyyən konkretlik - məsələn, Ermənistan-Azərbaycan sazişi layihəsinin məzmunu açıqlansa, Artsaxın Azərbaycanın tərkibində olması razılaşdırılıb və bəyan edilsə ki, bu saziş, məsələn, 1 dekabr 2022-ci il tarixində Vyanada, Brüsseldə ya Cenevrədə imzalanmalıdır, Yerevanın küçələrində 10-15 min nümayişçi yox, 100 ya 150 min nümayişçi görərik.

Bu, hakimiyyət dəyişikliyi ehtimalını kəskin şəkildə artırar.

Bunun Azərbaycan-Ermənistan münasibətlərinə təsiri barədə dəqiq bir şey demək olar ki, hər hansı olursa-olsun yeni hakimiyyət Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması məsələsində fəaliyyətdə olan hökumətdən qat-qat az meyilli olacaq.

Azərbaycanda da anlamalıdırlar ki, mövcud hakimiyyətdən bir neçə ay ərzində, hətta Qarabağın Azərbaycanın tərkibində tanınmasını ehtiva edən, sənədin imzalanmasını daima tələb etməklə Ermənistanda Azərbaycana qarşı daha sərt mövqeli qüvvənin hakimiyyətə gəlməsinə imkan yaradır.

BBC -Anklavlar probleminin həllini necə görürsünüz?

- Ən səmərəli həlli- hər şeyi olduğu kimi saxlamaq olardı. Əks təqdirdə bu, onsuz da çox mürəkkəb münasibətlərdə, əlavə çətinliklər yaradacaq.

Əgər kimsə Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasını daha da çətinləşdirmək, vaxt uzatmaq istəyirsə, anklavlar məsələsini gündəmə gətirə bilər. Bu, Ermənistanda çox ağır qəbul olunur, əlavə həyəcanlar doğuracaq, əlavə çətinliklər yaradar... Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına xidmət etməyəcək.

Sovet dövründən Azərbaycan ərazisində olan Ermənistan tərəfindən nəzarət olunmayan, lakin inzibati əraziləri olan anklavlar Azərbaycana verilməli, Ermənistan ərazisindəki Azərbaycan tərəfindən nəzarət olunmayan inzibati əraziləri Ermənistana verilməlidir.