Türkiyə qaçqınlara "qapıları açdığını" bildirir

Şəklin mənbəyi, Getty Images
Suriyanın İdlib əyalətində baş verən qarşıdurmaya ilk dəfə münasibət bildirən Türkiyə prezidenti Avropaya üz tutmaq istəyən miqrantlara mane olmayacağını deyib.
İstanbulda çıxış edən prezident Recep Tayyip Erdoğan deyib ki, artıq qaçqın qəbul edə bilməyən ölkəsi onların üzünə qapıları açıq saxlayacaq.
"Aylar əvvəl nə dedik? Əgər bu belədirsə, qapıları açmalı olacağıq. Narahat oldular. Dediklərimizə inanmadılar. Dünən nə etdik? Qapıları açdıq. Dünən qapıları (mühacirləri) zorla açıb keçənlərin sayı 18 min idi. Bu gün onların sayı 25 minə çatır. Bundan sonra qapıları bağlamayacağıq, bu davam edəcək."
İnformasiya agentliklərinə əsasən, Yunanıstan və Bolqarıstan sərhədlərində Avropaya yollanmaq istəyən miqrantların sayı artmaqdadır.
İdlibdə aparılan döyüşlər dekabr ayından etibarən təxminən bir milyon suriyalını evindən didərgin salıb.
İdlibdə hücumlar
Rusiyanın dəstəklədiyi Suriya qüvvələri İdlibi türk əsgərləri tərəfindən dəstəklənən qiyamçılardan geri almağa çalışır. Fevralın 27-də İdlibdə baş verən hücumlar nəticəsində 33 türk əsgəri həlak olub. Şənbə günü Türkiyə hərbiyyəsi ölənlərin sayının 34-ə çatdığını bildirib.
Suriya hakimiyyəti bu günə qədər müxaliflərin yeganə istinadgahı olan İdlibdə baş vermiş son eskalasiya ilə bağlı heç bir açıqlama verməyib.
"Cavab zərbələr"
Türkiyə qüvvələri İdlib bölgəsində yerləşən hədəflərə zərbələr endirir, türkiyə rəsmiləri bildirib. Cümə günü Türkiyə hərbiyyəsi 200-dən artıq hökumət hədəfinə "cavab atəşi" açdığını və onun nəticəsində 309 əsgərin "neytrallaşdırıldığını" bildirir.
"Ölənlərin çoxu İdlib əyalətində olub. Hücum Suriyanın döyüş təyyarələri tərəfindən Balyun bölgəsində həyata keçirilib," - Türkiyənin Suriya ilə sərhədində yerləşən Hatay əyalətinin rəhbəri Rəhmi Doğan bildirib.
Türkiyə Prezidentinin mətbuat xidmətinin rəhbəri Fahrettin Altun İdlibdəki hücuma cavab olaraq, türk qoşunlarının həm hava, həm də quru qüvvələrinin Suriya rejiminin bütün məlum hədəflərinə "cavab atəşi" açdığını bildirib.

Şəklin mənbəyi, AFP
Türkiyə lideri indi Suriya hökumətinin öz qüvvələrinin Türkiyənin hərbi müşahidəsi altında olan ərazilərdən geri çəkməsini istəyir, bir qədər öncə isə qüvvələrin geri çəkilməyəcəyi təqdirdə onları hücumla hədələmişdi.
Lakin Suriya və Rusiya onun 2018-ci ildə bəlirlənmiş atəşkəs xəttinə geri çəkilmə tələbini rədd etmişdi. Rusiya, həmçinin Türkiyəni 2018-ci ildə üsyançıları artilleriya atəşi ilə dəstəkləməklə atəşkəs rejimini pozmaqda da ittiham edib.
İngiltərədə fəaliyyət göstərən Suriya İnsan Haqları Müşahidəsi təşkilatı cümə axşamı günü axşamkı hava hücumunda ən az 34 türk əsgərinin öldüyünü söyləyib.
Yaralılar müalicə üçün Türkiyəyə qaytarılıb, cənab Doğan bildirib.

Rusiya istisna olmaqla, gərginliyi azaldacaq başqa bir oyunçu yoxdur
Jonathan Marcus, BBC-nin diplomatik müxbiri
Suriyanın İdlib əyalətindəki humanitar böhran, onu artıq humanitar fəlakət də adlandırmaq olar, tezliklə geosiyasi böhrana çevrilə bilər.
Suriyadakı münaqişənin iki əsas tərkibi var. Bu, bir tərəfdən vətəndaş qarşıdurmasıdır. Digər tərəfdən bu, öz maraqlarını güdən müxtəlif xarici qüvvələrin cəlb olunduğu müqəvvalar müharibəsidir.
İdlib Suriyada üsyançıların nəzarətində olan yeganə əyalətdir.
Belə görünür ki, 2017-ci ildə Rusiya, Türkiyə və İran atəşkəsə ehtiyac olduğunu və əmin-amanlıq naminə bütün tərəfləri bir araya gətirməyin zəruriliyini anladılar.
Bu, sülhə nail olmaq naminə atılan səmimi addım, yoxsa vaxt qazanmaq üçün hilgəyər bir fənd idi?
Demək çətindir. Lakin Rusiya aviasiyasının dəstəyi ilə Suriya hökumət qüvvələrinin İdlibdəki üsyançı mövqelərinə qarşı yeni hücumlar, razılığa gəlmək ümidinin üzərindən xətt çəkmiş olur.
İdlibdəki vəziyyət Erdoğan-ın xarici siyasətinin həddini, onun Washington və Moskva ilə əlaqədə tarazlıq tapa bilmədiyinin nəticələrini sərgiləyir.
Erdoğanın Moskvaya təsir etməsi mümkündür, çünki Rusiya Türkiyəni yenidən Washingtona doğru itələmək istəməzdi.
Ancaq belə görünür, Rusiya istisna olmaqla, indi gərginliyi azaltmağa kömək edə biləcək başqa bir xarici oyunçu mövcud deyil.
Bu, Trump administrasiyasının Yaxın Şərqdəki uğursuzluğunun dəyəridir.

Türkiyə sərhədləri niyə açır?
Reuters xəbər agentliyi cümə axşamı günü bir yüksək rütbəli türk rəsmisinə istinadən, Türkiyənin sərhədləri açaraq suriyalı qaçqınların Avropaya getməsinə mane olmamaq qərarı aldığını bildirib. Həmin yüksək rütbəli şəxsin Sahil Mühafizə Xidmətinə və sərhəd polisinə qaçqınlara mane olmamaq əmri verildiyini də bildirib. Ancaq bu məlumat rəsmi olaraq təsdiqlənməyib.
Cümə günü Türkiyə sərhədində Yunanıstana keçmək ümidi ilə toplaşan bir neçə yüz insandan ibarət qrup müşahidə olunub.

Şəklin mənbəyi, Reuters
2016-cı ildə Türkiyə ilə Aİ arasında əldə olunmuş razılaşmaya görə, Ankara Avropaya üz tutan qaçqın və qanunsuz miqrant axınının qarşısını almaq üçün sərhədlərində nəzarəti gücləndirməlidir. Aİ, qaçqın və miqrantları öz ərazisində yerləşdirmək müqabilində Türkiyəyə 6 milyard avro həcmində yardım vəd etdi.
Brüssel, həmçinin Türkiyənin Aİ üzvlüyü ilə bağlı danışıqları sürətləndirəcəyini və Türkiyə üçün viza rejiminin yumşaldılacağını vəd etdi. Lakin daha sonra Aİ, vizaların liberallaşdırılması üçün şərtlərin yerinə yetirilmədiyini əsas gətirərək, əvvəlki qaydaları dəyişməz saxladı.
3,7 milyon yaxın suriyalı qaçqını öz ərazisində yerləşdirən Türkiyə daha çox miqrant qəbul etmək iqtidarında olmadığını bildirir.
Ötən il Almaniyanın Die Welt nəşri 2019-cu ildə Türkiyə üzərindən Aİ-yə gələn qanunsuz miqrantların sayının əhəmiyyətli dərəcədə artdığını bildirib. Nəşrə əsasən, Yunanıstan sahil mühafizəsi, Türkiyə hakimiyyətini miqrant gəmilərini dayandırmamaqda günahlandırır.

Türkiyə - NATO görüşü
Suriya hökumətinin "bütün bəlli önəmli hədəfləri" Türkiyə hava və quru qüvvələri tərəfindən atəş altına alınıb. Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti Fahrettin Altun "Anadolu" xəbər agentliyinə bildirirb.
NATO üzvü olan Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlunun qurumun Baş katibi Jens Stoltenberg ilə görüşdüyü bildirilir.
Bundan əvvəl Türkiyənin Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömer Çelik CNN Türk-ə verdiyi açıqlamada "Türkiyənin NATO-nu məlumatlandıracağını bildirib".
"NATO-nu müşavirələrə dəvət edirik. Bunu qatil rejimin beynəlxalq birliyə qarşı etdiyi bir hücum kimi qəbul edirik. Ümumi bir reaksiya verilməsini gözləyirik. Bununla bağlı işlər görürük. Sabah NATO ilə müşavirə prosesləri başlayır. Bundan sonra konkret dəstək gözləyirik," - cənab Çelik deyib.
Son toqquşmalar Türkiyənin dəstəklədiyi üsyançıların strateji Saraqeb şəhərini cümə axşamı günü Suriya hökumət qüvvələrindən geri aldıqlarını söylədikdən sonra meydana gəlib.
Beynəlxalq reaksiya nədir?
İdlibdə aparılan döyüşlər dekabr ayından etibarən təxminən bir milyon suriyalını evindən didərgin salıb.
Birləşmiş Millətlər Təşkilatı (BMT) Suriyada genişmiqyaslı döyüşlərin bölgədə "qan gölü" yaradacağını bildirib.
Rusiya BMT Təhlükəsizlik Şurasında Suriyanın şimalında atəşkəs çağırışlarını rədd edib.
ABŞ senatoru Lindsey Graham "İdlibi uçuşa qadağan olunan bölgə" etmək çağırışı edib.
Graham ABŞ Prezidenti Donald Trumpdan mülkilərin Suriya hökumətinə bağlı qüvvələr tərəfindən öldürülməsinə son qoyulması üçün kömək etməsini tələb edib.
ABŞ senatoru yazılı açıqlamasında dünyanın "İdlibin Əsəd, İran və Rusiya tərəfindən yox edilməsini izlədiyini" bildirib və ABŞ rəhbərliyi ilə İran, Rusiya və Əsədə qarşı birləşməsini və Suriyadakı müharibənin bitməsi üçün siyasi müzakirələrin başladılmasını təklif edib.









