Azərbaycanı Eurovision-2020 müsabiqəsində təmsil edəcək Samirə Əfəndi kimdir?

Şəklin mənbəyi, Ictimai TV/eurovision.tv
Azərbaycanı "Eurovision 2020" beynəlxalq mahnı müsabiqəsində Samira Efendi təmsil edəcək, onun namizədliyini İctimai Televiziya və Radio Yayımları şirkəti təsdiqləyib.
Azərbaycanı Rotterdamda təmsil etmək üçün beş namizəd mübarizə aparıb: Samira Efendi , Ləman Dadaşeva, Elvin Novruzov, Cəbrayıl Rəsulov və Riad Abdulov.
"Eurovision-2020" mahnı müsabiqəsinin finalı mayın 16-a təyin olunub. Samirə mayın 12-də Birinci Yarımfinalın ikinci yarısında çıxış edəcək.
Azərbaycan təmsilçisinin beynəlxalq auditoriya qarşısında hansı mahnı ilə çıxış edəcəyi barədə məlumat verilmir.
Güman edilir ki, onun ifa edəcəyi mahnı mart ayının əvvəlində bəlli olacaq.
28 yaşlı Samirə Əfəndiyeva Yeni ulduz, Böyük Səhnə (3-cü yer) və Azərbaycanın Səsi (3-cü yer) kimi populyar musiqi proqramlarında yarışıb.
O, 2017-ci ildə Almatıda "Silk Way Star" (3-cü yer) Beynəlxalq vokal televiziya layihəsinə, 2019-cu ildə isə Qazaxıstan Respublikasında keçirilən "Voice of Nur-Sultan" Beynəlxalq festivalına qatılıb.




