You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Rus sülhməramlıları erməni deputatlarına Qarabağa “getməyə icazə verməyib”
Ermənistan Xarici İşlər Nazirliyi rus sülhməramlıların bir qrup erməni deputatın Qarabağa getməsinə icazə verməməsindən narahatlığını bildirib.
Ermənistan parlamentinin müxalif "Hayastan" və "Pativ unem" (Təzim edirəm) fraksiyaları bu həftə parlament iclaslarını boykot edərək Qarabağa gedəcəklərini açıqlamışdılar.
Ermənistan Xarici İşlər Nazirliyi hesab edir ki, deputatlara "Dağlıq Qarabağ"a getməməyə icazə verilməməsi "Laçın dəhlizi vasitəsilə Dağlıq Qarabağın Ermənistana maneəsiz birləşməsini nəzərdə tutan 10 noyabr bəyanatına ziddir".
Hayastan fraksiyasının üzvü, Ermənistan Milli Məclisinin sədr müavini İşxan Sağatelyan öz Facebook səhifəsində yazıb ki, deputatlara Qarabağa girişə qadağa qoyulub. Millət vəkili bunu Ermənistan rəhbərliyinin Azərbaycan rəhbərliyi ilə "xəyanətkar sövdələşməsi" hesab edib.
Ancaq Ermənistan millət vəkilləri Qarabağda özünü "Artsax parlamenti" adlandıran separatçı qurumun bütün fraksiya nümayəndələri ilə Zabux kəndindəki buraxılış məntəqəsində görüşə biliblər. Bu barədə məlumatı İşxan Sağatelyan bildirib.
Fraksiyanın digər nümayəndəsi Artur Ğazinyan isə iddia edib ki, Qarabağa gedən şəxslərin siyahısı Azərbaycana ötürülüb və Azərbaycan da siyahını Rusiya sülhməramlılarına təqdim edərək onların Qarabağa getməsinin qadağan olunmasını tələb edib.
Azərbaycan, Ermənistan və Rusiyanın bu iddiaya reaksiyası bəlli deyil.
Ermənistan parlamentində "Artsax" bayrağı
"Hayastan" fraksiyasının rəhbəri, Ermənistan sabiq müdafiə naziri Seyran Ohanyan çərşənbə axşamı parlamentdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniləri nəzərdə tutaraq deyib:
"Biz soydaşlarımızla bilavasitə əlaqələrimizi davam etdirmək məqsədilə ölkəmiz üçün ən önəmli hadisələrin cərəyan etdiyi Artsaxa və Ermənistanın sərhəd bölgələrinə yollanırıq".
Seyran Ohanyan deyib ki, Ermənistan və Qarabağ "ciddi təhlükələrlə üzləşib", lakin parlamentin əksəriyyəti qeyri-adekvat hərəkət edir və gündəmə gələn real problemlərin həlli yollarını axtarmaq əvəzinə, xüsusilə Qarabağ məsələsində tam fəaliyyətsizlik nümayiş etdirir.
O, parlament tribunasına separatçı "Artsax Respublikası"nın bayrağını sancaraq xahiş edib ki, onu qorusunlar.
Tribunaya çıxan iqtidar "Vətəndaş müqaviləsi" fraksiyasının nümayəndəsi Vahaqn Aleksanyan keçmiş müdafiə nazirinin tribunaya yapışdırdığı bayrağı qopardıb və deyib: "30 il yeganə bir şeylə - talan ilə məşğul olan keçmiş hakimiyyət bu gün parlamentdə özlərini Artsaxın və Ermənistanın müdafiəçiləri kimi təqdim edirlər. Əslində isə 30 il ərzində bu bayrağı düzgün yerinə qoymaq, onun qorunmasını, Ermənistan bayrağının qorunmasını təmin etmək əvəzinə eyni bəyanatlarla özlərinin və ailələrinin ciblərinin zənginləşdirilməsi ilə məşğul olublar".
Azərbaycan ermənilərin "Artsax" adlandırdığı Dağlıq Qarabağ adlı regionun olmadığını, Xankəndi və ətrafının Qarabağ iqtisadi zonasına daxil olduğunu bildirir. Azərbaycan həm də Qarabağın Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərində olan erməni silahlılarının çıxarılmasını istəyir.
Aprel ayının 6-da Azərbaycan və Ermənistan liderləri Brüsseldə görüşərək sülh sazişini hazırlamaq və ayın sonunadək sərhədlərin delimitasiya və demarkasiyası üzrə birgə komitənin yaradılmasına razılaşıblar.