Tacik əsilli Manija – Rusiyanın Eurovision 2021 təmsilçisi

Şəklin mənbəyi, Sergei Bobylev/TASS
- Müəllif, Amaliya Zatari
- Vəzifə, BBC
Bu il Eurovision-da Rusiyanı 29 yaşlı tacik əsilli müğənni Manija Sangin təmsil edəcək. Musiqi fəaliyyəti ilə yanaşı, BMT-nin təklifi ilə qaçqınların problemləri ilə də məşğul olur, qadınların hüquqları uğrunda fəal mübarizə aparır və LGBT icmasını dəstəkləyir.
Bu il Eurovision-da Rusiyanı 29 yaşlı tacik əsilli müğənni Manija Sangin təmsil edəcək. O, musiqi ilə yanaşı, BMT-nin təklifi ilə qaçqınların problemləri ilə də məşğul olur, qadınların hüquqları uğrunda fəal mübarizə aparır və LGBT icmasını dəstəkləyir.
Manija Rotterdam şəhərində keçəcək Eurovision müsabiqəsində Russian Women ("Rus qadını") adlı mahnını ifa edəcək. Rusiya iştirakçısının seçimi martın 8-də Rusiya televiziyasının Birinci kanalının canlı efirində baş tutub.
Müğənninin özünün dediyi kimi, onun mahnısı "Rusiyada qadının əhval-ruhiyyəsinin son bir neçə əsr ərzində necə dəyişməsindən bəhs edir".
TASS Manijanı iqtibas edir: Rusiyada qadın "kəndli daxmasından başlayıb seçib-seçilmək hüququnadək, fabrik sexlərindən kosmik uçuşlaradək uzanan heyrətamiz bir yol keçib. O, stereotiplərin əksinə olaraq, heç vaxt məsuliyyəti öz üzərinə götürməkdən çəkinməyib".
"Mənim üçün Eurovision müsabiqəsində iştirak etmək dünya ilə vacib məsələ haqqında danışmaq imkanı deməkdir. Mən tacikəm, amma Rusiya məni qəbul edib və boya-başa çatdırıb. Mən istərdim ki, dünya bizim ölkəmizi tanıdığım kimi görsün: səxavətli, açıq, parlaq, heç nəyə bənzəməyən kimi," - Manija deyib.

Şəklin mənbəyi, Instagram/Manizha
Tacikistandan olan müğənni
Manija Sangin 1991-ci ildə Tacikistanın paytaxtı Düşənbə şəhərində anadan olub. 1990-cı illərin ortalarında o, ailəsi ilə birlikdə Tacikistandakı vətəndaş müharibəsindən xilas olmaq üçün Moskvaya gəlib.
"Bu, böyük bir stress idi. Mən heç yerə getmək istəmirdim, qorxurdum. Və, görünür, beyin yaddaşdakı ağır xatirələri silir. Sanki gözlərini bağlayıb açırsan - və artıq Moskvadasan. Biz dördümüz mətbəx böcəyi ilə dolu bir otaqlı mənzildə yaşayırıq: ana, ata, mən və kiçik qardaşım. Sonra anam atamdan boşandı və qardaşının üç uşağına baxmaq üçün onları da bizə gətirdi," - Manija ötən il Meduza nəşrinə müsahibəsində bildirib.
Manija ziyalı və yaradıcı bir ailədə anadan olub. Onun babası məşhur tacik yazıçısı və jurnalist idi. Anası - geyim dizayneridir.
"Tacikistanda yaşayanda anam əsl ulduz idi. Onu gözəllik müsabiqəsinə dəvət edirdilər, onun çox gözəl səsi vardı, o oxuyurdu. Ancaq o, işləməli idi və heç bir müsabiqəyə getmədi, 16 yaşından dərzilik edib, dəbdəbəli paltar tikişi ilə məşğul olub. Onun yanına paltar tikdirmək üçün nazirlər və prezidentlərin arvadları gəlirdi. Onun yaxşı qazancı olurdu," - müğənni deyir.
"Ailəmizin çox güclü qadınları var. Mənim ulu nənəm Orta Asiyada pərəncəni atan ilk qadınlardan biri olub," - o deyib.
Manijanın sözlərinə görə, musiqiyə sevgini valideynləri ona uşaqlıqdan aşılayıb: "Onlar cavanlıqda moda ilə ayaqlaşıblar, özlərini hippilərə, John Lennon və Yoko Onoya oxşadıblar, musiqi vallarını yığıblar - Pink Floyd və Queen bizim üçün ikonaya çevrilmişdi".
Manija deyir ki, uşaqlıqda oxumağa başlamasında israr edən məhz nənəsi olub: "Mən beş yaşımdan oxumağa başlamışam." Nənəsi Tacikistanda ev kirayəyə verib, aldığı kirayə pulunu isə Moskvaya Manijanın musiqi dərslərinin ödənişi üçün göndərib.
Eurovision müsabiqəsinə seçim mərhələsində öz qələbəsini Manija nənəsinə həsr edib. Müğənninin nənəsi on il bundan əvvəl vəfat edib.

Şəklin mənbəyi, Instagram/Manizha
"Natamam slavyan"
Musiqi sənayesi Manijaya diqqət yetirəndə onun 15 yaşı var idi.
O zaman, 2000-ci illərin ortalarında musiqi prodüserləri hesab edirdilər ki, onun adı və xarici görünüşü səhnə karyerasına əngəl yarada bilər.
"Mənim zahiri görünüşümü dəyişdirməyə başladılar," - o xatırlayır.
Onun saçını daha açıq bir rəngə boyadılar, əyin-başını dəyişdilər və ona Ru.Kola təxəllüsü verdilər. Bu ona Rus Radiosu şirkətində təklif olundu, çünki onun gerçək adının "həddindən artıq müsəlman çalarlı" olduğu hesab olunmuşdu, Manija xatırlayır.
Qısa müddətdən sonra Manija Ru.Kola layihəsini tərk edib. 2010-cu illərin əvvəllərində Assai adlı hip-hop ifaçısının konsertlərində çıxış edib, sonra onunla birgə Sankt-Peterburq şəhərində albom yazdırıb. Daha sonra bir neçə il ərzində Londonda yaşayıb, amma sonda yenidən Moskvaya qayıdıb.
O öz yaradıcılığında milli kimliyi mövzusuna təkrar-təkrar müraciət edib. Belə ki, 2019-cu ilin sonunda Manija 1990-cı illər dövrünün miqrantlara aid stereotiplərə müraciət edərək "Natamam slavyan" adlı mahnıya bir klip çəkdirib.
"Həmin mahnıda "mən natamam slavyan, natamam tacikəm" misrası var. Mən dəqiq başa düşürəm ki, zahiri görünüşüm yaşadığım mühitə uyğun dəyişib. Məni yaxşı qəbul etsinlər deyə, rus dilində səlis danışmağı öyrəndim. Və buna nail olduğum müddətdə əvvəlki cizgilərim silinirdi. Müəyyən bir məqamda anladım ki, əvvəlki ləhcəm artıq qalmayıb, milli paltar geymirəm, çatma qaşlarımı alıram. Çünki tacik olmağım bilinsəydi, mənə münasibət də dərhal dəyişərdi. Özümə xas olan təbii cizgilərimi belə səylə silməyə çalışdığıma görə çox təəssüfləndim".
"İndi isə əks prosesə başlamışam. Mən konsertlərdə qaşımın çatma hissəsini çəkirəm, milli geyimlərdən istifadə edirəm," -Manija ötən ilin sonunda Kommersant qəzetinə müsahibəsində bildirib.
Qaçqınlarla iş
1993-cü ildə Tacikistandan Moskvaya gəlmiş Manijanın ailəsi burada miqrantların üzləşdiyi problemləri öz təcrübəsində sınayıb.
Manijanın sözlərinə görə, Rusiyada ailəsinin ilk dövrlərdə nə vətəndaşlığı, nə də qaçqın statusu olub. Anası onu uşaq bağçasına vermək, məktəbdə oxutmaq üçün rüşvət verməli olub.
Uşaq bağçasında və məktəbdə, gələcək müğənni daim digər uşaqlar tərəfindən məişət irqçiliyi ilə qarşılaşıb, onu "qara" deyərək çağırıblar.
Manizhanın sözlərinə görə, indinin özündə də miqrantların uşaqları 1990-cı illərdə olduğu kimi eyni problemlərlə üzləşməkdə davam edirlər.
"Bu qədər vaxt keçib, heç nə dəyişməyib," - Manija 2020-ci ilin dekabrında deyib.
Onun ailəsi artıq neçə ildir qaçqınların problemləri ilə məşğul olur: "Bizim özümüzün böyük miqrasiya təcrübəmiz var - Tacikistanda müharibə baş verəndə həm daxili qaçqın, həm də mühacir həyatını yaşadıq. Həmin təcrübə bizə ev-eşiyindən məhrum olmuş insanların nə kimi çətinliklərlə üzləşdiyini daha yaxşı anlamağa imkan verib".
Manija sosial layihələrlə məşğul olub, sponsorlar axtarır, brendlərlə işləməyə çalışıb. "Anam tez-tez tacik ailələrinə kömək edir, ona zəng edirlər, kömək istəyirlər.
Biz UNHCR-in (Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı - red.) Rusiyadakı nümayəndəliyi ilə əlaqə saxladıq, ümumi vəziyyəti soruşduq. Dedilər ki, böyük sayda qaçqının hətta yeməyə belə heç nəyi yoxdur. Biz isə bu və ya digər ailələrə kömək etmək yollarını axtarırdıq,"- müğənni pandemiya dövründə qaçqınların üzləşdiyi problemlərdən danışaraq deyib.
Təxminən il yarım bundan əvvəl Manijayla ilə qaçqın və miqrantların uşaqları ilə işləyən "Eyni uşaqlar" adlı inteqrasiya mərkəzi əlaqə saxlayıb. Həmin mərkəz bu uşaqları məktəbə düzəltməyə və rus dilini öyrənməyə kömək edir. Manija mərkəz üçün uşaqların fotoşəkilləri əsasında bir foto layihəsini hazırlayıb.
Bundan az sonra BMT-nin Qaçqınlar üzrə Agentliyi müğənni ilə əlaqə yaradıb. BMT ilə qaçqınlarla bağlı bir il müdətində işlədikdən sonra, Manija təşkilatdan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Rusiya üzrə xoşməramlı səfiri olmaq təklifini alıb və bu təklifə öz razılığını verib.
"Mən qadın və uşaqlara qarşı zorakılıq mövzusuna həsr olunmuş müxtəlif forumlarda iştirak etmişəm, Agentliyin Rusiya ərazisində aksiya və kampaniyalarını dəstəkləmişəm. Moskvada əfqan qaçqınlarına baş çəkirdim, onlarla, onların qızları ilə ünsiyyətdə olurdum. Ümumiyyətlə, BMT-nin bu təklifi, nəhayət, mənim üçün elə bir format imkanı açıb ki, mən öz işimlə çətin vəziyyətə düşən real insanlara yardım edə bilərəm. Axı, artistlərin sosial fəaliyyəti tez-tez şübhə ilə qarşılanır. Amma sən bunu BMT ilə birlikdə edəndə artıq başqa münasibət olur," - Manija deyir.

Şəklin mənbəyi, Instagram/Manizha
Ailə zorakılığı ilə mübarizə
"Qızlara və qadınlara kömək etmək mənim üçün daha vacib işdir. İnstagram-da tacik, özbək, qırğız qızlarından çox sayda şəxsi mesajlar alıram. Kişilərin törətdiyi zorakılıq və ümidsizliklərindən yazırlar. Məsələn: "Atam bizi hər zaman döyür, anam bu vəziyyətdən çıxmaq istəmir, çünki ona deyirlər: qızlarını ərə verənədək döz, səbr et və ailənizdə hər şeyin yaxşı olduğunu göstər". Mən onları müvafiq fondlara yönləndirəcəyəm," - müğənni Kommersant nəşrinə bildirib.
Manija həm öz yaradıcılığı vasitəsilə, həm də Instagram səhifəsində məişət zorakılığı probleminə toxunur. 2019-cu ilin əvvəlində o, ailədaxili zorakılığa qarşı mübarizədən bəhs edən "Ana" mahnısına bir klip çəkdirib. Videonun yayımlandığı gün, Manija zorakılıq faktlarını bildirmək və kömək almaq üçün ən yaxın böhran mərkəzi ilə əlaqə yarada bilən Silsila tətbiqinin işə düşdüyünü də elan edib.
Ailəsi həmin tətbiqə öz pulunu yatırıb. Müğənni yatırılan pulun məbləğini açıqlamayıb, lakin Forbes nəşrinə görə, bu layihəyə Manijanın ailəsi 7 milyon rubl pul xərcləyib.
2019-cu ilin yayında Manija öz Instagram səhifəsində atalarını öldürməkdə günahlandırılan Xaçaturyan bacılarına dəstəyini bildirib.
Manija cəmiyyətdə təlqin edilən gözəllik standartlarına qarşı açıq şəkildə etirazını bildirib və 2017-ci ildə Instagram-da bu mövzuda fləşmob təşkil edib.
"Sənaye mükəmməl bir dəri, mükəmməl bir təbəssüm, mükəmməl bir çəki tələb edir ... Mən isə mənəm və dərimi, qırışlarımı, selülitimi də xoşlayıram," - Manija yazıb.
Manija dəfələrlə çıxışlarında LGBT icmasını dəstəkləyib. 2019-cu ilin yayında LGBT icmasına dəstək verərək "Açıq olanlar" nəşrinin layihəsində çəkilib. Keçən ilin payızında Sankt-Peterburqdakı "Queerfest" festivalının xüsusi qonağı olub. Instagram-da LGBT icmasını dəstəkləyəndən sonra bir neçə min nəfər izləyicisi abunəçilikdən çıxıb, Manija etiraf edir.
"Hər şeyi olduğu kimi söyləyəndə, sənin auditoriyan əmələ gəlir. Bu, sənindir, çünki sən - sənsən. Bəli, onlar nəyisə qəbul etmirlər. Və LGBT layihəsindən sonra, məişət zorakılığı barədə layihədən sonra da çox sayda qəribə, bəzən aqressiv şərhlər oldu. Ancaq yalan danışmaqdansa, belə daha yaxşıdır. Belə daha asandır," - Manija izah edib.






